Ermənistan haqsız iddiasından geri çəkilir?

Nalbandyan Vaşinqtonda ölkəsinin ikiüzlü siyasətini yenə ortaya qoydu



Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Vaşinqtona səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən erməni nazir ölkəsinin Türkiyəyə qarşı ərazi iddiasının olmadığını bəyan edib.

Onun sözlərinə görə, Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması məsələsində heç bir ön şərti yoxdur. Jurnalistlər Serj Sarkisyanın əvvəlcə Vaşinqtona, sonra Moskvaya səfər etməsinin ABŞ administrasiyası tərəfindən necə qarşılanacağı ilə bağlı sualı belə cavablandırıb: "Bizim Rusiya ilə mükəmməl strateji münasibətlərimiz var. Eyni zamanda, ABŞ-la da çox güclü işbirliyi mövcuddur. Belə bir vəziyyətdə prezindetin əvvəlcə Vaşinqtona, sonra Moskvaya və ya əvvəlcə Moskvaya, sonra Vaşinqtona səfər etməsinin heç bir önəmi yoxdur”.

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlu Nalbandyanın açıqlamasını ikiüzlü siyasətin bariz nümunəsi kimi qiymətləndirir: "Bir tərəfdən Türkiyəyə problem yaratmağa cəhd edirlər. Həmçinin qondarma erməni soyqırımı məsələsini ortalığa ataraq dünya ölkələri vasitəsilə Türkiyəyə təzyiqlər edərək qətnamələr qəbul etdirirlər. Bundan əlavə, milli atributlarında Ağrı dağın şəklini yerləşdirirlər. Bu da ərazi iddiasından başqa bir şey deyil. Ermənistan hakimiyyətinə bu sualı vermək lazımdır ki, əgər ərazi iddianız yoxdursa, Türkiyə torpaqlarını özündə əks etdirən dövlət atributlarını niyə yerləşdirirsiniz? Digər tərəfdən isə Ermənistan xarici işlər naziri özlərini Amerika ictimaiyyətinə xoş göstərmək üçün Türkiyəyə ərazi iddiamız yoxdur deyir”.

Siyasi şərhçi bu baxımdan Türkiyənin Qarabağ məsələsindəki mövqeyinə toxunaraq bildirib ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır ki, Türkiyə ilə diplomatik münasibətlər davam etdirilsin, sərhədlər açılsın: "Çox böyük təəssüflər olsun ki, amerikalı senatorlar, konqresmenlər erməni hakimiyyət təmsilçilərinə sual vermirlər ki, niyə bütün məsələlərdə Rusiyadan asılısınız və Rusiyanın Ermənistandakı hərbi bazaları kimə qarşıdır? Niyə BMT-nin qətnamələri icra olunmadı? Bu məsələləri Amerika gündəmə gətirməlidir. Bu o deməkdir ki, müstəqil dövlət kimi qərarlar qəbul edə bilmirlər”.

Vüqar Şahinoğlu