Ermənistan daşnaklara, faşistlərə abidə qoyur

Musa Quliyev: “Ermənistan Rusiyanın forpostudursa, gərək, Rusiya özü-özünə hörmət etsin və ermənilərə bu cür addım atmağa icazə verməsin”Qabil Hüseynli: “Faşistlərə böyük abidə ucaldan və onları qəhrəman elan edən bir ölkəni Rusiya cəzasız buraxmaz”
Xəbər verdiymiz kimi, bu il mayın 28-də İrəvanda Hitler Almaniyasına qulluq etmiş, SSRİ-yə qarşı düşmənçilik fəaliyyəti aparmış faşist Qaregin Nijdeyə qoyulmuş abidənin açılışı olub. Açılış mərasimində Ermənistan Prezidenti və yüksək vəzifəli şəxslər iştirak ediblər. Nijdeyə abidə qoyulması Rusiyada etiraz doğurub. Ona görə ki, Qaregin Nijde nasist rejiminin nökəri, nasist başkəsəni, Hitler və Himlerin dostu olub.
Bildiyimiz kimi, Almaniyada Adolf Hitler hakimiyyətə gəldikdən sonra bu ölkədə yaşayan ermənilər arasında faşist ideyalarını yaymağa başlayıb. "Seqakon” adı altında faşist ideologiyasını təbliğ edən təşkilat yaradıb. Həmin dövrdə "Şərqi Nazirliy”ə (Österministerium) daxil olan Erməni Milli Şurasının aktiv üzvü nazir Alfred Rozenberqə Sovet Ermənistanını alman koloniyasına çevirməyi təklif edib. 1942-ci ildə general Dro (Drastamat Kanayan) ilə birlikdə erməni legionu təşkil edib. Əvvəlcə legion Vermaxtın tərkibində idi, sonra SS qoşunlarının tabeçiliyinə keçib. Təbliğat nitqləri ilə erməni hərbi əsirlərinin qarşısında çıxışlar edərək onları faşist Almaniyası tərəfində mübarizəyə səsləyiblər. Qısa vaxt ərzində legion üzvlərinin sayı 30 min nəfərə çatıb. Nijde və Dronun başçılığı altında fəaliyyət göstərən "Erməni legionu” işğal edilmiş ərazilərdə yəhudi və qaraçıların təmizliyinə başlayıb. 809-cu erməni batalyonu Ukrayna və Polşa partizanlarına qarşı cəza əməliyyatları həyata keçirirlər. Yevpatoriyada, Aluştada, Kerçdə və Krımın digər ərazilərində xüsusi amansızlıqları ilə fərqləniblər. Legion Qafqazın tutulması əməliyyatlarında fəal iştirak etmişdi. Dro 1948-ci ildə hərbi cinayətkar kimi həbs edilib və 25 il azadlıqdan məhrum edilib. Məhz bu məsələlərə görə də, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova belə bir abidənin qoyulmasının Kreml üçün anlaşılan olmadığını bəyan edib. O söyləyib ki, abidənin qoyulması faşizm üzərində qələbədə Rusiya və Sovet İttifaqının digər xalqlarının rolunun heçə endirilməsi deməkdir: "Faşizm və nasizmin qəhrəmanlaşdırılmasına münasibətimiz bəllidir. Biz BMT-də nasizmlə bağlı qətnamənin əleyhinə, Ermənistan isə lehinə səs verib. Hesab edirəm, Ermənistanın rəsmi mövqeyi də budur”.
Azərbaycan Milli Məclisinin üzvü, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, Q.Nijdeyə İrəvanda abidə qoyulması erməni dövlətinin xarakterini və mahiyyətini göstərir: "Tarixi sənədlər, faktlar, həm Q.Nijdenin, həm də "Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın İkinci Dünya müharibəsi dövründə xüsusi missiya ilə Berlinə getdiklərini, Adolf Hitlerlə görüşdüklərini və erməni əsirləri bir yerə toplayaraq onlardan SSRİ-yə qarşı vuruşan diviziya yaratdıqlarını sübut edib. Biri var SSRİ-yə qarşı vuruşmaq niyyətində olasan, bir də var vuruşasan. Əgər bu gün Rusiya Xarici İşlər Nazirliyi bunu anlamırsa, hesab edirəm ki, onlar çox şeyi anlamırlar. Əslində, Ermənistan Rusiyanın forpostudursa, gərək, Rusiya özü-özünə hörmət etsin və ermənilərə bu cür addım atmağa icazə verməsin. Bu mənada onların "bunu anlamırıq” fikri çox yüngül bir fikirdir və ermənilərin bütün hərəkətlərinə göz yummaqdır. O ki qaldı, Qaregin Nijdeyə heykəl qoyulmasına, Andranik Ozanyan Nijdedən betər faşist, başkəsən olub. Orda Andranikin də heykəli var. Yəni, İrəvanda, Ermənistanda bir normal adamın heykəli var?! Onlar hamısı faşistlər, daşnaklar, qatillərdir. Bu mənada hesab edirəm ki, bu, Ermənistan dövlətinin yürütdüyü siyasətin xarakterindən irəli gələn bir məsələdir. Bizim yalnız bir yolumuz var; İrəvana gedəndən sonra o heykəllərin hamısını məhv etmək”.
M.Quliyev bu faktın Rusiya-Ermənistan münasibətlərinə təsir göstərməyəcəyi fikrindədir: "Rusiya-Ermənistan münasibəti yoxdur. Pişiklə-siçanın münasibəti var. Lazım olanda sığallayır, lazım olanda başına qapaz vurur. Rusiya ilə Ermənistanın nə münasibəti olacaq ki?! Əgər bir dövlətin Prezidenti "biz Rusiyanın forpostuyuq” deyirsə, daha burda başqa hansı münasibət ola bilər?! Sadəcə, Rusiyanın Ermənistanla bağlı xüsusi maraqları var. O maraqları həyata keçirmək üçün Ermənistandan alət kimi istifadə olunur. Ümumiyyətlə, Ermənistan alət kimi yaradılmış bir dövlət qurumudur. O alətin nə vaxt istifadə olunub atılacağını zaman özü göstərəcək”.
Politoloq Qabil Hüseynli də söyləyib ki, İrəvanda abidəsi ucaldılan erməni Qaregin Nijde sovet ordusuna qarşı döyüşlərdə iştirak edib. Məhz ona görə də, Moskva onun "qəhrəman” adlandırılmasını etirazla qarşılayıb: "Rusiya forpostunun bu davranışını həzm edə bilmir. Məncə etirazlar geniş vüsət alacaq. Ermənistanın qərarı sovet dövrünün üstündən xətt çəkmək, Rusiyaya meydan oxumaq kimi dəyərləndirilir. Həqiqətən də Ermənistan bununla Rusiyaya "meydan oxuyur”. 1941-1945-ci ildə faşizm əsasən ruslara qarşı idi. İndi belə çıxır ki, ermənilər faşizmin qurbanı olmuş on minlərlə rusun məhv edilməsində iştirak etmiş adamları "qəhrəman” elan edir. Bununla da faşizmin qurbanı olmuş insanlara, Rusiyaya hörmətsizlik göstərilir”.
Politoloq bildirib ki, Rusiya hakimiyyəti və ictimaiyyəti faşizm məsələsində həssasdır: "Qareginin heykəli göstərir ki, ermənilər ruslara qarşı mübarizəni "qəhrəmanlıq” hesab edirlər. Bu hadisə həm də onu göstərir ki, Ermənistan cəmiyyətində Rusiyaya qarşı nifrət var. Üzdə müəyyən yaltaqlıq göstərib Rusiyadan imtiyazlar qoparmağa çalışsalar da, əslində erməni xislətinə xas olan bir tərzdə öz nifrətlərini büruzə verirlər”.
Qabil Hüseynli hesab edir ki, məqamı yetişəndə Moskvaya ən böyük xəyanəti ermənilər edəcək: "Ermənilər Rusiyaya arxadan zərbə vuracaq. Abidə bunun isbatıdır. Kiçik Ermənistan faktiki olaraq Rusiyanın, rus xalqının mənəvi dəyərlərini ələ salır. Heykəl məsələsinin Rusiya-Ermənistan münasibətlərinə soyuqluq gətirəcəyi gözləniləndir. Ruslar onların dəyərlərinin ələ salınmasını heç də xoşluqla qarşılamırlar. Ən azından ermənilərə bir yaxşıca qulaqburması veriləcək. Sovet xalqına qarşı vuruşan faşistlərə böyük abidə ucaldan və onları qəhrəman elan edən bir ölkəni Rusiya cəzasız buraxmaz”.
Ayyət Əhməd