Ermənistanın “nüvə biznesi” genişlənir

Çoxsaylı faktlardan bəlli olur ki, ermənilər uzun müddətdir ki, “Metsamor”un nüvə materiallarını satışa çıxarır



Cənubi Qafqaz, eləcə də bütövlükdə region üçün təhlükəli hesab edilən "Metsamor” Atom Elektrik Stansiyası Ermənistan üçün əsl gəlir mənbəyinə çevrilib. Ermənistanın bu AES-dən qazanc mənbəyi kimi istifadə etməsi bir sıra beynəlxalq təşkilatların hesabatında əksini tapıb. Daha dəhşətli məqam ondan ibarətdir ki, Ermənistan dövləti nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq cinayətkar qruplarla əməkdaşlıq edir.

Sirr deyil ki, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır. Ermənistan dövləti isə əməkdaşlıqda bulunduğu transmilli cinayətkar qruplara işğal altında olan Azərbaycan ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Baş verənlərin region və beynəlxalq aləm üçün nə dərəcədə təhlükəli olduğunun fərqinə varmayan Ermənistan bu gün də eyni fəaliyyətini davam etdirməkdədir.

Məsələ orasındadır ki, beynəlxalq ictimaiyyətə ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar təqdim olunsa da, buna elə də ciddi reaksiya verən olmayıb. Bütün dünyada nüvə materiallarının terrorçu qrupların əlinə keçməsinin qarşısı alındığı bir məqamda sanki terrorçu dövlətə geniş meydan verilir. Belə materialların "İŞİD” və "Əl-Qaidə” kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə dünyanın bir çox ölkələrinin ciddi fəlakətlə üzləşəcəyi heç kimi maraqlandırmır. Beynəlxalq aləm nəzərə almalıdır ki, Ermənistanın indiki durumunda nüvə materiallarının "İŞİD” və "Əl-Qaidə”yə ötürəcəyi gözləniləndir. İqtisadi baxımdan tənəzzülə uğrayan Ermənistanın belə bir addım atacağı şübhəsizdir. Digər tərəfdən, ermənilərin artıq nüvə materiallarının satışı ilə məşğul olması barədə çoxsaylı faktlar mövcuddur. Odur ki, dünyanın güc mərkəzləri bu faktlara ciddi yanaşmalıdırlar.

Xatırladaq ki, 1999-cu il mayın 22-də Ukraynanın Bereqovo şəhərində iki erməni 20 kq "U-235” az zənginləşdirilmiş uran filizi satmağa cəhd göstəriblər və bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar. Ermənilər uranın 1 kq üçün 35 min dollar tələb ediblər. Ardınca, 2001-ci il dekabrın 19-da Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsində kəşfiyyat əməliyyatı zamanı 300 qram az zənginləşdirilmiş uran ələ keçirilib. Araşdırma nəticəsində həmin materialın Ermənistandan gətirildiyi müəyyən olunub. Ermənilərin "nüvə biznesi” bununla məhdudlaşmır. Belə ki, 2003-cü il iyunun 26-da Ermənistan vətəndaşları qaçaqmalçılıq yolu ilə 170 qram yüksək zənginləşdirilmiş uran” U-235”-i Ermənistan-Gürcüstan sərhədindən keçirməyə çalışıblar. Saxlanılan Ermənistan vətəndaşı Qarik Dadadyanın üzərində 170 qram uran aşkarlanaraq götürülüb. Dadadyan Ermənistana təhvil verilib, ona qarşı cinayət işi açılıb və həmin şəxs cəmi iki il beş ay müddətinə azadlıqdan məhrum olunub. Bu fakt radioaktiv qaçaqmalçılıqla məşğul olan ermənilərin hakimiyyət dairələri tərəfindən müdafiə olunduğuna işarədir. 2003-cü il dekabrın 29-da Ermənistan-İran sərhədində Mehri nəzarət-buraxılış məntəqəsində Ermənistanın "Metsamor” AES-dən çıxarılan Stronsium-90 radioaktiv maddənin konteyneri saxlanılıb. Spektral təhlil göstərib ki, obyekt yüksək radioaktivliyə malikdir. 2004-cü il martın 13-də Sadaxlı-Baqrataşen nəzarət-buraxılış məntəqəsində Ermənistan vətəndaşı radioaktiv materiallarla saxlanılıb. Lakin məsələ ictimailəşdirilməyib. 2007-ci il oktyabrın 24-də Gürcüstan-Türkiyə sərhədində xüsusi düzəldilmiş qızıl konteynerdə 2 qram "Lourensiy-103” maddəsi aşkarlanıb və buna görə dörd erməni saxlanılıb. 2009-cu il avqustun 26-28-də Ermənistan-Gürcüstan sərhədində Ermənistanın Qerarkunik vilayətinin Noratus kənd sakininə məxsus olan avtomobildə "Sezyum-137” maddəsinin izləri aşkarlanıb. Lakin maddənin özü tapılmayıb və buna görə də sərnişinlər azad edilərək Ermənistana qaytarılıblar. 2010-cu ilin martında Tbilisidə biznesmen Smbat Tonoyan və İrəvan Fizika İnstitutunun əməkdaşı Qrant Ohanyan radioaktiv materialların alverində şübhəli bilinərək saxlanılıblar. Onların üzərindən 89 faiz zənginləşdirilmiş 18 qram uran aşkar olunaraq götürülüb. Tbilisidə məhkəmə prosesi zamanı müəyyən edilib ki, Tonoyan potensial alıcıdan 120 qram zənginləşdirilmiş uran üçün əvvəlcə 8 milyon dollar tələb edib. Lakin sonradan 1,5 milyon dollara qədər qiyməti azaldıb. Müsadirə edilmiş uranı Tonoyana 2003-cü ildə Gürcüstanda uran qaçaqmalçılığına görə həbs edilən Ermənistan vətəndaşı Qarik Dadadyan verib. 2003-cü ildə radioaktiv materialların qaçaqmalçılığı faktına görə məhkum olunmuş bu şəxs yüngül həbs cəzası çəkdikdən sonra yenidən öz fəaliyyətini davam etdirib. 2010-cu il sentyabrın 16-da Tbilisi hava limanında bir üzvü erməni olan cinayətkar qrup saxlanılıb. Saxlanılmış şəxslərin üzərindən az zənginləşdirilmiş uran aşkarlanaraq götürülüb. Araşdırma zamanı cinayətkarların radioaktiv materialları satmağı planlaşdırdıqları müəyyən edilib. 2014-cü ilin avqustunda nüvə elementləri ilə Gürcüstana keçməyə cəhd göstərən iki erməni həbs edilib. 2016-cı ilin yanvarında Gürcüstan gömrükçüləri tərəfindən "Sezyum-137”-ni sərhəddən keçirməyə cəhd göstərən üç erməni həbs edilib. 2016-cı ilin aprelində Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən üç Ermənistan vətəndaşı "Uran-238” satmaq cəhdinə görə həbs edilib. Müəyyən olunub ki, Ermənistandan olan üç nəfər əvvəllər "Metsamor” AES-də işləyiblər. Qrup radioaktiv materialı Yaxın Şərq ölkələrinə satmağı planlaşdırırmış. Sadalanan faktlar deməyə əsas verir ki, ermənilər uzun müddətdir "Metsamor” AES-in nüvə materiallarının satışı ilə məşğuldurlar. Nə qədər ki, bu AES ləğv edilməyəcək, bölgə üçün əsl təhlükə mənbəyi rolunu oynayacaq.

İsmayıl