Ermənistanda inqilab gözlənilir

Ölkədə anti-rus əhval-ruhiyyəsi heç vaxt belə səviyyədə olmayıb




Aprelin 9-dan Ermənistan tam olaraq parlament idarəçilik üsuluna keçəcək. Bununla əlaqədar işğalçı ölkədə ictimai-siyasi gərginlik artıb. Artıq erməni ictimaiyyətinin tanınmış nümayəndələri, siyasətçiləri də ölkənin bərbad durumunu ifşa etməkdə, dilə gətirməkdədir. "Yelk” bloku Serj Sarkisyanın idarə etdiyi Hakim Respublika Partiyasının hökumət postunda öz yerini möhkəmləndirməsinə qarşı çıxır.

Ötən həftə Serj Sarkisyanın Ermənistanın baş naziri olacağı ilə bağlı rəsmi açıqlaması işğalçı ölkədə vəziyyəti daha da gərginləşdirib. Parlamentdə çıxışları zamanı "Yelk” blokunun üzvləri Sarkisyanın bu qərarını kəskin tənqid ediblər. Onu ikiüzlükdə ittiham edən deputatlar bildiriblər ki, bundan sonra Ermənistanı daha ağır günlər gözləyir. Təşkilatın təmsilçiləri - İrs Partiyasının sədri Armen Martirosyan və Demokratik Vətən Partiyasının lideri Petros Makeyan, Ermənistan Milli Konqresi sədrinin müavini Levon Zurabyanla görüşərək Sarkisyana qarşı koalisiya yaradıblar. Keçmiş müdafiə naziri Seyran Ohanyanın da onlara dəstək verdiyi bildirilir.

Düşmən ölkə inqilab ərəfəsində...

"Yelk” bloku Sarkisyanın namizədliyinin baş nazir postuna irəli sürülməsinə etiraz olaraq aprelin 3-də İrəvanda mitinq-yürüş keçirəcək. Bununla bağlı şəhər merinə müraciət də olunub. Ölkə vətəndaşları bu məsələdə müxalifəti dəstəkləyir. Bunun əsas səbəbi isə Ermənistandakı ağır sosial-iqtisadi vəziyyətdir. Məlumdur ki, Ermənistan MDB məkanının ən yoxsul ölkəsidir. "Panorama.am” saytı Ermənistan Statistika Xidmətinin məlumatlarına əsasən, 2016-cı ildə ölkədə yoxsulluq səviyyəsinin 29,4 faiz olduğunu bildirib. Məlumata görə, işsizlərin sayı 220 min nəfər artıb. Hazırda Ermənistanda işsizlərin böyük hissəsi qadınlardan ibarətdir. Onların 66,7 faizi iş tapa bilmir. Əhali çıxış yolunu xarici ölkələrə üz tutmaqda görür.

"Ermənistan hökuməti əhaliyə yalan vədlər verir”

Ermənistanın "Armeniareport” saytında yayılmış məqalədə bildirilib ki, İrəvan hökuməti vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. Ancaq verilən vədlərin hamısı yalandır. Yazıda qeyd olunub ki, sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür: "Problemlərin həlli yalnız ölkəni tərk etməkdir. Ermənistan iqtisadiyyatının yaxşılaşması isə reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vədlər də uydurmadır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil”.

Erməni gəncləri ordudan qaçır...

Silahlı Qüvvələrin şəxsi heyətinin artırılması problemi Ermənistanda ordu quruculuğunun aktual məsələlərindən biri olaraq qalır. Rusiyanın Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin "Fırtına gözləyərkən: Cənubi Qafqaz” adlı yeni kitabında vurğulanıb ki, ölkənin demoqrafik çətinliyi hərbi xidmətə çağırış yaşlı gənclərin sayında da əks olunub. Hökumət bu problemin öhdəsindən gəlmək üçün təhsillə əlaqədar hərbi xidmətdən möhlət hüququnu ləğv edərək qanunvericiliyi sərtləşdirib: "Möhlət hüququ tələbə Müdafiə Nazirliyi ilə tədris müddətində hərbi hazırlıq keçmə və təhsil müəssisəsini bitirdikdən sonra hazırlığın tamamlanması haqqında müqavilə bağlayacağı halda verilir. Yekunda təhsildən sonra vətəndaş orduda iki deyil, üç il xidmət edir”. Müvafiq qanun ciddi tənqidə məruz qalıb. Hesab edilir ki, bu dəyişiklik mühacirətin artmasına təkan verəcək, Silahlı Qüvvələrə isə daha az ali təhsilli şəxs cəlb olunacaq.

Aprel döyüşlərinin Ermənistan üçün acı nəticəsi...

"Fırtına gözləyərkən: Cənubi Qafqaz” adlı kitabda Azərbaycan Ordusunun strateji yüksəkliyi ələ keçirdiyi 2016-cı il aprel döyüşlərindən də bəhs olunub. Müəlliflər bildiriblər ki, bu döyüşlər Ermənistan Silahlı Qüvvələrinin texniki təchizatı ilə bağlı bir sıra problemlərin olduğunu nümayiş etdirib: "Ümumilikdə aprel döyüşlərinin Ermənistan üçün acı nəticəsi ölkə rəhbərliyini Silahlı Qüvvələrin texniki təchizatı və modernləşdirilməsi işlərini aktivləşdirməyə məcbur etdi. Yekunda aprel döyüşlərindən sonra Ermənistanın kredit hesabına təcili olaraq silahlar alması zərurəti yarandı”.

"Bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”

Ermənistanın "Birinci informasiya” xəbər saytının müxbiri ilə söhbətində Avropanın Erməni İttifaqlarının Forumunun sədri Aşot Qriqoryan bildirib ki, Ermənistan ətrafında vəziyyət bu gün heç vaxt olmadığı qədər gərgin və təhlükəlidir: "Bu gün bizdə qanuni hökumət və prezident yoxdur. Buna görə də bizim gələcəyimiz çox qeyri-müəyyən və təhlükəlidir”. 

Onun sözlərinə görə, ölkədə rus və qərbmeylli qüvvələr arasında çox ciddi toqquşma var. Qriqoryan qeyd edib ki, toqquşmanın əsas səbəbi ondan ibarətdir ki, "ölkənin prezidenti adlandırılan şəxs” daxili və xarici proseslər üzərində nəzarəti tamamilə itirib. "Anqlosakslar Ermənistana öz nümayəndəsini göndərdilər. Bununla da bizim daxili həyatımıza yalnız Birləşmiş Ştatlar deyil, həm də Böyük Britaniya qarışmağa başladı. Baş nazir Karen Karapetyan Moskvanı təmsil edir. Ermənistanın daxili siyasi həyatının zirvəsində oturan insanlar çıxış yollarını görə bilmir. Əgər belə davam edəcəksə, bizim gələcəyimiz çox təhlükəlidir”. 

Aşot Qriqoryan bildirib ki, hakimiyyət daxilində çox ciddi mübarizə gedir. O, Ermənistanın ətrafında qərbyönümlü güclərlə deyil, qərbyönümlü güclər arasında mübarizənin getdiyini deyib. Forumun rəhbəri Ermənistanda anti-rus əhval-ruhiyyələrin heç vaxt belə səviyyədə olmadığını vurğulayıb: "Bu gün hətta Rusiya və rusiyayönlü xadimlərə qarşı bizim siyasətçilərimizin analizi məntiqsizlik həddinə çatır. Mütləq razılıq yoxdur və əgər belə davam edəcəksə, ciddi üsyanlar mümkündür”.

İsmayıl