Ermənilər vandalizm əməllərindən əl çəkmir

Azərbaycanın işğal olunmuş rayonlarında maddi-mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar müntəzəm fəaliyyət göstərən monitorinq mexanizmi tətbiq etmək lazımdır




Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan XİN-in nümayəndəsinin sərsəm açıqlamasına münasibət bildirib. Nazirlik sözçüsü bəyan edib ki, uzun illərdir Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi sistematik vandalizm siyasəti yürüdülür.

Onun sözlərinə görə, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti yalnız bizə qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı vəhşilikdir: "Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi mətbuata verdiyi açıqlamasında özü bunu etiraf edir. Ancaq işğalçı dövlət kimi Ermənistanın daşıdığı beynəlxalq məsuliyyəti gizlətməyə çalışır. İşğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət abidələrinin Ermənistan tərəfindən dağıdılması, talan və məhv edilməsi halları dəqiqliklə müəyyən olunub. H.Hacıyev bildirib ki, XİN və Mədəniyyət və Turizm Nazirliyi birgə səylərlə ermənilərin vandalizm əməllərini beynəlxalq aləmdə ifşa etməkdə davam edəcək.

Məsələ ilə bağlı "Şərq”ə danışan Konstitusiya Araşdırmalar Fondunun hüquqşünası, siyasi ekspert Zaur İbrahimli deyib ki, Dağlıq Qarabağ ərazisində 1891 mədəni-tarixi abidəmiz qalıb və onların indiki durumu bəlli deyil. Ekspertin sözlərinə görə, Azərbaycanın bütün etirazlarına baxmayaraq, ermənilər vandalizm əməllərindən əl çəkmir: 

"Dağlıq Qarabağın tarixinə aid abidələrin dağıdılması, toponimlərin dəyişdirilməsi, süni məskunlaşma siyasəti erməni siyasətinin əsas elementinə çevrilib. Buna qarşı bir neçə üsulla mübarizə aparmaq mümkündür. İlk növbədə rəsmi Bakı və bütövlükdə Azərbaycan cəmiyyəti olaraq çalışmalıyıq ki, Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş rayonlarında maddi-mədəniyyət abidələrinin dağıdılması ilə əlaqədar müntəzəm fəaliyyət göstərən monitorinq mexanizmi tətbiq edək. 

Necə ki, təmas xəttində atəşkəsin pozulmaması üçün mütəmadi monitorinqlər aparılır, analoji mexanizm tarixi abidələrin məhv edilməməsi üçün də tətbiq edilməlidir. Bu mexanizm ATƏT, Avropa Şurası və UNESKO ilə əməkdaşlıq etməklə yaradıla bilər. Başqa bir vasitə isə beynəlxalq təşkilatların fakt-araşdırıcı missiyalarının bu ərazilərə mütəmadi səfərlərinin təşkilinə nail olmaqdır. Düzdür, ermənilər və onların lobbisi hər vəhclə buna imkan vermək istəmir. Lakin Azərbaycan bütün mümkün vasitələrdən, artan nüfuzundan istifadə edərək buna nail olmalıdır”.

Analitik bildirib ki, bu məsələnin beynəlxalq miqyasda tez-tez qabardılmasına, çox uğurlu "Xocalıya ədalət” kampaniyası kimi təşkil edilməsinə böyük ehtiyac var: "Daha çox beynəlxalq təşkilatlar və auditoriyanı təbliğat hədəfi götürməliyik. Eyni zamanda bu ərazilərdə ermənilərin vandalizm faktları ilə bağlı beynəlxalq dillərdə fəaliyyət göstərən çoxlu elektron resurslar yaratmalıyıq. Bunlar qismən də olsa erməni vandalizminin qarşısını ala bilər. Amma problemin köklü həlli bu ərazilərin erməni işğalından azad edilməsidir”.

İsmayıl