Natiq Miri: “Qabaqlayıcı tədbirlər görməklə Azərbaycan gələcəkdə ölkəni gözləyən təhlükələrdən yayına bilər”
Ermənilərin “Sərsəng”də məğlubiyyəti...
Elxan Şahinoğlu: “Sərsəng” su anbarının işğal altında qalması ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təminatına imkan vermir”
Natiq Miri: “Qabaqlayıcı tədbirlər görməklə Azərbaycan gələcəkdə ölkəni gözləyən təhlükələrdən yayına bilər”
Natiq Miri: “Qabaqlayıcı tədbirlər görməklə Azərbaycan gələcəkdə ölkəni gözləyən təhlükələrdən yayına bilər”
Azərbaycanın işğal olunmuş ərazilərində bir sıra mühüm infrastruktur obyektləri qalıb. Belə obyektlərdən biri də "Sərsəng” su anbarıdır ki, erməni tərəfi ondan zaman-zaman təzyiq vasitəsi kimi istifadə edir. Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında AŞ PA-nın iclasında "Sərsəng” su anbarı ilə bağlı Ermənistanın qəbul etdiyi qətnamənin Azərbaycan cəmiyyətini düşündürən məsələ olduğunu deyib.
Onun sözlərinə görə, Azərbaycanın ərazilərinə hücum edən və torpaqlarımızın 20 faizə qədərini işğal edən erməni işğalçıları digər vasitələrlə də Azərbaycana problemlər yaratmağa çalışır. "Sərsəng” su anbarı ilə bağlı məsələnin bizi ciddi narahat etdiyini vurğulayan Baş nazirin müavini qeyd edib ki, bütün beynəlxalq təşkilatlar, dünya birliyi və ictimaiyyəti Azərbaycana qarşı ola biləcək erməni təxribatlarının qarşısının alınması üçün tədbirlər görməlidir.
1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmiş "Sərsəng su” anbarının 125 metr hündürlükdə bəndə və 560 milyon kubmetr su tutumuna malik olduğunu vurğulayan "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu anbarın 23 ildir işğal altında olduğunu qeyd edib: "BMT-nin proqnozlarına görə, Azərbaycan 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr sırasında 37-ci yerdə olacaq. Ən təhlükəlisi odur ki, "Sərsəng” su anbarının işğalda olduğu müddətdə texniki qurğuları köhnəlib və qəza vəziyyətindədir. İşğalçıların isə texniki qurğuları dəyişdirmək və ya onlara xidmət etmək kimi dərdi yoxdur. Belə ki, hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza bölgədə ciddi ekoloji və humanitar böhran yarada bilər”.
Politoloq vurğulayıb ki, AŞ PA-da "Sərsəng” su anbarı ilə bağlı qətnamənin qəbulu Azərbaycan üçün çox vacibdir: "Bu qətnamənin qəbuluna Ermənistan, erməni lobbisi və onların təsiri altında olan bir qrup avropalı deputat mane olmağa çalışsa da, çoxluq Azərbaycanın mövqeyini dəstəkləyib. "Sərsəng” su anbarının işğal altında qalması ətrafda yaşayan insanların və kənd təsərrüfatının su ilə təminatına imkan vermir. Ermənistan "Sərsəng” su anbarından təhdid məqsədilə istifadə edir, yaz aylarında anbarı açaraq ətraf ərazilərin su altında qalmasına şərait yaradır, suya ehtiyac duyulan isti aylarda isə onun istifadəsinə imkan vermir. Digər tərəfdən, "Sərsəng” su anbarının işğalı nəticəsində uzun illərdən bəri Tərtər, Bərdə, Ağdam, Goranboy, Yevlax və Ağcabədi rayonlarına suvarma suyunun verilməməsi bu regionun iqtisadiyyatına hər il əvəzolunmaz zərər vurur”. Mərkəz sədri hesab edir ki, "Sərsəng” su anbarı məsələsilə əvvəllər ATƏT-in Minsk Qrupu həmsədrləri də məşğul olublar: "Həmsədrlər 2014-cü ilin mayında bölgəyə səfərlərinin yekunu olaraq bəyanat hazırlayıblar. Həmsədrlər bəyanatlarında xüsusi bir təkliflə çıxış ediblər. Təklifin mahiyyəti bu idi ki, qarşı-qarşıya duran tərəflər işğal altında qalan "Sərsəng” su anbarının birgə istifadəsi ilə bağlı razılıq əldə etsinlər. Rəsmi Bakı bu təklifə müsbət yanaşa bilməzdi. Çünki Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın separatçı liderləri ilə dialoqa getmir. Rəsmi Bakı yalnız Ermənistanla sülh sazişi imzalandıqdan sonra Dağlıq Qarabağın erməni icmasının rəhbərliyi ilə müzakirə apara biləcəyini dəfələrlə bəyan edib. Ona görə də, sülh sazişi imzalanmadan rəsmi Bakının "Sərsəng” su anbarının birgə istifadəsi ilə bağlı Dağlıq Qarabağla danışıqlar aparacağı real deyil. Rəsmi Bakı həm də ondan ehtiyat edir ki, "Sərsəng” su anbarının birgə istifadəsi ilə bağlı razılaşma əldə olunsa, İrəvan bu faktoru Bakının faktiki Dağlıq Qarabağın rəhbərliyini tanıması kimi təqdim edəcək. Buna baxmayaraq, həmsədrlər AŞ PA nümayəndəsinin məruzəsinə əsaslanaraq, yenidən "Sərsəng” su anbarının birgə istifadəsi məsələsini aktuallaşdıra bilərlər. Rəsmi Bakının mövqeyi dəyişməyəcək. "Sərsəng” su anbarı yalnız sülh sazişi imzalandıqdan sonra birgə istifadə üçün müzakirə predmeti ola bilər. "Sərsəng” su anbarının gələcəyi Dağlıq Qarabağ münaqişəsinin həllindən keçir”.
"Sərsəng” su anbarı ilə bağlı mövcud vəziyyəti politoloq Natiq Miri də qiymətləndirib. O qeyd edib ki, 1993-cü ildən Ermənistanın və onun əlaltısı olan oyuncaq bir rejimin nəzarətindəki "Sərsəng” su anbarı, həqiqətən də, hazırda Azərbaycan ərazisi, xüsusilə də Tərtər rayonu üçün böyük təhlükələr törətmək iqtidarındadır. O mənada ki, "Sərsəng” su anbarı birdən-birə açılıb buraxılarsa və yaxud partladılarsa, Tərtər rayonu bütövlükdə suyun altında qala bilər: "Bu baxımdan "Sərsəng” su anbarı Azərbaycan üçün ciddi təhlükə mənbəyi olaraq qalır. Digər tərəfdən nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın əraziləri, xüsusilə də Tərtər və Ağdam rayonunun işğal olunmamış kəndləri üçün alternativ şirin su mənbələri tapılsa, yaxşı olar. Çünki əgər Ermənistan, xüsusilə də işğal olunmuş Dağlıq Qarabağ ərazisində qurulmuş separatçı rejim investisiyalar tapıb güclü nasoslar quraşdırarsa, təbii ki, oradakı bütün şirin su hövzələrindən suyu suvarma niyyətləri üçün istifadə edə bilərlər. Bu da Azərbaycanın müəyyən torpaqları üçün su qıtlığı yarada bilər. Ona görə də, Azərbaycan dövləti bu yöndə qabaqlayıcı tədbirlər görməlidir. Yəni bu gün Ermənistan və Dağlıq Qarabağ investisiyalar tapanadək alternativ planlar hazırlayıb ortaya qoymalı və yeni şirin su hövzələri tapmalıdır. Bu iş artezian quyuları və digər mənbələr hesabına yerinə yetirilə bilər ki, bu cür qabaqlayıcı tədbirlər görməklə Azərbaycan gələcəkdə ölkəni gözləyən təhlükələrdən yayına bilər. Bu baxımdan hesab edirəm ki, Azərbaycan bu yöndə qabaqlayıcı tədbirlər görməlidir”.
Şəymən