Ötən gün İrəvan yenə qarışıb. Belə ki, "Spayka" şirkətinin əməkdaşları direktorları Davdi Kazaryanın həbsinə etiraz edirlər. Etirazçılar Yerevanın mərkəzində Tiqran Mets prospektini bağlayıblar. Eyni zamanda məhkəmənin qarşısında etirazçılarla polis arasında qarşıdurma yaşanıb. Asayiş keşikçiləri D.Kazaryanın olduğu avtomobilin çıxmasına şərait yaratmağa cəhd etsələr də, nümayişçilər mane olmağa çalışıb, hətta maşına zərbələr endiriblər. Aksiya iştirakçıları "Nikolu (baş nazir Nikol Paşinyan) tələb edirik!", "Sona qədər mübarizə!" şüarları səsləndirirlər. Qeyd edək ki,İrəvan şəhər məhkəməsi D.Kazaryanın iki ay azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Ona qarşı vergidən yayınma ittihamı irəli sürülüb.
Məsələyə münasibət bildirən millət vəkili Tahir Kərimli "Sherg.az”a bildirib ki,
Ermənistanda aksiya, əhali çıxışları hələ uzun müddət davam edəcək:
"Ermənistan hökuməti sözdə demokratiya, insan azadlığını əsas götürürsə, sadə insanların etiraz və çıxışlarının köməyi ilə hakimiyyətə gəlirsə, o zaman verdiyi vədləri yerinə yetirməlidir. İnsanların tələbləri yerinə yetirilməyəndə onlar da bu cür qeyri-sabitlik yaradırlar. İkincisi də, keçmiş hakimiyyətin "Qarabağ klanı”nın nümayənlərinin adamları keçimişdə Ermənistanın hərbi sənaye kompleksinə, Qarabağa rəhbərlik ediblər.
Onların böyük imkanları var. Amma indiki hakimiyyət qərbə tərəf meyl edib, onların marağını əzdikcə Ermənistanda aksiyanın ardı-arası kəsilməyəcək. Hesab edirəm ki, hər ötən gün işğalçı ölkədə qeyri-sabitlik daha da kəskinləşəcək. Həmçinin Ermənistandakı yeni hakimiyyət təcrübəsizdir, danışığını bilmir, məsuliyyət hiss etmir. Bunu dəfələrlə görmüşük. Onlar əvvəllər sülhdən danışsalar da, indi işğal edilən əraziləri genişləndirməklə ölkəmizi hədələyir.
Dünyanın heç bir dövlətində belə bir bəyatatlar səsləndirlilmir. Yəni, Ermənistan dövlətinin rəhbərlərinin məhsuliyyət hisləri yoxdur. Onlar anlamırlar, dövləti idarə edə bilmirlər. Əvvəllər N.Paşinyan hakimiyyətə kənardan baxdığı üçün ordunun necə olduğunu, dövlətin necə idarə edildiyini bilmirdi. Ona görə də ağız dolusu danışırdı.
Amma indi siyasətin, verdiyi vədlərin içərisindən çıxa bilmir. Həkimiyyətdə təcrübəsizlik olduqda vəziyyət qarışır, hər kəs özünü lider sayır, marjinal maraqlar meydana çıxır. Hazırda Ermənistan məhz bu vəziyyətin içərisindədir. İşğalçı ölkədəki, bütün bu qeyri-sabit vəziyyət Azərbaycanın xeyrinədir. Çünki hər keçən gün Ermənistan bölünməkdə, zəifləməkdədir. Ölkədə insanlar tez-tez vəzifədən gedir, həbs olunur, hansısa iri müəssisə bağlanır. Bütün bunlar da sonda ardı-arası kəsilməz etiraz aksiyasına gətirib çıxarır. Düşünürəm ki, Ermənistan hakimiyyəti bu şəraitlə uzun yol gedə bilməz. Fikrimcə, yaxın aylarda Ermənistanda düşmən qüvvələr belə birləşib indiki hakimiyyətə qarşı çıxacaq”.
Kənan Eynuroğlu