Ermənistanın hərbi təlimləri görüntüdür

Məqsəd saxta aprel seçkilərindən sonra Seyran Ohanyanın başını qatmaq və daxildəki gərginliyi azaltmaqdır


Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan torpaqlarında hərbi təlimlər keçiriblər. 
Ağdamın Üzündərə adlanan ərazisində təlimlərə başlayan düşmən tərəf ağır artilleriya qurğularından da istifadə ediblər. Ağır artilleriya və zirehli texnikalardan açılan atəş səsləri rayonun bütün yaşayış məntəqələrindən eşidilib.

Ermənilərin "fəallaşması” ilə bağlı "Şərq”ə fikirlərini bölüşən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bildirib ki, son dönəmdə zəbt etdiyi ərazilərdə iki dəfə hərbi təlim keçirən düşmən tərəf ciddi sürətdə Azərbaycanın əsəbləri ilə oynayır: 

"Ermənilər özləri də yaxşı bilir ki, onların göstəriş xatirinə keçirdikləri təlimlər Azərbaycanı hərbi baxımdan narahat etmir. Bizi düşündürən məsələ odur ki, düşmən işğal altındakı torpaqlarımızda hərbi təlim keçirməklə fauna və floramıza ciddi ziyan vurur. Böyük dağıntılara səbəb olan hərbi texnika və artilleriya ilə füsunkar təbiəti korlayırlar. Bir sözlə, hələki özgə torpağında at oynatmaqla məşğuldurlar. Fikrimcə, təlimlərin məqsədi saxta aprel seçkilərindən sonra Seyran Ohanyanın başını qatmaq və daxildəki gərginliyi azaltmaqdır”. 

Ekspertin sözlərinə görə, təlimlərdə Rusiyanın da izi görünür: 

"Son günlər Azərbaycan Prezidentinin işğalçı Ermənistanla bağlı sərt fikirlər səsləndirməsi, qətiyyətli mövqe ortaya qoyması düşməni və onu himayə edənləri ciddi təşvişə salıb. Ermənilər hərbi təlim şousu ilə guya müharibəyə hazır olduqlarını göstərmək istəyirlər. Şübhəsiz ki, Azərbaycan Ordusu istənilən təzyiqlərə və təxribatlara layiqincə cavab verməyə hazırdır. Hazırda cəbhədə vəziyyət gərgindir. Həmsədrlər iki ölkə Prezidentinin görüşünü təşkil edənə qədər toqquşmalar artan xətt üzrə gedəcək”.

İsmayıl