Əks təqdirdə, onlar xoşluqla işğal olunmuş torpaqları qaytaran deyillər
Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən Belçikanın xarici işlər naziri Didye Reynders münaqişə tərəflərinə təmas xəttində toqquşmaları dayandırmaq və hərbi mövcudluğu geri çəkmək çağırışı edib. Danışıqlar prosesi ilə bağlı danışan D.Reynders Dağlıq Qarabağ münaqişəsinin "Madrid prinsipləri” əsasında həll olunma ehtimalından da söz açıb.
XİN rəhbəri vurğulayıb ki, nəzərdə tutulan prinsiplərə əsasən öncə Ermənistan öz işğalçı ordusunu Azərbaycan ərazilərindən çıxarmalıdır. Daha sonra isə konflikt "Helsinki xartiyası” əsasında, yəni Azərbaycanın ərazi bütövlüyünün saxlanması və Dağlıq Qarabağ ermənilərinin öz taleyini təyin etmək hüququna riayət etməklə həll edilməlidir. Bu, Dağlıq Qarabağın Azərbaycan
sərhədləri daxilində ən yüksək muxtariyyəti deməkdir. Ötən gün Ermənistan Prezidenti Serj Sarkisyan da mətbuata açıqlamasında qeyd edib ki, Rusiya, ABŞ və Fransa prezidentlərinin birgə bəyan etdiyi 5 prinsip və elementlər, eləcə də "Madrid prinsipləri” məsələnin sülh yolu ilə həllinə imkan verir. Məlumata görə, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin gələn ay nəzərdə tutulan görüşündə də sözügedən prinsiplər müzakirə olunacaq. Danışıqlar prosesindəki növbəti mərhələyə münasibət bildirən əksər politoloqlar təcavüzkar Ermənistanın "Madrid prinsipləri” çərçivəsində münaqişənin həllində maraqlı olduğuna inanmırlar. Onların fikrincə, məqsəd sadəcə imitasiya yaratmaqdır. Ümumiyyətlə, "Madrid prinsipləri”nin mahiyyəti nədir və bu prinsiplər Azərbaycanın maraqlarına nə qədər uyğun gəlir?
Məsələni şərh edən tanınmış siyasi ekspert Arzu Nağıyev deyir ki, "Madrid prinsipləri” 2007-ci ilin noyabr ayında İspaniyada Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını göstərən və ATƏT-in Minsk Qrupu tərəfindən təklif edilən bir sənəddir. Sonradan bu sənədə müəyyən əlavələr edilib və 10 iyul 2009-cu ildə İtaliyanın Akvil şəhərində rəsmən elan edilib: "Sənədin müddəalarına əsasən ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. İkinci şərt kimi təhlükəsizlik və özünüidarəetmə zəmanəti verilməklə Dağlıq Qarabağa aralıq statusu verilməsi nəzərdə tutulur və Ermənistanla dəhliz yaradılır. Bundan sonra hüquqi və referendum əsasında Dağlıq Qarabağın son hüquqi statusu müəyyən edilir. Bu məsələlər həll edildikdən sonra isə hər iki tərəfdən qaçqınların öz daimi yaşayış yerlərinə qaytarılması məsələsi həllini tapır. Sonda beynəlxalq təhlükəsizlik təminatları və sülhməramlı əməliyyatların keçirilməsinə şərait yaradılır”.
Politoloq bildirir ki, bütün bu şərtlərlə bağlı dəfələrlə görüşlər keçirilib. Hətta 2010-cu il dekabrın 1-də Astanada ATƏT-in sammitində Rusiya prezidenti, ABŞ-ın dövlət katibi, Fransanın baş naziri, Azərbaycan və Ermənistan prezidentlərinin də imzası ilə beynəlxalq hüquqi normalar, BMT nizamnaməsi və digər sənədlərə uyğun olaraq razılaşdırılmış bəyanat qəbul edilib. Yuxarıda vurğuladığım kimi, birinci şərt kimi ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması durur. Lakin ermənilər müxtəlif bəhanələrlə, guya ki, bu rayonlar bufer zonasıdır və s. ağlasığmaz arqumentlər gətirərək heç cürə bu şərtləri yerinə yetirmirlər və yetirmək istiqamətində də addımlar atmırlar. Əksinə, atəşkəsi pozmaqla özlərinin qəsbkar olduqlarını nümayiş etdirirlər. Azərbaycan tərəfi isə dəfələrlə bəyan edib ki, bu şərtləri qəbul edir və sülhün tərəfdarıdır. Münaqişənin həlli üçün də sülh danışıqlarına hazırdır.
Belçikanın xarici işlər naziri Didye Reyndersin tələbi ilə də bağlı onu demək olar ki, bu çağırışlar elə çağırış kimi də qalacaq. Düşünürəm ki, bu da ermənilərə və onların havadarlarına təsir gücü olmayan növbəti bir çıxışdır. Nə qədər ki, ermənilər zəbt etdiyi torpaqlarımızdan çıxmayacaq, heç bir sülh danışığından söhbət gedə bilməz. Buna görə də ordumuz güclü olmalıdır. Məcburi qaydada erməniləri danışıqlar masasına əyləşdirməliyik”.
İsmayıl