Elman Məmmədov: “Biz girov soydaşlarımızın azad edilməsi üçün gərək ermənilərlə öz üsulları ilə rəftar edək”
Ermənilər Kəlbəcər girovlarına işgəncələr verir
Onların “dəyərli” bir insanını əsir götürək, sonra bizə yalvarsınlar ki, onu qaytarın, biz də girovları azad edək”
Elman Məmmədov: “Biz girov soydaşlarımızın azad edilməsi üçün gərək ermənilərlə öz üsulları ilə rəftar edək”
Elman Məmmədov: “Biz girov soydaşlarımızın azad edilməsi üçün gərək ermənilərlə öz üsulları ilə rəftar edək”
Cəbhədəki son hadisələrdən sonra Kəlbəcər girovlarından xəbər tuta bilməyən ailələri onların vəziyyətindən narahatdır. Şahbaz Quliyevin əmisi oğlu Natiq Quliyev AzVision.az-a açıqlamasında girovlara düşmən tərəfindən işgəncə verildiyini bildirib.
"Cəbhədə darmadağın olan düşmən heyfini girovlardan çıxır. Şahbazdan xəbər tuta bilmirik. Onun məktubu neçə vaxtdır ailəsinə verilmir. Çox güman ki, onların vəziyyəti yaxşı deyil. Əminəm ki, düşmən girovlara işgəncə verir. Onların sonuncu görüntülərində vəziyyətlərinin pis olduğunu gördük. Hamımız narahatıq. Şahbazın sağ olub-olmadığını bilmək istəyirik”,- deyə Natiq Quliyev vurğulayıb.
Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov da atasından xəbər ala bilmədiyini deyib: "Beynəlxalq Qızıl Xaç Komitəsi bir neçə gün əvvəl atamgilə baş çəkib. Komitədən mənə bildirdilər ki, cəbhədə vəziyyət gərgindir. Ona görə də hər iki tərəfdən məktub almaq mümkün olmayıb. Atamın vəziyyətinin yaxşı olduğunu dedilər. Biz buna inanmırıq. Ermənilər onlara işgəncə verməyiblərsə, canlı görüntülərini yaysınlar”.
Qeyd edək ki, bu ilin fevral ayında Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov girovların ailələri ilə skayp vasitəsilə əlaqə saxlaya biləcəklərini söyləmişdi. Komitə sədri bildirmişdi ki, Cenevrədə səfərdə olarkən girovlar məsələsini Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti ilə müzakirə edib. BQXK prezidenti də girovlar məsələsi ilə ciddi məşğul olacağını deyib, həmçinin onlara ailələri ilə skaypla danışmaq imkanının yaradılacağına da söz verib.
Lakin artıq 2 ay keçməsinə baxmayaraq girovluqdakı soydaşlarımızın işində müsbətə doğru heç bir irəliləyiş yoxdur, BQXK-nin prezidenti də deyəsən verdiyi sözü unudub. Əvəzində ermənilərin girov saxladığı soydaşlarımızın taleyi ilə bağlı narahatlıqlar artıb. Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin təmas xəttində həyata keçirdiyi uğurlu hərbi əməliyyatların hayıfını, təbii ki, öz mənfur xislətlərinə uyğun olaraq günahsız, əli-qolu bağlı insanlardan çıxırlar. 2 ilə yaxındır ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev erməni girovluğundadır. Onlar ailələri ilə yalnız məktublaşa bilirlər. Məktubda da qaydalara uyğun şəkildə bəlli cümlələr, bəlli ifadələr; "yaxşıyam, səhhətimdən şikayətim yoxdur...”. Belə vəziyyətdə girovların doğmalarının onların taleyindən narahatlığı tamamilə anlaşılandır.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında cinayətkar Ermənistan dövlətindən humanist addım gözləməyin absurd olduğunu dedi:
- Bəli, girov saxlanılan soydaşlarımıza ailələri ilə skayp vasitəsilə danışmaq imkanı verilə biləcəyini cənab Əli Həsənov jurnalistlərə açıqlamasında bildirmişdi. Bunu da Əli müəllim BQXK-nin əməkdaşlarından aldığı məlumata əsaslanaraq demişdi. Əlbəttə, soydaşlarımıza ailələriylə skayp vasitəsilə danışmaq imkanı yaradılsaydı, onların sağlamlığı, səhhətləri ilə bağlı daha dəqiq məlumatlar əldə edilərdi. Doğmaları onları canlı izləyib, səslərini eşidərdi, az da olsa rahatlıq tapardılar. Amma insan hüquqlarına hörmət ediləcəyini o dövlətdən gözləmək olar ki, həmin dövlət beynəlxalq hüquq normalarına riayət etmiş olsun. Ermənistan dövləti isə sivil qanunlarla yox, cinayət aləminin qanunları ilə idarə olunur, dövlətin rəhbəri də hərbi cinayətkardır, ətrafındakılar da. Ermənistanın dünyadakı terror təşkilatları ilə əlaqələri də sübut
olunub. Belə bir dövlətdən biz nə gözləyə bilərik?! Bu dövlətdən insanlığa, insan hüquqlarına hörmət ediləcəyi, əsir və girovlarla beynəlxalq hüquq normaları çərçivəsində davranılacağını gözləmək absurddur. Heç bir günahı olmayan insanlara qondarma məhkəmə keçirib hökm çıxarıblar, 2 ildir min-bir əziyyət altında saxlayırlar. Mənim fikrim budur, həmişə də demişəm ki, biz girov soydaşlarımızın azad edilməsi üçün gərək ermənilərlə öz üsulları ilə rəftar edək. Onların "dəyərli” bir insanını əsir və ya girov götürək, bundan sonra bizə yalvarsınlar ki, onu qaytarın, biz də girovları azad edək. Ancaq bu yolla biz girovlarımızı azad edə bilərik. Nə BQXK, nə də hansısa digər beynəlxalq təşkilat bizim girovların azad olunmasına çalışmayacaq. BQXK-nin bəyanatları da qeyri-səmimidir. Necə yəni, "biz öz səlahiyyətimiz çərçivəsində fəaliyyət göstəririk”?! Onların səlahiyyəti çox genişdir. Nizamnamələrinə istinad edib BMT-yə də müraciət edə bilərlər. Hətta təkid də edə bilərlər. Niyə erməni ailəsiylə ciddi maraqlanır, onların üçüncü ölkəyə göndərilməsi üçün canfəşanlıq edə bilirlər, amma bizim soydaşlarımıza gəldikdə, səlahiyyətləri daralır, deyirlər "təsir göstərə bilmərik”?! Bunlar hamısı ikili standartların göstəricisidir. Digər tərəfdən, Rusiya da ikiüzlülük edir. Dünyanın hansısa başqa bir ölkəsində bir rusun burnu qanayanda göyə raket qaldırırlar, amma faktiki Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun haqsız yerə girov saxlanmasına etiraz edib, azad edilməsini tələb etmirlər? Milliyyətcə rus deyil, ona görəmi?! Rusiya istəsə, öz for-postunun - küçüyünün qulağından tutub deyər, günahsız insanı azad et. Ancaq demir.
Əlbəttə, Dilqəmin də, Şahbazın da ailəsi, doğmaları onlara görə narahatdır. Çünki düşmən mənfur xislətlidir. Türk düşmənidirlər. Biz onlardan humanistlik, insanlıq gözləyə bilmərik.
Millət vəkili Dilqəm Əsgərov və Şahbaz Quliyevin doğmalarını möhkəm və səbrli olmağa çağırdı:
- Azərbaycan dövləti həmişə öz vətəndaşına sahib çıxıb, bundan sonra da çıxacaq. Doğmaları bilsin ki, Dilqəmin, Şahbazın taleyi Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin daim diqqət mərkəzindədir, onların azad edilməsi ilə bağlı beynəlxalq səviyyədə daim ciddi iş aparılır. Azərbaycan dövləti öz vətəndaşlarını heç vaxt taleyin ümidinə buraxmır. Dilqəm də, Şahbaz da girovluqdan azad ediləcək.
Xatırladaq ki, 2014-cü ilin iyulun 11-də 3 azərbaycanlı - Həsən Həsənov, Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə ata-baba yurdlarını ziyarət edərkən quldur ermənilər tərəfindən girov götürülüb. Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib, D.Əsgərov və Ş.Quliyev isə indiyədək girov saxlanılır.
Məlahət Rzayeva