“Azərbaycan məsələnin arxasınca sonuna qədər getməli, beynəlxalq təşkilatları ayağa qaldırmalıdır”
Tərtər rayonunun Əskipara kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən fosfor təyinatlı silahın istifadə olunması müəyyən edildi. Bu fakt ermənilərin kimyəvi silahdan istifadə etdiyini bir daha təsdiqlədi. Ermənilərin istifadə etdiyi kimyəvi tərkibli ağ fosforlu hərbi sursatın niyə qadağan edildiyini, istifadəsi zamanı hansı fəsadlara yol açdığını öyrənmək üçün hərbi ekspertlərin fikirlərini öyrəndik.
Mütəxəssislərin dediklərinə görə, fosforun təbiətdə 3 çeşidi var: - ağ, qara və qırmızı fosfor. Ağ fosfor zəhərlidir. Qadağan olunan bombalarda zəhərli olduğu üçün ağ fosfordan istifadə edilir. Bu maddə atmosferlə birləşdikdə yanğın əmələ gəlir və bu zaman istilik min dərəcəni keçir. Ağ fosforun 0.05 qramı yetərlidir ki, insanı öldürsün. Həmin kimyəvi silah insan orqaniziminə daxil olan kimi tez həll olur. Mədə-bağırsaq sisteminin fəaliyyətini dərhal sıradan çıxarır, ürək sisteminin fəaliyyətinə güclü təsir edir və insanda halsızlıq, tənginəfəslik yaradır. Bu, sadəcə fosfor məzmunlu bombaların tüstüsünün insanlara etdiyi təsirdir. Qadağan olunmuş silahla bağlı "Şərq”ə məlumat verən hərbi ekspert Azad İsazadə deyib ki, fosfor təyinatlı silahın istifadəsi düşmənin canlı qüvvəsinin gizləndiyi obyektdən çıxarılması üçün istifadə edilir: "Fosforlu bombalardan istifadə zamanı dinc əhali arasında tələfat riski böyükdür. Bombaların təsirindən yaralananları xilas etmək çətin olur. Onların bədənlərində ağ fosforun təsirindən əmələ gələn yanıqlar dərinin soyulmasına və dəhşətli yaralara yol açır. Bundan başqa, bu cür mərmilərin qəlpələri insanların bədənində yanıqlar əmələ gətirir. Mərminin qəlpələri hətta suda belə sönmür. Belə mərmilərin partlayışı nəticəsində insan bədəninin dərisi özü-özünə soyulur, yaralıları müalicə etmək isə mümkün olmur. Ermənilərin Tərtərə atdığı fosforlu mərmi sinir-iflic tipli kimyəvi silahdır. Onun bir neçə forması mövcuddur. Bu silahın "Zarin”, "Zoman”, ABŞ ordusunda istifadə olunan "ZX” və s. formaları var. "Zarin” adlı fosfor silahı 2-ci Dünya müharibəsində istifadə olunub. O cümlədən 1980-88-ci illərdə İran-İraq savaşında, 2013-cü ildə Suriyada bu silah "sınaqdan keçirilib”. A.İsazadə bildirib ki, bu silah 1993-cü ildə Cenevrə beynəlxalq konvensiyası ilə qadağan olunub: "Bir çox ölkələrlə yanaşı, Ermənistan da bu konvensiyaya qoşulub. Çox güman ki, düşmən ölkə tapılan fosfor bombasını öz boynundan atacaq və bu silahı tanınmayan "DQR”in istifadə etdiyini iddia edəcək. Amma buna baxmayaraq Azərbaycan məsələnin arxasınca sonuna qədər getməli, beynəlxalq təşkilatları ayağa qaldırmalıdır. Tələb etməliyik ki, beynəlxalq qurumlar Ermənistandakı bütün silah-sursatı yoxlasınlar və təhlükəli olanları üzə çıxarsınlar. Hər zaman aralarında gərginlik olan ABŞ və Rusiya vaxtı ilə fosfor silahı istifadə olunan Suriyada birgə fəaliyyət göstərdi və bu cür silahları zərərsizləşdirdilər. İndi bunu Ermənistan üçün etmək lazımdır. Tapılan silah ekspertizadan keçirilməli və fosfor tipi müəyyən olunmalıdır. Daha sonra ermənilərin bu silahı haradan əldə etdikləri aşkarlanmalıdır”.
İsmayıl