Ermənilərin Qarabağda qanunsuz tikintiləri...

Hikmət Hacıyev: “Həyata keçirilən qanunsuz tikililərlə bağlı məsələ müxtəlif beynəlxalq təşkilatlar qarşısında gündəmə gətirilir”
Həvva Məmmədova: “Ermənilər özgə torpaqlarında müvəqqəti olduqlarını yaxşı bilirlər”


Dağlıq Qarabağı qanunsuz işğal altında saxlayan Ermənistan rəhbərliyi Qarabağətrafı rayonlarda da infrastruktur layihələri həyata keçirməyə başlayıb. Qondarma rejimin televiziyası tərəfindən yayımlanan kadrlardan məlum olub ki, Ermənistan BMT Təhülkəsizlik Şurasının qətnamələrinin ziddinə olaraq Kəlbəcər rayonu ərazisində xəstəxana, Qubadlının Həkəri çayı sahilində yerləşən Xanlıq kəndində isə fərdi yaşayış evləri tikir.

Xanlıq kəndindəki yaşayış evləri "Tufenkyan fondu”, Kəlbəcərdəki ikimərtəbəli xəstəxana isə Ermənistanın "K-Telecom” mobil operator şirkətinin əslən Livan ermənisi olan baş direktoru Ralf Yirikyan tərəfindən maliyyələşdirilir.

Torpaqlarımızdakı qanunsuz tikililərlə bağlı "Şərq”ə danışan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı Azərbaycan hökuməti tərəfindən hesabat xarakterli məlumatların hazırlandığını və beynəlxalq təşkilatlar qarşısında mütəmadi əsasla qaldırıldığını deyib: "İşğal altındakı torpaqlarımızda həyata keçirilən qanunsuz tikililərlə bağlı məsələ ATƏT-in Minsk Qrupu həmsədrləri və digər müxtəlif beynəlxalq təşkilatlar qarşısında gündəmə gətirilir. Təsadüfi deyil ki, məhz Azərbaycan Respublikasının israrı ilə 2005 və 2010-cu ildə ATƏT-in faktaraşdırıcı missiyaları işğal olunmuş ərazilərimizdə bu kimi halları araşdırıblar. Təəssüflər olsun ki, hələ də Ermənistan tərəfi bu kimi destruktiv fəaliyyətini davam etdirir. Ancaq Ermənistan öz məsuliyyətini anlamalıdır. İşğal olunmuş Azərbaycan ərazilərində həyata keçirilən bu kimi fəaliyyətlər ilk növbədə beynəlxalq humanitar hüququn, Cenevrə Konvensiyalarının və onun protokollarının kobud şəkildə pozulması deməkdir”.

Sabiq millət vəkili, professor Həvva Məmmədova deyib ki, cəzasız qalan Ermənistan həyasızca hər varianta əl atır. Bir tərəfdən qanunsuz tikililər aparır, digər tərəfdən Suriyadan, Livandan erməniləri Dağlıq Qarabağda, xüsusilə də Qubadlıda yerləşdirir: "Bilirsiz, bunları nəyə görə edir? Ona görə ki, ermənilər özgə torpaqlarında müvəqqəti olduqlarını yaxşı bilirlər. Dərk edirlər ki, gec-tez həmin ərazilərdən qovulacaqlar. Buna görə də bir qrup çarəsiz, kasıb erməniləri işğal olunmuş torpaqlara köçürərək onları orada girov saxlayırlar. Məqsəd isə gələcəkdə torpaqlarımıza qayıdanda oradakı ermənilər vasitəsi ilə ərazi iddiası etməkdir. Ermənilər 20 ildən sonra həyata keçirəcəkləri planları indidən hazırlayırlar. Hesab edirəm ki, dövlət və ictimaiyyət olaraq torpaqlarımızda aparılan qanunsuz tikililərə kəskin etirazımızı bildirməliyik”.

H.Məmmədova bildirib ki, ermənilər işğal etdikləri torpaqlarımızda qanunsuz tikililər inşa etməklə yanaşı, ərazilərimizi yandırır, bütün fauna və flora örtüyünü məhv edirlər: "Düşmən
təcavüzkar hərəkətini daş-torpaq üzərində də həyata keçirir. Təəssüflər olsun ki, beynəlxalq aləm buna göz yumur. Ermənilər də ürəklənərək istədiklərini edirlər. Minsk Qrupunun həmsədr ölkələri münaqişəni həll etmək və nizamlamaq niyyətində deyillər. Ona görə də düşünürəm ki, bu təşkilatdan imtina etməyin vaxtı çatıb. Türkiyə kimi qardaş dövlətlər bu missiyanı öz üzərinə götürməlidir. Susmaq zamanı deyil. Dövlət qurumlarımız, mətbuatımız, diasporamız və QHT-lərimiz dayanmadan işləməlidir. Erməni saytları durmadan Azərbaycanla bağlı dezinformasiyalar yayırlar. Amma biz həqiqətləri yaymaqda səriştəsizlik nümayiş etdiririk. Bir an belə dayanmağa haqqımız yoxdur”.

İsmayıl