Ermənilərin cəbhədəki təxribatı arta bilər
Bu isə silahlı toqquşmaların şiddətlənəcəyi ehtimalını yaradır
"Azərbaycan hərbi əməliyyatlardan əvvəl siyasi mövzuda beynəlxalq aləmlə, eləcə də, Rusiya ilə danışıqlar aparmalıdır ki, onları neytrallaşdıra bilsin. Bizə kömək lazım deyil, onların neytrallaşması lazımdır”
Son günlər cəbhə xəttində düşmən Ermənistanın təxribatları artır. Azərbaycan ordusunun qarşısında aciz qalan düşmən tərəfi böyük itkilər versə də, təxribatlardan əl çəkmək niyyətində deyil. Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.
Qeyd edək ki, aprelin 21-də cəbhənin Tərtər istiqamətində erməni silahlı birləşmələri ilə döyüş toqquşması baş verib. Qısa müddətli döyüşdə Silahlı Qüvvələrimizin bölmələri düşmənə ağır zərbə endiriblər. Nəticədə düşmənin 5 hərbiçisi məhv edilib, 10 nəfərədək yaralısı var.
Ermənistan hərbi-siyasi rəhbərliyi növbəti dəfə itkilərini ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə guya təxribat törətməsi barədə yalan xəbərlər yaymaqla çaşqınlıq yaratmağa cəhd göstərir və yaxın günlərdə müxtəlif bəhanələrlə həlak olan və yaralananlar haqqında məlumatları ortalığa çıxaracaq.
Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Silahlı Qüvvələri itki vermədən bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır.
Hərbi ekspert Azad İsazadə isə hesab edir ki, ermənilərin atəşkəsi pozması artıq vərdiş halını alıb. Onun sözlərinə görə, ermənilər atəş edir, qarşı tərəf də cavab atəşi ilə çıxış edir. Sonra isə bu proseslər yavaş-yavaş genişlənir.
Adətən yaz aylarında cəbhə xəttində atəş aktivliyinin artdığını vurğulayan hərbi ekspertin sözlərinə görə, yazda qar əriyəndən sonra tərəflər arasındakı neytral zona azalır: "Ancaq qışda istər biz, istərsə də qarşı tərəf hündürlükdə olan postlardan aşağı enirlər. Çünki həmin vaxt yüksəkliklərdə kəskin soyuq olur. Xidmət aparmaq çətinləşir. Qar əriyən kimi isə hər iki tərəf öz mövqelərinə qayıdır. Belə olan halda da toqquşmaların sayında kəskin çoxalma baş verir. Görünür, bu dəfə bizimkilər daha cəld tərpənərək mövqelərinə tez qayıdıblar. Bu isə erməniləri narahat etdiyi üçün atəşkəsi pozmağa, təxribatlar törətməyə vadar edir. Onlar da yeni qüvvə yığıb bir az qabağa gəlmək istəyirlər”.
Atəşkəsin bu cür pozulması fonunda müharibə ehtimalına toxunan ekspert deyib ki, ötən ilin avqust ayında cəbhədə yaranan vəziyyətdən sonra cəbhədə sakitlik yoxdur. İndiki mövqe döyüşləri əvvəlkilərə baxanda daha ciddi olur. Ağır çaplı silahlardan istifadə edilir. May ayında da Qarabağ cəbhəsində ciddi döyüşlərin olacağını istisna etmirəm. Ancaq müharibəyə keçib-keçməyəcəyini söyləmək olduqca çətindir. Ancaq avqustdakı hadisələr fonunda yeni toqquşmalar gözlənilir.
Azərbaycanın Rusiya ilə qərb arasındakı gərginlikdən istifadə edib təmas xəttində mövqelərini möhkəmləndirməyə və işğal edilmiş bəzi əraziləri qaytarmağa çalışması ilə bağlı iddialara gəldikdə isə Azad İsazadə deyib ki, atəşkəsi bizimkilər yox, ermənilər pozur: "Hər dəfə itki verməsinə baxmayaraq özlərini dik tutmağa çalışırlar. Mediada məğlubiyyətlərini də qələbə kimi göstərmək istəyirlər. Onlar həm də bununla demək istəyir ki, Azərbaycan onları saya alsın. Onlarla hesablaşsın. Həm də atəşkəsi Azərbaycan tərəfi pozsa idi və doğrudan da torpaqları hərb yolu ilə qaytarmaq niyyəti olsaydı, indi ordumuz ən azı bir rayonu azad etmişdi. Ermənilər isə döyüşüb məğlub olurlar. Ancaq bu məğlubiyyəti də qələbə kimi öz xalqına sırımağa çalışırlar. Gördüyünüz kimi, bu dəfə də onlar itkilərini gizlətməyə çalışırlar. Amma bunun sonu yoxdur. Azərbaycan ordusu 5 erməni əsgərini məhv edib, gec-tez bu barədə məlumat yaymalı olacaqlar”.
Bölgədə status-kvonu saxlamaq məqsədi ilə təxribatçı addımlara əl atan Ermənistana qarşı sanksiyaların tətbiq ediləcəyinə inanmayan hərbi ekspertin sözlərinə görə, qərbin belə bir fikri olsa, bu addımı çoxdan atardı. Həmçinin A.İsazadə deyib ki, son günlər kimin birinci olaraq atəşkəsi pozması məsələsi aktualdır. Bizə bir müddət lazımdır ki, vəziyyətin məhz Ermənistan tərəfindən pozulduğunu sübut edək: "Ancaq bütün hallarda düşmən ölkəyə sanksiyalar tətbiq edilməlidir. İkincisi, Rusiya Ukraynaya müdaxilə etdi, Krımı işğal elədi. Nəticədə Moskvaya qarşı sanksiyalar tətbiq olundu. Əslində, bu, siyasi məsələdir. Baxın, Kosovaya görə NATO-ya sanksiyalar tətbiq edilmədi. İndi İraq və Suriyada gedən proseslərə görə sanksiyalar məsələsi gündəmə gətirilmir. Sözsüz ki, Rusiyaya qarşı sanksiyalar doğrudur və biz də istərdik ki, Ermənistana qarşı da belə sanksiyalar tətbiq edilsin. Amma reallığı da başa düşməliyik. Çünki yaxın zamanlarda Ermənistana qarşı belə sanksiyaların tətbiq ediləcəyi gözlənilmir. Lakin biz bunu istəyirik. İşğalçı ölkəyə təzyiqlər edilməlidir və bunun da bir yolu sanksiyalardır”.
Müharibə başlayacağı təqdirdə Azərbaycan Ordusunun Qarabağda hərbi əməliyyatlar keçirməyə hazır olduğunu deyən A.İsazadə bəyan edib ki, orduda mövcud olan müəyyən neqativ problemlər aradan qaldırılıb. Ancaq bunu sona çatdırmaq lazımdır: "Ordu böyük ailədir və ola bilsin ki, müəyyən problemlər qalır. Silah-sursat məsələsində isə problem yoxdur. Əsgər və zabitlərin döyüş qabiliyyəti bir qədər də gücləndirilməlidir. Ordumuzda insan faktoruna bir qədər də ciddi fikir verilməlidir. Ancaq sözsüz ki, Azərbaycan ordusu erməni ordusu ilə müqayisə edilməzdir. Azərbaycan hərbi əməliyyatlardan əvvəl siyasi mövzuda beynəlxalq aləmlə, eləcə də, Rusiya ilə danışıqlar aparmalıdır ki, onları neytrallaşdıra bilsin. Bizə kömək lazım deyil, onların neytrallaşması lazımdır”.
Şəymən