Erməni yalanlarını ifşa etmək üçün media öndə olmalıdır
Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə etməliyik
Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasında jurnalistlərin beynəlxalq əlaqələrinin də özünəməxsus rolu var. Əməkdaşlıq çərçivəsində bir sıra ölkələrin media nümayəndələri Azərbaycana səfərlər edirlər. Eləcə də bizim jurnalistlər bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək, onların təcrübəsindən yararlanmağa çalışırlar. Təbii ki, bu səfərlər dövlətlər arasında münasibətlərdə də öz sözünü deyir.
İnformasiya müharibəsində qalib gəlmək yönündə dünyanın nüfuzlu media qurumlarına azərbaycanlı jurnalistlərin inteqrasiya olunması müasir dövrümüzdə savadlı diplomatların, iqtisadiyyatçıların yetişdirilməsi qədər lazımlı məsələlərdəndir.
Azərbaycan Respublikası tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox media layihələri həyata keçirilir, internet portallar yaradılır. Bu mənada, yerli KİV-in dünya mediası ilə əlaqələrinin genişləndirilməsi məqsədi ilə də ətraflı müzakirələrin aparılmasına ehtiyac var. Ən azından bu gün Azərbaycanımızı, dünyada yaşayan azərbaycanlıların məsələlərinin Avropa ölkələri mediasında işıqlandırılmasının bir növ zəmanətinə çevrilməlidirlər.
Qeyd edək ki, 90-cı illərin əvvəllərində beynəlxalq ictimaiyyət Qarabağda baş verənlər barədə demək olar ki, ancaq ermənilərin maraqlarına uyğun və əksər hallarda saxta informasiyalarla qidalanırdı. Bu səbəbdən də dünya ictimaiyyətində Azərbaycanın təcavüzkar, işğalçı, vandal obrazı yaranmışdı. Amma daha sonra vəziyyət nisbətən dəyişdi. Xüsusən də neft müqavilələrinin bağlanmasından sonra bu sahədə balanslaşma yarandı və indi Azərbaycanda internet resursları, təbliğat vasitələri artdığı üçün informasiya müharibəsindəki hesab da dəyişib.
Milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev də vurğulayıb ki, biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həm tarixi həqiqətləri, həm Azərbaycanın mövqeyini və ümumiyyətlə, indiki vəziyyəti daha geniş işıqlandırmalıyıq: "Dünya erməniliyi üçün bir nömrəli hədəf Azərbaycandır. Mən bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas düşmənimiz erməni lobbisidir. Mən bunu istənilən auditoriyada deyə və sübut edə bilərəm.
Ölkə başçısının sözlərinə görə, erməni lobbisi, bir neçə təşkilatda birləşmiş qurumlar Azərbaycanı qaralamaq, şər-böhtan atmaq və nüfuzdan salmaq üçün gecə-gündüz çalışırlar. Onların geniş maliyyə imkanları, əlaqələri var. Onlar yaşadıqları ölkələrin hakimiyyət orqanları ilə sıx bağlıdırlar, qanunvericilik orqanlarının nümayəndələri ilə işləyirlər, onlara pullar verirlər. Düzdür, bu, lobbiçilik adı ilə gizlədilir. Ancaq bu, əslində rüşvət deməkdir. Beləliklə, bizə qarşı təşkil edilmiş kampaniyada erməni lobbisi ön plandadır. Ancaq bunlarla birləşən digər kateqoriyadan olan qurumlar, insanlar bizə qarşı çox çirkin kampaniya aparırlar. Yəqin ki, gələcəkdə bu, davam edəcək. Biz buna hazır olmalıyıq və hazırıq.
Prezident İlham Əliyev qeyd edib ki, bu kampaniya Azərbaycanın daxili və xarici siyasətinə heç bir təsir etməyib və heç vaxt etməyəcək: "Ancaq ona da hazır olmalıyıq ki, biz bundan sonra da müxtəlif xarici mətbu orqanlarda Azərbaycanla bağlı təhqiramiz, yalan, böhtan əsasında yazılmış məqalələrlə üzləşəcəyik. Nə etməli? İlk növbədə, biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bu gün bu istiqamətdə fəal iş gedir. Həm dövlət orqanları, həm Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, həm də bizim mediamız bu sahədə böyük işlər görürlər. Mən hesab edirəm ki, gələcəkdə xarici dillərdə internet saytlarının sayı daha da çox olmalıdır. Bu gün bu saytlar var və biz onların sayını artırmalıyıq. Hesab edirəm ki, Azərbaycanın ən reytinqli internet saytlarının mütləq başqa dillərdə də variantları olmalıdır. Çünki biz ölkə daxilindəki problemləri, əlbəttə ki, aşkar edirik, görürük, həll etməyə çalışırıq. Ancaq biz Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıyıq. Bugünkü Azərbaycan necə inkişaf edir? Hansı nailiyyətləri var? Dünya xəzinəsinə hansı töhfələr verib? Bu istiqamətdə hələ görüləsi işlər çoxdur. Burada əlbəttə ki, dövlət dəstəyi də olmalıdır və olacaq. Xüsusilə internet məkanında daha da böyük işlər görülməlidir. Çünki getdikcə məlumatı internetdən əldə edənlərin sayı daha da artacaq. Biz erməni təbliğatını ifşa etməliyik. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, bizə qarşı olan hücumların arxasında nələr dayanır. Bu da çox sadə bir yanaşmadır. Erməni lobbisi nəyə görə bizə qarşı bu fəaliyyəti aparır? İlk növbədə, düşmənçiliyə görə. Biz onların əbədi düşmənləriyik. Bunu heç kim heç vaxt yaddan çıxarmasın”.
Prezident İlham Əliyev bildirib ki, xarici media resursları ilə daha sıx əlaqələr qurulmalıdır: "Bilirəm ki, indi xarici jurnalistlər Azərbaycana vaxtaşırı səfərlər edirlər. Həmçinin erməni təbliğatı nəticəsində Azərbaycan haqqında formalaşmış qeyri-adekvat rəy də onlar ölkəmizə gələndən sonra tamamilə aradan götürülür. Ona görə, həm xarici media nümayəndələrini Azərbaycana dəvət etmək, Azərbaycan jurnalistlərinin xaricə səfərlərini təşkil etmək vacibdir. Qərbin aparıcı media qurumları ilə əməkdaşlıq formatı yaradılmalıdır, məsləhətləşmə, yaxud da ki, sadəcə olaraq informasiya mübadiləsi aparılmalıdır. Biz bu yolla, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün xarici media məkanına daha çox çıxış əldə edə bilərik. Əlbəttə, bu açıq, yəni, ədalətli mübarizədə bizim arqumentlərimizə qarşı erməni tərəfi heç bir arqument qoya bilməz. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Nəinki Dağlıq Qarabağ, bugünkü Ermənistan əzəli Azərbaycan torpağıdır. Bunu siz bəlkə də hamıdan yaxşı bilirsiniz. Bugünkü Ermənistanın ərazisində yerləşən şəhərlərin, kəndlərin mütləq əksəriyyətinin adları Azərbaycan mənşəlidir və Azərbaycan xalqı o torpaqlarda əsrlər boyu yaşayıb”.
"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev də hesab edir ki, cənab prezidentin medianın dövlətçilik qarşısında duran vəzifələri çox aydın və dəqiq şəkildə ifadə etməsi kifayət qədər təqdirəlayiq haldır: "Bu, mediamızın bundan sonrakı dövr ərzində istənilən sahədə fəaliyyət göstərmək perspektivini özündə ehtiva edir. Şübhəsiz ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Qarabağ münaqişəsinin əsas mahiyyətini dünyaya təlqin etməklə erməni yalanlarının ifşa edilməsi bu gün dövlət qarşısında dayanan vacib məsələlərdən biridir. Hər iki istiqamətdə müvafiq tədbirlərin həyata keçirilməsi üçün də Azərbaycanın diplomatiyası, qeyri-hökumət təşkilatları, dövlət orqanları ilə yanaşı, Azərbaycan jurnalistikasının üzərinə də böyük məsuliyyət düşür. Əslində, erməni yalanlarının ifşa edilməsi istiqamətində mediamızın apardığı mübarizənin çox böyük əhəmiyyəti var. Cənab prezidentin də vurğuladığı kimi, erməni yalanlarına qarşı mübarizə Azərbaycan mediasının gücünü göstərən əsas amillərdən biridir. Sözün açığı, bu sahədə bir sıra nailiyyətlər də əldə etmişik. Hətta elə bunun nəticəsidir ki, bir sıra beynəlxalq təşkilatlar Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq hüquq normalarına uyğun qərar və qətnamələr qəbul edib.
Elə bu yaxınlarda Avropa İnsan Haqları Məhkəməsi tərəfindən "Çıraqovların işi” ilə bağlı qətnamədə Azərbaycanın ərazi bütövlüyünün tanınması və işğal olunmuş torpaqların azad edilməsinin zəruriliyi məsələsinin vurğulanması məhz Azərbaycan mediasının erməni yalanlarının ifşası və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərin bariz nümunəsidir. Təbii ki, biz bununla kifayətlənməməliyik. Mediamız bu istiqamətdəki fəaliyyətini daha da genişləndirməlidir. Hansı ki, perspektivləri də cənab prezident öz açıqlamasında bəyan edib. Bunun üçün xarici auditoriyaya ünvanlanan təbliğat işləri güclənməli, dünyanın aparıcı dillərin informasiya fəaliyyəti genişləndirilməli və bununla da erməni yalanlarının ifşa olunmasında yeni bir mərhələyə başlamalıyıq.
2003-cü ildə ölkə başçısı diplomatik korpusu qəbul edən zaman "hücum diplomatiyası” xəttini elan eləmişdi. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə keçirdiyi görüşdə dediyi bu fikirlərlə bir növ mətbuatımızın erməni yalanları üzərinə hücum xəttini elan eləmiş oldu. Bu xətti daha da gücləndirməyi mətbuatımızın qarşısında mühüm bir vəzifə olaraq qoydu. İnanıram ki, mediamızın erməni yalanları üzərinə hücum mərhələsinin nəticəsi böyük olacaq”.
İnformasiya müharibəsində Azərbaycan mediasının hər zaman öndə olduğunu vurğulayan A.Quliyevin sözlərinə görə, günü sabah Dağlıq Qarabağda yeni müharibə ocağı alovlanacağı halda da Azərbaycan mediası ermənizmə qarşı mübarizəyə hazırdır: "Azərbaycan jurnalistikasının bir çox istiqamətlərdə böyük təcrübəsi var. O cümlədən də, hərbi vəziyyətlə bağlı jurnalistlərin fəaliyyət istiqamətində müəyyən təcrübələr var. Hələ ötən ilin yay aylarında prezidentin imzaladığı sərəncamla mediamızın fövqəladə hallar üçün hazırlanması istiqamətində qarşıya müəyyən vəzifələr qoyulub. Müharibə başlayacağı təqdirdə Azərbaycan mediası dövlətin siyasətini lazımi səviyyədə müdafiə edəcək. Bunun üçün kifayət qədər kadr və texniki potensialımız var”.
Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz də hesab edir ki, Azərbaycanda son 2-3 ildə bu sahədə gözlə görünən addımlar atılıb. Onun sözlərinə görə, internetin binası qoyulan gündən virtual dünyada Azərbaycana qarşı savaş açan ermənilərin mövqeləri son illərdə əhəmiyyətli dərəcədə susdurulub: "Xarici ölkələrə gedib-gələnlər bildirirlər ki, artıq erməni yalanları dünyada qəbul olunmur. Çünki ölkədə əhəmiyyətli sayıla biləcək sayda yeni informasiya resursları yaradılıb. Dövlət bu işə vəsait ayırır”. O.Gündüz hesab edir ki, bu iş proqram xarakterli olmalıdır. Layihə yox, sistemli şəkildə işlər görülməlidir ki, dünyada Azərbaycan mətbuatının sözü keçsin.
Davamı var...
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb