"Ermənistan Rusiya və digər KTMT üzvlərinin dəstəyini almağa çalışır" - Millət vəkili






"Küçədən baş nazirliyə keçən Nikol Paşinyan Ermənistan cəmiyyəti qarşısında nüfuzdan düşür, verdiyi populist vədləri həyata keçirə bilmir”.

Bu sözləri "Sherg.az”a ermənilərin Qazax istiqamətdə təxribata cəhd göstərmələrinin səbəblərini izah edərkən millət vəkili Elman Məmmədov deyib.

O bildirib ki, Azərbaycanın uğurları, Naxçıvan istiqamətində böyük ərazini nəzarətə götürməsi, cəbhədə uğurlu əməliyyatları Ermənistan ordusunda daha da qarışıqlıq yaratdı:

"Ermənistan rəhbərliyi öz cəmiyyətindəki təşvişi nisbətən aradan qaldırmaq üçün cəbhə xəttində təxribatlara cəhd edir. Halbuki heç nəyə nail ola bilmirlər. Ermənistan Silahlı Qüvvələri hər addımda ümidsizliyə qapılır. Bu dəfə də cəbhə xəttində cəhd edilən təxribatın qarşısı alındı, hətta erməni diversantı əsir də düşdü”.

Ermənilərin Qazax rayonu istiqamətində, Ermənistan-Azərbaycan dövlət sərhədində təxribata cəhd etməsinin səbəblərinə gəlincə, E. Məmmədov düşünür ki, düşmən bununla dünya ölkələrinin və region dövlətlərinin diqqətini cəlb etmək istəyir:

"Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə görə, təşkilat üzvü olan ölkələrin təhlükəsizliyinə təhdid yaranarsa, digər ölkələr ona yardım etməlidir. Ermənilər də bu vasitədən istifadə etməyə, Rusiyanın və digər KTMT üzvlərinin dəstəyini almağa çalışır. Təxribatların Qarabağdan kənarda törədilməsinin məqsədi də budur. Halbuki KTMT üzvləri Ermənistana dəfələrlə başa salıb ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi daxilində heç bir toqquşmaya qarışmayacaqlar. Hətta Ermənistana işğalçı siyasət yürütdüyünü, bu addımlardan əl çəkməli olduğunu da xatırladıblar. Ermənilər isə bunu dərk etmək istəmirlər. Bu gerçəyi onlara başa salmağın yeganə yolu isə hərbi yolla torpaqlarımızı işğaldan azad etməkdir. Hesab edirəm ki, yaxın zamanda biz bu addımı atıb, ərazi bütövlüyümüzü təmin edəcəyik”.

Qeyd edək ki, iyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb. Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.

Aysel Aslan