Ermənistan ordusu çökür

“Armenian Report” saytı yazıb ki, “xoş təsəvvür” yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil”





Ciddi iqtisadi böhran yaşayan Ermənistanda bütün sahələr iflic vəziyyətə düşüb. Büdcənin boşalması, sosial layihələrin reallaşmaması, ölkənin investisiyalara həsrət qalması, xüsusən gənclərin kütləvi şəkildə ölkəni tərk etməsi erməni ordusunun acınacaqlı duruma düşməsinə səbəb olub. 2016-cı ilin aprel döyüşlərində ciddi itkilərə məruz qalan Ermənistan ordusu getdikcə daha dözülməz vəziyyətə düşməkdədir.

Orduda baş verən ani ölümlər, zabit-əsgər münasibətlərinin kobud şəkildə pozulması, intihara məcbur etmə halları və digər hadisələr bir daha sübut edir ki, Ermənistan ordusu nəinki Azərbaycan Silahlı Qüvvələri ilə döyüş aparmaq, hətta öz ölkəsini qorumaq üçün belə kifayət qədər gücə sahib deyil. Düşmən ölkədə ordu problemi uzun zamandır davam etməkdədir.

2000-ci illərdən etibarən geniş vüsət alan əsgər çatışmazlığı erməni ordusunun bir nömrəli probleminə çevrilib. Məsələ ondadır ki, düşmən ordusunun neqativ tərəflərini artıq Ermənistan mediası və hərbi ekspertləri özləri də etiraf edirlər. Hətta ölkənin müdafiə naziri Vigen Sarkisyan da ordunun ciddi islahatlara ehtiyac duyduğunu dilə gətirib. Nazir bildirib ki, silahlı qüvvələrin modernləşməsi və ordu-xalq anlayışının formalaşması qaçılmaz zərurətdir. 

Vigen Sarkisyanın açıqlamasını şərh edən Ermənistanın "Armenian Report” saytı yazıb ki, "xoş təsəvvür” yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Nəşr bildirib ki, bugünkü mənzərəyə baxdıqda aydın görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir: "Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır. Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilmir. 

Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır”. Yazıda, həmçinin qeyd olunub ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq nazirin dediyi "islahatlar” fonunda yüksək templə artmaqdadır: "İslahatların reallaşdırılması üçün qanunverici baza yoxdur. Bu istiqamətdə Ermənistan parlamentində heç bir təklif səsləndirilmir. Orduda problemlər gündən-günə artır. Problemlərdən daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi "xalq-ordu” ifadəsi isə yalnız qulağa xoş gələn bir arzudur”. Ermənistanın "Lragir.am” saytının məlumatına görə, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan bildirib ki, ordudakı özbaşınalıq, rüşvətxorluq və digər məqamlarla bağlı bütün faktları məhkəmə qarşısına çıxarsa da, sabiq prezident Serj Sarkisyanın diktəsilə ədalət bərpa edilməyib. 

Keçmiş müdafiə naziri Ermənistan ordusunda hərbi texnika, sursat və yanacaq çatışmazlığının mövcudluğunu və bunun kökündə isə korrupsiya və rüşvətxorluğun dayandığını diqqətə çatdırıb. Ohanyan sonda Ermənistan əhalisinin bundan sonra da ölkədə yaxşıya doğru heç nə gözləmədiyini, insanların bitib-tükənməyən problemlərdən yorulduğunu diqqətə çatdırıb. 

Ermənistanın "News.am” saytına müsahibəsində "Tsarukyan” blokundan deputat Napoleon Əzizyan da ölkə rəhbərliyinin erməni ordusunun "gücü, qüdrəti, yüksək peşəkarlığı, döyüş qabiliyyəti” barədə biri-birinin ardınca verdikləri pafoslu, reallığı əks etdirməyən bəyanatları ifşa edib. Deputat vurğulayıb ki, erməni ordusu döyüş qabiliyyətini ancaq Rusiyanın hesabına saxlayır: "Bu gün bizim döyüş qabiliyyətli ordumuz var” fikri uydurmadır. Bu cür məhdud büdcə şəraitində döyüş qabiliyyətli ordunun olması mümkün deyil. İndiki ordunun varlığında isə Rusiya faktoru əsas rol oynayır”. Erməni ekspertlər də vurğulayırlar ki, Rusiyanın köhnə silahları ilə təchiz edilmiş Ermənistan ordusu güclü Azərbaycan ordusuna güc gətirə bilməz.

Xatırladaq ki, ötən gün Stokholmda mənzillənmiş beynəlxalq sülh problemləri İnstitutu 2016-2017-ci illər üçün silah ixracına dair hesabatını açıqlayıb. Hesabata əsasən Ermənistan Rusiyadan 124 milyon dollarlıq silah alıb. Azərbaycan isə hesabat dövründə düşməndən 5 dəfə çox, yəni 551 milyon dollarlıq silah və hərbi texnika alıb. Ötən gün Azərbaycan Ordusunun 25 min nəfərlik heyətlə genişmiqyaslı hərbi təlimlərinə şahidlik edən Ermənistan tərəfi silahlı qüvvələrimizin gücündən vahiməyə düşüb. Ordusunun bərbad durumda olduğunu bilən erməni ictimaiyyəti də ciddi narahatlıq keçirib. Ermənistan Demokrat Partiyasının lideri Aram Sarkisyan açıq şəkildə bəyan edib ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan Türkiyənin birbaşa dəstəyi ilə Naxçıvan ərazisindən Ermənistanın istənilən məntəqəsinə zərbə endirməkdə tərəddüd etməyəcək: "Nəzərə alanda ki, muxtar respublikadan İrəvana qədər məsafə cəmi 80 kilometrdir, bu məsafə reaktiv yaylım atəşi sistemləri üçün tamamilə əlçatandır”.

İsmayıl