Ermənistan rəhbərliyi əsirləri dəyişdirməkdə maraqlı deyil

Paşinyanın açıqlamasından nəsə məna axtarmağa dəyməz
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı iki girovumuzu qaytarmaq istəmir. Erməni baş nazirin iddiasına görə, guya, girovlarımız Dağlıq Qarabağda adam öldürüblər. Buna görə də Paşinyan iki azərbaycanlı girovun Azərbaycanda həbsdə saxnanılan erməni diversantlarla dəyişdirilməsi təklifinə qarşı çıxıb. Paşinyan bildirib ki, Dağlıq Qarabağdakı iki girovu Azərbaycana qaytarsa, Ramil Səfərov olayı təkrarlanacaq. Ancaq Paşinyanın istəyindən asılı olmayaraq, Azərbaycanda həbsdə olan ermənilərin qohumları etiraz edərək əsirlərin dəyişdirilməsini tələb ediblər. Əslində onlar bununla Azərbaycanın irəli sürdüyü "bütün əsirləri dəyişək” prinsipinə dəstək veriblər. 
Xarici İşlər Nazirliyinin mətbuat xidməti də Ermənistan baş naziri Nikol Paşinyanın açıqlamasını şərh edib. Nazirlik rəsmisi bildirib ki, beynəlxalq humanitar hüquqda münaqişə tərəflərinin razılığı əsasında əsir və girovların dəyişdirilməsi məsələsi öz əksini tapır və beynəlxalq təcrübədə bu kimi mübadilədən geniş istifadə olunur: "Azərbaycan beynəlxalq hüququn müvafiq konvensiyaları, eləcə də humanizm prinsiplərindən çıxış edərək hər iki tərəfdə saxlanılan girovların dəyişdirilməsi təklifi ilə çıxış etdiyi halda, Paşinyan səsləndirdiyi bəyanatı ilə əslində ölkəsinin üzvü olduğu Cenevrə Konvensiyaları və onun əlavə protokollarına zidd olaraq beynəlxalq öhdəliklərini kobudcasına pozduğunu etiraf etdi. Bu addım, həmçinin onun ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər zaman təşviq etdiyi humanitar fəaliyyətə məhəl qoymadığını göstərdi. Ermənistanın baş naziri vəzifəsini icra edən Paşinyanın bu bəyanatı onun sivil davranışlardan tamamilə uzaq, sözdə sülh və barışıqdan bəhs edən, əməli olaraq isə ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu açıq şəkildə nümayiş etdirir. Bu bəyanat Paşinyanın sələfi Serj Sarkisyandan qətiyyən fərqlənmədiyini göstərir”.
Paşinyanın açıqlamasını "Şərq”ə dəyərləndirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib ki, Paşinyanın davranışı Ermənistanın yeni hakimiyyətinin mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur: 
"Paşinyan beynəlxalq tribunalarda gözə kül üfürməyə, "demokratiya”dan, yalançı sülhdən danışaraq dünya ictimaiyyətini aldatmağa çalışır. Baş nazir populist çıxışları ilə əsl erməni xislətini gizlətməyə cəhd göstərirdi. Amma Paşinyanın bu cür açıqlamasından aydın olur ki, erməni rəhbərliyi türk dünyasına nifrət hissi ilə yaşayır. Reallıq odur ki, baş nazir küçədən gəldiyi üçün dövlət işlərini, siyasi gedişləri bilmir. Məhəllə psixologiyasından kənara çıxa bilməyən Paşinyan tez-tez mövqeyini dəyişir, biri-birinə zidd açıqlamalar səsləndirir. Ona görə də Paşinyan kimi adamların dediklərində nəsə məna axtarmağa dəyməz. Amma burada bir neçə məqamı vurğulamaq lazımdır. Birincisi, erməni hakimiyyəti hər zaman öz əhalisinə qurban gözü ilə baxıb. Düşmən ölkə üçün ölü ermənidən istifadə etmək daha məqsədəuyğun sayılıb. 
Elə özləri hər zaman deyirdilər ki, "ən yaxşı erməni ölü ermənidir”. Yəni dünyanın istədikləri yerində öz qatilləri vasitəsi ilə bir-iki erməni öldürürlər, sonra da "soyqırım” adı altında vay-şüvən qoparırlar. Siyasi məqsədlərinə nail olmağa çalışırlar. İrəvan Azərbaycan tərəfinin əsir götürdüyü heç bir erməni ilə maraqlanmayıb. Hətta erməni əsirlər öz həyatlarından nigaran olduqları üçün Ermənistana qayıtmaqdan imtina ediblər. 
Bunun əksinə, ermənilər Azərbaycanlı əsir və ya girov ələ keçirəndə ondan maksimum istifadə etməyə çalışırlar. Əsir və girovlardan siyasi möhtəkirliklə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Azərbaycan tərəfi humanist bir addım ataraq əsir və girovların dəyişdirilməsini təklif edib. Düşmənin bundan imtina etməsi göstərir ki, erməni hökuməti rəsmi Bakı ilə heç bir danışığa getmək niyyətində deyil”.
İsmayıl