Ermənistanda yekdil siyasi mövqe yoxdur





Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesində fasilə yaranıb. Ekspertlərə görə, prosesdə yaranmış fasilə ilin axırına qədər uzana bilər. Fasilənin yaranma səbəbləri əvvəlcə Ermənistanda idarəçilik formasının dəyişməsi, daha sonra apreldə Azərbaycanda prezident seçkilərinin keçirilməsi, ardınca Ermənistanda baş verən etirazlar və hakimiyyət dəyişikliyi idi.

Son günlər danışıqların hansısa formada yenidən bərpası, yaxud əksinə danışıqlardan imtina edərək birbaşa savaşa girməklə bağlı müzakirələr getməkdədir. Real olan odur ki, hazırda Ermənistanda qısamüddətli perspektivdə danışıqlar aparmağa səlahiyyəti çatan şəxs yoxdur. Yaxın günlərdə meydana çıxması da mümkün görünmür. Mövcud vəziyyəti rəsmi Bakı da yaxşı dəyərləndirir. Ötən gün millət vəkili Qüdrət Həsənquliyev də Paşinyanın timsalında Ermənistanda Qərbçilərin irəli keçməsini və Azərbaycanın bundan fayda götürə biləcəyini əsas gətirərək, Moskva ilə danışıqlar aparılmasına işarə edib. Müharibə variantını gözardı edən deputat bildirib ki, Azərbaycan tərəfi Rusiyanın maraqlarını nəzərə almaqla Kremllə danışıqlara başlamalıdır: "Moskva bizə ərazi bütövlüyümüzü bərpa etmək imkanı vermək üçün əmin olmalıdır ki, bölgədən tam şəkildə sıxışdırılıb çıxarılmayacaq. Buna görə də Rusiya ilə danışıqlar zəruridir”.

Gündəmə gətirilən təklifi "Şərq”ə dəyərləndirən "Cənubi Qafqaz” Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanda Nikol Paşinyanın başçılığı ilə "məxməri inqilab”ın baş tutması, düşmən ölkədə siyasi böhranın uzun zaman davam etməsinə səbəb olacaq. Ekspertin fikrincə, Respublikaçılar Partiyasının parlamentdə çoxluğa sahib olması, yeni hakimiyyətin siyasi idarəetmədə çətinliklərlə üzləşəcəyindən xəbər verir: 

"Baş nazir parlament qarşısında cavabdehdir və hər hansı danışıqlar və müqavilələr öncə parlamentdə müzakirə edilir. Ona görə də Paşinyanın həm Qarabağ münaqişəsi ilə bağlı sərt ritorikası, həm də Respublikaçıların parlamentdə üstünlüyü mümkün danışıqların konstruktiv məcrada davam etməsini çətinləşdirir. Bu baxımdan rəsmi Bakı, ilk növbədə konfliktin həllini Rusiya ilə uzlaşdırmalı və danışıqları birbaşa onlarla aparmalıdır. Çünki, Ermənistanda yekdil siyasi mövqe və qərar yoxdur. Orada tamhakimiyyətlilik formalaşmayıb. Məncə də Azərbaycan Ermənistanı gözləməməli və ərazilərin boşaldılması istiqamətində Moskva ilə diplomatik danışıqları başlamalıdır”.

"Nikol Paşinyanın nə komandası var, nə də siyasi proqramı müəyyənləşib”. Bu barədə "Sherg.az”a "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, N. Paşinyan hakimiyyəti ələ alan kimi xaotik addımlar atdı, iddialı bəyanatlarla çıxış etdi: 

"Yeni baş nazir, Serj Sarkisyanı devirdi ki, guya yeniliklər gətirəcək. Amma hələ də əvvəlki rəhbərliyin siyasətini davam etdirir. N.Paşinyanın Qarabağa səfəri, bu zaman Azərbaycan haqqında təxribat xarakterli açıqlamalar səsləndirməsi, ağılasığmaz iddialar irəli sürməsi əvvəlki siyasi xəttə dəyişiklik edilmədiyini göstərir. Bu vəziyyət deməyə əsas verir ki, cəbhə bölgəsində vəziyyət gərgin olaraq qalacaq. Hazırkı Ermənistan hakimiyyəti seçim etməlidir. Bölgədə sülh olmasını, ölkənin inkişafını istəyirlərsə, torpaqlarımızı azad etməlidir. Bunlar baş verməyəcəksə, Serj Sarksiyanın dövründə olduğu kimi Azərbaycan ordusu Ermənistana təzyiqləri davam etdirəcək. İnanmıram ki, Nikol Paşinyan buna tab gətirə bilsin. Ermənistanda gərginlik daxili xaos və anarxiya bir müddət davam edəcək”.

İsmayıl