“Rusiya açıq şəkildə Ermənistanın yeni hökumətinə xəbərdarlıq edir, Paşinyanı Qərbə yönəlməməyə çağırır”
Ermənistanın sonu kədərli olacaq
Moskva Qarabağla bağlı mövqeyini kəskin dəyişə bilər
“Rusiya açıq şəkildə Ermənistanın yeni hökumətinə xəbərdarlıq edir, Paşinyanı Qərbə yönəlməməyə çağırır”
“Rusiya açıq şəkildə Ermənistanın yeni hökumətinə xəbərdarlıq edir, Paşinyanı Qərbə yönəlməməyə çağırır”
Ermənistan təkcə sosial-iqtisadi baxımdan deyil, eləcə də hərbi-siyasi cəhətdən tam iflasa uğrayıb. Son aylar genişlənən həbs dalğası isə ölkəni uçurumun kənarına gətirib. Bir vaxtlar Ermənistan Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə təhdid edirdi. Hətta iş o yerə çatmışdı ki, yüksək çinli bir erməni zabiti istədiyi vaxt hərbi-siyasi blokun gücündən Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə edə biləcəyini iddia edirdi.
Lakin baş nazir Nikol Paşinyan hökumətinin KTMT-yə rəhbərlik edən Yuri Xaçaturovu cinayət məsuliyyətinə cəlb etməsi işğalçı ölkə üçün ciddi başağrısına çevrilib. Rusiyanın himayəsində olan bir qurumun hədəfə alınması Moskva üçün pis sürpriz olub. Məsələnin başqa mühüm bir tərəfi də odur ki, KTMT-yə üzv olan ölkələrdən heç biri baş katibin məsuliyyətə cəlb olunmasına reaksiya verməyib. Hadisəyə yalnız Rusiya münasibət bildirib.
Ölkənin baş diplomatı Sergey Lavrov bildirib ki, Ermənistanda baş verən son hadisələr Kremldə ciddi narahatlıq doğurur. XİN rəhbəri bəyan edib ki, Ermənistanın indiki hakimiyyətinin siyasilərə qarşı təqiblər aparması Paşinyanın əvvəlki vədlərinə ziddir. Göründüyü kimi, mövqelər kifayət qədər ziddiyətlidir və bu heç də Ermənistanın xeyrinə deyil. Çünki artıq Rusiyada olan bir çox informasiya mənbələri bu cür davranışın Ermənistanın Rusiya tərəfindən cəzalanması ilə nəticələnə biləcəyini qeyd edirlər. İlkin addım kimi işğalçı Ermənistana kreditlə silah verilməsinin dayandırılması göstərilir. Burada söhbət təqribən 200 milyon dollar həcmində silahlardan gedir ki, Ermənistan bu çərçivədə yeni "İskəndər” raketləri ala biləcəyini ümid edirdi. Müşahidə olunan odur ki, təcavüzkar ölkədə dərin sosial-iqtisadi problemləri həll etmək üçün Qərbdən ciddi yardıma ümid edən Paşinyan atdığı addımlarla Şimaldan olan dəstəyi təhlükəyə atıb.
Rusiyalı ekspert və teleaparıcı Yevgeni Mixaylov da bildirib ki, Lavrovun Ermənistan hökumətinə ünvanladığı sərt bəyanatı Moskvanın İrəvana son xəbərdarlığı kimi dəyərləndirmək olar. Analitik vurğulayıb ki, Kreml Ermənistana silah tədarükünü təkrar nəzərdən keçirə, Qarabağla bağlı mövqeyini kəskin dəyişə bilər. Ekspertin sözlərinə görə, Nikol Paşinyanın razılaşmaları icra etmədiyi, siyasi rəqibləri təqib etməmək vədlərini yerinə yetirmədiyi aydın olub: "Korrupsiya ilə mübarizə adı altında İrəvan rejimi ilk növbədə Qərbdəki sponsorların Moskva ilə münasibətləri pozmaq sifarişini yerinə yetirir. Fikrimcə, bunun sonu kədərli olacaq. Hesab edirəm ki, Rusiya bir çox istiqamətdə, ilk növbədə də silah tədarükü sahəsində strateji tərəfdaşlıq planlarını təkrar nəzərdən keçirəcək və ola bilər ki, Qarabağ məsələsi ilə bağlı mövqeyini kəskin dəyişəcək. İrəvan öz hərəkətlərinə görə cavab verə bilməyən müttəfiq kimi öz həqiqi üzünü göstərir”.
Politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında bildirib ki, Ermənistanda həbs olunanların hamısı hərbi canilərdir. Onların ən böyük qəbahəti Azərbaycana qarşı müharibə aparmaq, silahsız, dinc sakinlərə qarşı soyqırım tətbiq etməkdir:
"Həmin şəxslər qətllərdə bilavasitə iştirak ediblər. Aydındır ki, Moskva sabiq siyasətçilərə, xüsusən KTMT rəhbərinə qarşı atılan addımları Kreml üçün təzyiq sayır. Hesab edilir ki, həm KTMT rəhbərinin, həm də digər siyasətçilərin aşağılanması Qərbin planı ilə birbaşa Moskvaya qarşı atılan addımdır. Ola bilər, hansısa pərdəarxası məqamlar, danışıqlar gedir. Paşinyanın yanlış qərarları Rusiya rəsmilərinin sərt açıqlamalar verməsinə, İrəvana xəbərdarlıq etməsinə gətirib çıxarıb. Əslində Qarabağ klanının qaniçən, mafiyoz qruplaşma olduğunu hamı çox yaxşı bilir. Biz də onların cəzalanmasının tərəfdarıyıq. Lakin burada Paşinyanın məqsədi başqadır. O, Qərbin əlinə oynayaraq, guya, ölkədə şəffaf siyasət yeritdiyini göstərməyə çalışır.
Əsas məqsədi isə vaxtı ilə həmin klanın talan etdiyi var-dövləti öz əlinə keçirmək, onların gələcək seçkidə iştirakını zəiflətməkdir. Hazırda Paşinyanın planları Kremlin maraqları ilə toqquşur. Əgər belə davam edərsə, Moskvanın Dağlıq Qarabağ məsələsində mövqeyi Azərbaycanın xeyrinə dəyişə bilər. Rusiya açıq şəkildə Ermənistanın yeni hökumətinə xəbərdarlıq edir, Paşinyanı Qərbə yönəlməməyə çağırır. Əks halda İrəvanın yanında olmayacağını bildirir. Əgər Paşinyan xəbərdarlığa məhəl qoymazsa, tərəflər arasında ziddiyyət dərinləşəcək ki, bu da düşmən ölkəyə baha başa gələcək”.
İsmayıl