Erməni vəhşiliyinin hər yerdə izləri var

Azərbaycan da arxivləri aça bilər
Ölkənin tanınmış tarixçiləri məsələylə bağlı maraqlı məqamlara toxunublar


Türkiyə hökuməti qondarma erməni soyqırım yalanını ifşa etmək məqsədi ilə Silahlı Qüvvələrin 1915-ci ilə aid hərbi arxivlərini açıb. Özü də bunu ermənilərin arxivlərini açmasını gözləmədən birtərəfli qaydada edib. Açılan mühüm sənədlərdən bir daha aydın olub ki, I Dünya müharibəsi
zamanı ermənilər Osmanlı imperiyasında bir yerdən başqa yerə köçürülərkən onların təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib. Yəni arxiv materialları erməni iddialarının əsassız olduğunu təsdiqləyib.

Əksinə sənədlərdə 1915-ci ildə Anadoluda dinc əhalini qətlə yetirən erməni quldur dəstələri haqqında çoxsaylı faktlar ortaya çıxıb. Türkiyədə ermənilərlə bağlı arxivlərin gün üzünə çıxarılması Azərbaycan ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb. Tarixi hadisədən sonra bir sıra alimlərimiz həm qardaş ölkəyə dəstək xarakterli, həm də ümumilikdə erməni yalanlarını ifşa etmək məqsədi ilə Rusiyanın dövlət arxivlərində təhqiqat aparmağa yollanıblar. Amma bəzi tarixçilər iddia ediblər ki, Azərbaycan arxivlərində də ermənilərin Anadoluda və Qafqazda törətdikləri soyqırımla bağlı ictimaiyyətə bəlli olmayan mühüm sənədlər var və onlar mütləq açılmalıdır. Görəsən, söylənildiyi kimi arxivlərimizdə erməni məsələsi ilə bağlı açılması zəruri olan sənədlər varmı? Əgər varsa, niyə onlar indiyə kimi gizli saxlanılır? İddialara münasibət bildirən ölkənin tanınmış tarixçiləri məsələylə bağlı maraqlı məqamlara toxunublar. Amma tarixçilərin gizli arxivlərlə bağlı fikirləri birmənalı olmayıb.

Tarixçi-alim, millət vəkili Fəzail İbrahimli deyib ki, əslində bu məsələ ilə bağlı Azərbaycanda elə də ciddi arxiv sənədi yoxdur. Sadəcə bir sıra dövlət qurumlarının müvafiq materialları var. Onların da əksəriyyəti ictimaiyyətə bəllidir: "Əvvəla onu deyim ki, arxivlərin açılması prosesi hər zaman hay-küylü olur. Türkiyə tərəfi tam əmindir ki, onların ərazisində heç bir erməni "soyqırım”ı olmayıb. Ona görə də tərəddüd etmədən arxiv sənədlərini ortaya çıxarır. Əgər ermənilər və dünya ictimaiyyəti həqiqəti bilmək istəyirsə, buyurub gəlsinlər və real tarixi faktları öz gözləri ilə görsünlər. Bu, qərəzli dünyaya, erməni təəssübkeşlərinə və ermənilərin özlərinə bir mesajdır”.

Tarixçi bildirib ki, Azərbaycan arxivləri müstəqillik dövründən sonra açılmağa başlanılıb: "Vaxtı ilə gizli qriflərlə saxlanılmış arxivlərin demək olar ki, hamısı vətəndaşlarımızın üzünə açıqdır. Şəxsən mən arxivə mütəmadi gedən tarixçi kimi deyə bilərəm ki, orada hər hansı məxfi sənədlə bağlı maneçilik görməmişəm. Hansı sənədi sifariş vermişəmsə, gətiriblər. Məlumdur ki, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində hüquqşünas Xasməmmədovun rəhbərliyi altında yaradılan Fövqəladə Təhqiqat Komissiyası Qubada, Bakıda, Şamaxıda və digər yerlərdə ermənilərin törətdikləri soyqırımın nəticələrini faktlarla üzə çıxardıb. Hətta o sənədləri Versal sülh müqaviləsində iştirak edən nümayəndə heyətimiz ABŞ Prezidenti V.Vilsonla söhbətində də gündəmə gətirib. Ancaq təəssüflər olsun ki, onların mövcud sənədlər əsasında beynəlxalq məhkəməyə müraciət etməyə zamanları çatmadı. Bütün bu sənədlər gizli deyil, bir neçə dəfə çap olunub və oxucuların istifadəsinə verilib. Yəni ermənilərin törətdiyi vəhşilik çoxsaylı faktlarla sübut olunub. Təbii ki, sovet dövründə bu sənədlər bilərək gizlədilirdi”. F.İbrahimlinin sözlərinə görə, ermənilərin türk xalqına qarşı həyata keçirdiyi soyqırımı ortaya çıxartmaq üçün sənədlərə ehtiyac yoxdur: "Lap sənədləri bir kənara qoyaq, Quba məzarlığı, digər kütləvi məzarlıqlar türklərə qarşı edilən soyqırımın açıq təzahürü və isbatıdır. Ancaq burda tarixi həqiqətləri axtarmaqdan söhbət getmir. Bu, bir siyasətdir. Qondarma soyqırımla bağlı atılan bütün addımlar ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edir. Matəm üzərində öz saxta tarixlərini qurmuş ermənilər uydurma soyqırım mərasimlərindən kifayət qədər yararlanırlar”.

Tarixçi-alim Məhərrəm Zülfüqarlı isə Azərbaycandakı arxivlərin tam açıldığı fikri ilə razılaşmayıb: "Mən tarixçiyəm, amma bir sıra arxivlərə girə bilmirəm, çünki bizi buraxmırlar. Gizli saxlanılan arxivlər bizim üzümüzə açılmalıdır ki, həqiqətləri ortaya çıxaraq və dünya ictimaiyyətini həmin sənədlərlə tanış edək”.

Tarixçi bəyan edib ki, müəyyən məsələlərə görə, bir sıra arxivlərin açılması məsləhət görülmür: "Məsələn, 1930-cu illərin, xüsusən repressiya dövrünün arxivlərini gizli saxlayırlar. Xatırlayırsızsa, müstəqilliyin ilk illərində sovet dövrünün arxivləri açılırdı. Amma arzuolunmaz hadisələr müşahidə olunmağa başladı. Belə ki, bir sıra bölgələrdə hansısa məşhur şəxslərin nəvə-nəticələri üz-üzə gəldi. Biri o birinə dedi ki, sənin baban məni NKVD-yə satıb və s. Yəqin ki, bu məsələlərə görə arxivdə maneələr var. Amma fikrimcə, soyqırımla bağlı maneçilik yaradılmamalıdır”.

M.Zülfüqarlı deyib ki, qondarma soyqırımın saxta olması, bunun əksinə ermənilərin törətdiyi vəhşiliklərlə bağlı kifayət qədər materiallar var: "Amma məsələ burasındadır ki, Ermənistan nə Türkiyənin, nə də Azərbaycanın ortaya qoyduğu arxiv sənədlərini qəbul etmir və bunların birtərəfli olduğunu iddia edir.

Ancaq Rusiya arxivlərində ermənilərin türklərə qarşı həyata keçirdiyi həqiqi soyqırım haqqında külli miqdarda sənədlər var. Həmin sənədlərdə ermənilərə yardım edən qruplaşmaların adı, rusların onlara verdiyi silah-sursatın miqdarı və s. haqqında ətraflı məlumatlar öz əksini tapıb. Məsələ burasındadır ki, Rusiya da ermənilərlə bağlı həqiqətin üstünün açılmasını istəmir. Çünki Kreml, o cümlədən bir sıra Avropa ölkələri erməni "soyqırımından” öz məqsədləri üçün istifadə edirlər. Ermənistan da haqsız olduğunu bildiyi üçün arxivlərin açılması məsələsinə yaxın durmur. Hətta çox güman ki, Ermənistan nə vaxtsa iddiasından əl çəksə belə, sahibləri onların "ağzından vuracaq”.

Tarixçi-alim, professor Dilavər Əzimli də Rusiya arxivlərinin açılmasını daha məqbul sayıb: "Erməni vəhşilikləri ilə bağlı bizim arxivlərdə sənədlər var. Amma o sənədlərin çoxu artıq işlənib və işlənməkdə davam edir. Hesab edirəm ki, biz daha çox üstünlüyü Rusiya arxivlərinə verməliyik. Orada olan sənədlər həddindən artıq çoxdur və əhəmiyyətlidir. Çünki Türkiyə dövləti arxiv sənədləri təqdim edəndə bunun birtərəfli olduğunu iddia edirlər. Amma o zaman Rusiya Osmanlı imperiyası ilə döyüşürdü, yəni, düşmən idi. Bu baxımdan Rusiya arxivlərindəki sənədlərin təqdim olunması daha ciddi qəbul olunar. Məlumdur ki, Rusiya birbaşa erməniləri dəstəkləyirdi. Moskvanın hərbi arxivində minlərlə sənədlər var. Bunların çoxu hesabatlardır. Əksəriyyətində də ermənilərin vəhşiliklərindən danışılır. Hətta faktlar qarşısında Rusiya məmurları da dəhşətə gəlirlər. Bu sənədlərin böyük əksəriyyəti AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən ölkəmizə gətirilib. Sadəcə olaraq, türkiyəli alimlər Azərbaycan alimləri ilə birgə bu sənədləri işləməlidirlər. Çünki Türkiyə alimləri rus dilini bilmirlər. Fikrimcə, bu üsul daha yaxşı effekt verə bilər”.

İsmayıl