"Ermənistanda kritik vəziyyət daha da dərinləşib" - Politoloq

Tofiq Abbasov: "Paşinyanın özünü doğrulda bilməməsi “Qarabağ klanı”nın dirənməsinə, hətta yenidən mübarizəyə qoşulmasına gətirib çıxarıb"



"Paşinyanın hakimiyyəti kövrəkdir. Seçkidə saxtakarlıq etdiyi halda az sayda səs toplaması baş nazirin tam oturuşa bilmədiyini göstərir”.

Bunu "Sherg.az”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Analitik bildirib ki, çoxluq Paşinyana etimad göstərməkdə çətinlik çəkir. Çünki xeyli vaxt keçsə də, verdiyi vədləri yerinə yetirə bilmir:

"Həm Koçaryan, həm də Sarkisyan dövründə Dağlıq Qarabağdakı separatçı rejimin başında İrəvan hakimiyyətinin klounları olub. Qondarma rejimin başında duran təxribatçı şəxslərin hamısı birbaşa Ermənistan hökumətinə tabe olublar. Ancaq indi vəziyyət başqadır. İrəvanda hakimiyyət dəyişsə də, Dağlıq Qarabağdakı qanunsuz rejimin rəhbəri öz "postunu” qoruyur. Səbəbi odur ki, Ermənistanda hakimiyyət "Qarabağ klanı”nın razılığı ilə baş verməyib. 

Paşinyan inqilab yolu ilə hakimiyyəti devirib. Yəni kriminal rejimdən bezən ermənilər "suya düşənin saman çöpündən yapışması” kimi Paşinyana ümid ediblər. Lakin düşmən ölkədə kritik vəziyyət dəyişməyib, əksinə qeyri-stabil durum daha da dərinləşib. Paşinyanın özünü doğrulda bilməməsi "Qarabağ klanı”nın dirənməsinə, hətta yenidən mübarizəyə qoşulmasına gətirib çıxarıb. Məsələ ondadır ki, "Qarabağ klanı”nın addımları hər zaman kriminal hadisələrlə, terrorla, qətliamlarla yadda qalıb. Ona görə də Paşinyan özünü rahat hiss etmir. Etibarlı sığortasının olmadığını dərk edir. Bu baxımdan separatçıların "rəhbəri” Bako Saakyanı dəyişdirmək əvəzinə öz yanına çəkməyə çalışır”.

Siyasi şərhçinin sözlərinə görə, Saakyan artıq meydanda tək qalıb: 

"İndiyə qədər onu müdafiə edən qüvvələrin hökmranlığı bitib. Digər tərəfdən radikal Qarabağ hərəkatının tərəfdarları da "hakimiyyəti” ələ keçirmək istəyirlər. Radikalların məqsədi Ermənistandan ayrılaraq özlərinə "müstəqil dövlət” qurmaqdır. Paşinyanla Saakyanı bir-birinə nisbətən yaxınlaşdıran amil budur. Əlbəttə, klanlar arası ciddi qarşıdurmanın yaşanması da mümkündür. Əgər klanlar açıq-aşkar toqquşmaya getsələr, biri digərini tamamilə sıradan çıxaracaq. O cümlədən ölkədə həm siyasi, həm də iqtisadi baxımdan ciddi böhranlar yaşanacaq. Rusiyanın prosesləri uzaqdan izləməsi maraqlıdır. Ancaq Rusiya prezidenti Vladimir Putinin seçkidən sonra Paşinyanı təbrik etməməsi Moskvanın Ermənistandakı yeni hökumətə necə yanaşdığını göstərir”.

Qeyd edək ki, Ermənistanın yeni rəhbərliyi ilə "Qarabağ klanı” arasında gizli mübarizə davam etməkdədir. Növbədənkənar seçkidə saxta yollarla "qalib” olan baş nazir Nikol Paşinyan hər vəchlə klanın sonuncu dayaq nöqtəsini, yəni Dağlıq Qarabağdakı separatçı Bako Saakyanı da zərərsizləşdirmək istəyir. Məqsəd Qarabağda özünə yaxın adamı yerləşdirməklə qondarma rejimi İrəvana yenidən tabe etdirmək və mütləq hakimiyyətə yiyələnməkdir.

İsmayıl