Ermənistanın qarşısına qəti tələblər qoymaq lazımdır

Getdikcə aparıcı dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri nisbətən də olsa dəyişib



Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar hələ də işğal altında saxlanılır. İşğalçı Ermənistanın sülh danışıqlarında qeyri-konstruktiv mövqeyi bu gün də davam etməkdədir. Separat siyasətə dəstək verən rəsmi İrəvan qondarma Dağlıq Qarabağ Respublikasının işlərinə "qarışmadığını” zaman-zaman iddia etsə də, faktiki olaraq münaqişənin həllində maraqlı olmadığını göstərib. Bütün dünyaya "biz işğalçı deyilik” təbliğatını aparan Ermənistana artıq inam qalmadığı görünür. 

Düzdür, dünya ictimaiyyəti və beynəlxalq hüquq BMT-nin qətnamələrini münaqişənin ilk illərindən qəbul edib. Buna baxmayaraq, müəyyən qüvvələr Azərbaycana qarşı qərəzli və ədalətsiz mövqe sərgiləyiblər. Amma son bir neçə ildir ki, həmin mövqelər ölkəmizin xeyrinə dəyişib. Prezidenti İlham Əliyevin qəti, əzmli və prinsipial siyasətinin nəticəsidir ki, Dağlıq Qarabağ konfliktinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənməkdədir.

Son dövrlər ərzində beynəlxalq ictimaiyyət tərəfindən müxtəlif səviyyələrdə səslənən bəyanatlar, qəbul edilmiş sənədlər Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin və daha da güclənməsinin növbəti göstəricisi sayılmalıdır.

Məsələn, bu ilin iyulunda dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədində qeyd olunur: "Avropa İttifaqı və Azərbaycan qarşılıqlı maraqlar və dəyərlər, həmçinin bir-birlərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərini razılaşdırdılar”.

Bundan bir ay sonra NATO-ya üzv dövlətlərin Brüssel zirvə toplantısının yekununda qəbul etdiyi bəyanatda növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə dəstək ifadə etdilər. Daha sonra Almaniyanın baş naziri Angela Merkel bu ilin yayında Azərbaycana səfəri çərçivəsində ölkə rəhbəri ilə keçirdiyi mətbuat konfransında Almaniyanın BMT-nin qətnamələri əsasında münaqişənin həllini dəstəkləməkdə davam edəcəyini bəyan etdi. Bu yaxınlarda Almaniya hökuməti Bundestaqın ona ünvanlanan sualına "Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon Azərbaycanın tərkib hissəsidir” şəklində cavab verdi. 

Prosesin davamı olaraq ötən gün ABŞ-ın Ermənistandakı səfiri və ermənipərəst mövqeyi ilə seçilən Riçard Mills Ermənistan KİV-nə verdiyi müsahibəsində münaqişənin həllinin "sülh naminə torpaq” prinsipinə və işğal olunmuş ərazilərin azad edilməsinə əsaslanmalı olduğunu söylədi. Təbii ki, Azərbaycanın ədalətli mövqeyinə, haqlı yanaşmasını dünya ictimaiyyətinin müsbət reaksiyası ölkə başçısı İlham Əliyevin ardıcıl xarici siyasətinin nəticəsidir. Prezident hər zaman olduğu kimi, Nazirlər Kabinetinin son iclasında da qeyd etdi ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil və heç vaxt olmayacaq. Münaqişənin həlli Azərbaycan torpaqlarının qaytarılmasından və ərazi bütövlüyünün təminindən keçir.

Analitik Ehtiram Aşırlı da "Şərq”ə açıqlamasında deyib ki, aparıcı dövlətlərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeləri nisbətən də olsa dəyişib: 

"Bunun başlıca səbəbi təbii ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətdir. Xüsusilə də dövlət başçımızın 15 illik fəaliyyəti dövrünə nəzər salsaq, görərik ki, Prezident diplomatik bacarığı ilə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində bütün gücünü səfərbər edib. Əlbəttə, biz istəyirik ki, aparıcı dövlətlərin işğalçı ölkəyə qarşı səsləndirdikləri bəyanatlar sadəcə sözdə qalmasın, əməli olaraq da fəaliyyətə keçsinlər. 

Məhz o zaman Ermənistan çıxılmaz vəziyyətdə qalacaq və yeganə çıxış yolunu Azərbaycan torpaqlarının azad edilməsində görəcək. Azərbaycanın xarici siyasətdəki əsas səylərindən biri, bəlkə də birincisi İrəvanı qəti tələb qarşısında qoymaq, düşmən ölkə rəhbərliyini çıxılmaz vəziyyətə salmaqdır. Düşünürəm ki, bu prosesin reallaşması üçün Bakı qəti addımlar ataraq daha da irəliyə gedəcək. Yaxın zamanlarda Ermənistanda hökm sürən xaos və İrəvanın Qərb, Rusiya ilə olan münasibətlərindəki soyuqluq, gərginlik bizə imkan verəcək ki, İrəvanı qəti tələblər qarşısında qoyaq. O halda Ermənistanın yeganə qurtuluşu Azərbaycan torpaqlarını tərk etmək olacaq”.

İsmayıl