Ermənistanın muzdlu hərbiçilərdən istifadə etməsi yeni deyil

“ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir”



Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə keçirilən irimiqyaslı təlimlərin yekunlarına dair müşavirədə komandir-rəis heyəti qarşısında çıxışında işğal olunmuş ərazilərin tezliklə azad olunacağına əminliyini ifadə edib. Düşmən tərəfinin hazırkı vəziyyətini qiymətləndirən müdafiə naziri son döyüşlərdə canlı qüvvə sarıdan xeyli sayda itki verən ermənilərin təxribat törətmək planlarının tam alt-üst olduğunu diqqətə çatdırıb. Ermənistanda və işğal olunmuş ərazilərdə vəziyyətin həddindən artıq acınacaqlı olduğunu vurğulayan nazirin sözlərinə görə, düşmən ordusunda əsgər çatışmazlığı elə bir həddə çatıb ki, erməni tərəfi postlarda keşik çəkməyə mülki şəxsləri yerləşdirir. Bundan əlavə, hərbi əməliyyatlara müxtəlif ölkələrdən, eyni zamanda Yaxın Şərq regionundan - Livandan, Suriyadan olan muzdluları cəlb edir. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, ermənilərin tərkibində muzdluların olmasından Azərbaycan narahat olmamalıdır. Çünki bu artıq Ermənistan ordusunun zəifliyinin bariz nümunəsi hesab olunur. Ermənilərin muzdlulardan istifadə etməsinin yeni bir fakt olmadığını vurğulayan Elxan Şahinoğlunun sözlərinə görə, Qarabağ müharibəsi başlayandan üzü bu yana ermənilər muzdlulardan istifadə ediblər: "Ermənilər itirdikləri əsgərlərin yerini muzdlu döyüşçülərlə doldurmağa cəhd göstərsələr də bu, onlara heç nə verməyəcək. Birinci Qarabağ müharibəsi vaxtı biz belələrini çox görmüşük. Düşmən ölkədə vəziyyət o həddə çatıb ki, erməni əsgərləri döyüşmək istəmir. Ermənilərin candərdi savaşdıqları bir müharibədə muzldudan qəhrəmanlıq, şücaət gözləmək əbəsdir. Ermənistanda daxili vəziyyət həddindən artıq gərgindir. Sosial-iqtisadi çətinliklər səbəbindən yerli əhali Ermənistanı tərk edir, ölkədə demoqrafik problem yaşandığı bir mərhələdə təbii ki, erməni rəhbərliyi Dağlıq Qarabağda məskunlaşdırmağa erməni tapmır. Bu səbəbdən də Suriyadan, Livandan qaçan erməniləri Dağlıq Qarabağda yerləşdirməkdə maraqlıdır. Bununla Ermənistan özünün həm Dağlıq Qarabağda məskunlaşma siyasətini reallaşdırmış olur, həm də Azərbaycana qarşı əməliyyatlarda onlardan istifadə edir. Amma bir məsələ var ki, kimliyindən asılı olmayaraq Dağlıq Qarabağda yerləşdirilən insanlar müvəqqətidir. Mütəmadi olaraq Zakir Həsənovun Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və torpaqlarımızı ermənilərdən təmizləyəcək bəyanatları da məhz buna hesablanıb. Bu da onun göstəricisidir ki, istənilən halda Ermənistan öz istəyinə çatmayacaq. Faktiki olaraq, Ermənistan ordusu döyüşmək istəmir. Ermənistan rəhbərliyi artıq mülki əhalini Dağlıq Qarabağda yerləşdirib, boşluğu doldurmağa çalışırlar. Onların müdafiə sahəsində ciddi problemləri yarandığı üçün Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar və təlimlər onları qorxuya salıb”.

Qarabağın terrorçu yuvası olması faktına beynəlxalq aləmin diqqətini cəlb etmək, ermənilərin Azərbaycan torpaqlarında muzdlu döyüşçüləri yerləşdirməsinin qarşısını almaq üçün rəsmi Bakının atacağı addımlara gəldikdə isə politoloq uzun müddətdir bu məsələnin hökumətin diqqətində olduğunu deyib: "Azərbaycan bununla bağlı əvvəllər də beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Hətta bununla bağlı ATƏT-in Minsk Qrupunun faktaraşdırıcı missiyası da fəaliyyət göstərirdi. Amma onlar öz hesabatlarında bu məsələyə bir o qədər də diqqət ayırmadılar”.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev də deyib ki, Ermənistanın əsgər çatışmazlığı ucbatından bu cür addımlar atması yeni hal deyil: "Azərbaycan ordusu cəbhədə erməni təxribatının qarşısını lazımi şəkildə alır. Amma müdafiə nazirinin bəyanatı bizi yenə ciddi narahat etməlidir. ATƏT-in Minsk Qrupunun həmsədrləri də bunu araşdırıb məsələyə münasibət bildirməlidir. Ermənistanın qanunsuz hərəkətlərinə siyasi qiymət verilməlidir. Bu gün Suriya, Livan, Şimali Afrikadan gələn ermənilər qanunsuz olaraq Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilir”.

Şəymən