Sabir Rüstəmxanlı və Mübariz Tağıyev deyir ki, bunu dövlət etməlidir
Ermənistan başlayıb, biz niyə dururuq?
Hərbi kliplər, vətənpərvərlik ruhlu mahnılar televiziyalarımızda gözə dəymir
Sabir Rüstəmxanlı və Mübariz Tağıyev deyir ki, bunu dövlət etməlidir
Sabir Rüstəmxanlı və Mübariz Tağıyev deyir ki, bunu dövlət etməlidir
Milli ruhda yazılan mahnılar, hərbi kliplər insanlarda vətənpərvərlik hisslərini gücləndirir. Belə mahnıları dinləyən, klipləri izləyən gənclərin qəlbində vətən sevgisi kök salır.
Elə mahnılar, kliplər var ki, onlar insanı uzun müddət öz təsirində saxlayır. Mahnıların bəstəkarı, ifaçısı isə hər zaman xatırlanır, sevilir. Təcrübə göstərir ki, əksər müharibə vəziyyətində olan ölkələr məhz bu yönümlü təbliğatdan istifadə edir. Elə işğalçılıq siyasəti yürüdən Ermənistanda da günü-gündən bu cür kliplərin sayı artmaqdadır. Ermənistanın hərbi büdcəsi Azərbaycandan qat-qat aşağı olsa da, çəkdiyi musiqili klip bu ölkənin güclü ordu və hərbi texnikaya sahib olduğunu təbliğ edir. Öz incəsənətimizə və şou-biznesimizə nəzər saldıqda isə nədənsə, müharibə illərində formalaşmış bu ənənənin səngidiyini görürük. Maraqlıdır, bu nə ilə bağlıdır? Hərbi-vətənpərvərlik ruhunda yazılan musiqilərin daha az gəlir gətirməsi buna əsas səbəb ola bilərmi? Ümumiyyətlə, maraqlıdır, bu cür kliplərin çəkilməsində təşəbbüskar kim olmalıdır: müğənnilər, ya dövlət qurumları?
Xalq şairi Sabir Rüstəmxanlının sözlərinə görə, cəmiyyət heç vaxt millətin gələcəyi ilə bağlı məsələləri tam həll edə bilməz: "Bu həm də dövlətin öhdəliyidir. Dövlətin ideoloji xətti, apardığı siyasət xalqı və cəmiyyəti öz ideallarına qovuşmaq uğrunda səfərbər etməlidir. Buna sadəcə sovet dövrünün düşüncə sistemi kimi yanaşmaq doğru deyil. Hər bir müstəqil dövlət kimi Azərbaycanın da müəyyən hədəfləri var. Torpaqlarımızı işğaldan azad etmək və ərazi bütövlüyümüzün bərpası bizim üçün prioritet məsələdir. Bunun üçün də hər şeydən əvvəl xalqın hərbi vətənpərvərlik duyğuları yüksək olmalıdır. Bu isə hansısa bir qurumun və ya müğənnilərin öhdələnəcəyi bir məsuliyyət deyil. Hər şeydən əvvəl bu işlə məşğul olan bir ideoloji sistem qurulmalıdır. Həmçinin mədəniyyətin bir çox sahələri də həmin sistemə bağlı olmalıdır. Hərbi kliplərin hazırlanmasını, filmlərin çəkilməsini, vətənpərvərlik mahnılarının yazılmasını, müğənnilərin, televiziyaların arzusuna uyğun buraxsaq, o zaman biz heç nəyə nail ola bilmərik. Faktiki olaraq, televiziyalarda xaos hökm sürür. Vətəndaşların milli ruhunu, hərbi-vətənpərvərlik hisslərini oyatmaq bir yana qalsın, onlar hazırda beyinləri yumaq, bizi milli kimliyimizdən uzaqlaşdırmaqla məşğuldurlar. Hesab edirəm ki, bu sahədə mütləq vahid sistem qurulmalı və ardıcıl iş aparılmalıdır”.
Xalq şairinin sözlərinə görə, hərbi kliplər, milli mahnılarla xalqın milli ruhunun oyadılmasına tənə edənlər, hərbi vətənpərvərlik ruhunda yazılan mahnıları lazımsız hesab edən insanlar birmənalı olaraq, millətin ruhunu öldürməyə çalışır. Belə şəxslər, Azərbaycanın düşmənidir. İnsanların milli ruhunun, vətənpərvərlik duyğusunun yüksəlməsinə nail olacaq bir mədəniyyət yaranmadan bu ölkənin inkişafını təsəvvür eləmək mümkün deyil”.
Xalq artisti Mübariz Tağıyevin anspress-ə deyib ki, müğənnilərə vətənpərvərlik mövzuda mahnı ifa etmək sərf etmir. Hazırda müğənnilərin əsas gəlir mənbəyinin toylar olması ifaçıları daha çox estradaya üstünlük verərək şən mahnılar ifa etmələrinə səbəb olur. Xalq artistinin fikrincə, vətənpərvərlik mahnılarına klipləri dövlət qurumları çəksələr, daha yaxşı olar: "Mən Ermənistanın o vətənpərvərlik kliplərinə ağrı ilə baxıram. Çox heyifslənirəm ki, bizdə belə klip yoxdur ki, Azərbaycanın sərhədindən kənara çıxardaq. Bilmirəm, burada kim günahkardır. Bunu hansısa bir şirkətin və yaxud Mədəniyyət Nazirliyinin öz öhdəliyinə götürməli olduğunu da deyə bilmərəm. Amma kimsə bunu eləməlidir”. Mübariz Tağıyevin sözlərinə görə, belə kliplərin çəkilməsi üçün külli miqdarda vəsait tələb olunur. Yəni hansısa bir hərbi təlimdən videonu götürüb üstünə mahnı yazmaqla iş bitmir. Klipin işığından tutmuş aktyorlar və müğənninin makiyajına kimi hər bir şey hesablanmalıdır. Xalq artisti belə mövzuda klipin yüksək səviyyədə çəkilməsini zəruri hesab edir. Onun sözlərinə görə, ifaçıların da öz təşəbbüsü olmalıdır: "İfaçı hansı ölkənin vətəndaşı olduğunu unutmamalıdır. Əgər ifaçı üç mahnı hazırlayırsa, ən azından bir dənə də olsun vətənpərvərlik mahnısı hazırlamalıdır”.
Araşdırma zamanı məlum oldu ki, müğənnilərin vətənpərvər mahnı hazırlamamalarının səbəbi onların bu cür klip çəkilişlərinin qaydaları haqda məlumatsız olmalarıdır.
Müğənni Nadir Qafarzadə hərbi hissədə çəkilişin aparılmasının qadağan olduğunu düşünür. Müğənni hərbi-vətənpərvərlik ruhunda video-klip hazırlamaq istəyir, lakin zirehli texnika və yaxud silahların çəkilişinin qadağan olunması onun bu istəyini ürəyində qoyur. (anspress) "Əvvəl elə bilirdim ki, belə video kliplər çəkmək olmaz. Düşünürdüm ki, hərbi hissələrdə hansısa gizli saxlayacağımız silah-sursatlar var, hansı ki onları nümayiş etdirmək olmaz. Əgər icazə varsa, mən bunu böyük həvəslə etməyə hazıram”.
Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu mövzularda təşəbbüs müğənninin özündən gəlməlidir. Vətənpərvərlik ruhunda mahnı yazan müğənni nazirliyə müraciət edə bilər. Nazirlikdən həmçinin əlavə olundu ki, qurumun saytında kifayət qədər hərbi paradlardan şəkillər və minlərlə video var. Əgər lazımdırsa, müğənnilər bu materialdan istifadə edə bilərlər. Mədəniyyət və Turizm Nazirliyində də bu işin sırf səhnə adamlarının məsuliyyətində olduğunu düşünürlər: "Vətənpərvərlik kliplərinin çəkilməsinə nazirliyin aidiyyəti yoxdur”.
Şəymən