Ermənistan xaricdən pul və göstəriş alır

May ayında atəşkəs rejimi daha intensiv pozula bilər



Azərbaycan-Ermənistan cəbhəsində gərginlik daha da artmaqdadır. Tərəflər arasındakı döyüşlərin geniş hərbi əməliyyatlara keçməsinə dair ehtimallar hər gün bir az da artır. Xüsusən də qərb ekspertləri Dağlıq Qarabağda yeni müharibənin başlama riskinin böyük olduğu qənaətindədir. Azərbaycan və Ermənistanın hərbi imkanlarına toxunan ekspertlər hər iki ölkənin son illərdə sürətlə silahlandığı qənaətindədir.

Bəzi ekspertlər isə Avropa oyunlarından sonra cəbhədə hərbi əməliyyatların başlayacağını düşünür.

Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov bütün hallarda müharibənin yenidən başlaması versiyasının ağlabatan olmadığı qənaətindədir: "Erməni təxribatlarının səngiməməsi bir neçə

səbəbdən qaynaqlanır. Birinci səbəb odur ki, əslində, Ermənistandakı hakimiyyətin atəşkəs rejimini çox intensiv şəkildə pozması, onların qondarma erməni soyqırımının ildönümünü həyata keçirməklə bağlı planlarının tərkib hissəsidir. Bilirsiniz ki, Serj Sarkisyanın rəhbərliyi ilə Dövlət Komitəsi yaradılıb. Həmin komitənin də uydurma soyqırımla bağlı tədbirlər planı işlənib hazırlanıb. Bu planın tərkib hissələrindən biri də məhz aprel ayının 24-nə qədər atəşkəs rejimini gerçək şəkildə pozaraq, Azərbaycan tərəfinə itkilər verməkdən ibarətdir. İkinci bir tərəfdən, bilirsiniz ki, Ermənistan xaricdən alınan ianələr hesabına yaşayır. Dünyadakı erməni lobbisi də aprelin 24-nə qədər xüsusi olaraq Azərbaycan tərəfinə daha çox zərbələr endirmək, atəşkəsi daha intensiv şəkildə pozmaq məsələsini dövləti qarşısında vəzifə kimi qoyublar. Buna görə də daha çox ianə vəsaitləri ayırır. Sarkisyan rejimi də aldığı bu vəsaitlərin əvəzi olaraq atəşkəs rejimini daha intensiv şəkildə pozmaqda maraqlıdır. Başqa bir tərəfdən, bilirik ki, iyunun 12-də Azərbaycanda 1-ci Avropa Olimpiya Oyunları keçiriləcək. Bununla bağlı prosesi pozmaq üçün atəşkəsin pozulması da intensiv xarakter almağa başlayıb. Sarkisyan iqtidarı öz hakimiyyətini qoruyub saxlamaq üçün müxtəlif üsullara əl atır. Bu nöqteyi-nəzərdən daxildə baş verən proseslərdən auditoriyanın diqqətini yayındırmaq üçün təmas xəttində vəziyyəti gərginləşdirmək əsas niyyətlərindəndir. Hesab edirəm ki, sadaladığım bu məqamlar indiki halda Ermənistanın atəşkəs rejimini mütəmadi olaraq pozmasının əsas səbəblərindəndir. Belə şəraitdə Avropa Oyunlarından sonra müharibənin yenidən alovlanması versiyası ağlabatan deyil. Amma may ayından atəşkəs rejiminin daha sərt və intensiv şəkildə pozulması ehtimalları daha böyükdür. Yəni müharibə deyil, atəşkəsin pozulması ehtimalı isə çox böyükdür”.

Şəymən