"Ərzaq təhlükəsizliyinin həllində ciddi uğurlara nail olmuşuq" - Prezident




"Son illər ərzində biz kənd təsərrüfatının inkişafı, xüsusilə ərzaq təhlükəsizliyi məsələləri ilə bağlı çox böyük nailiyyətlərə imza atmışıq".

"Sherg.az"ın AZƏRTAC-a istinadən xəbərinə görə, bunu prezident İlham Əliyev Bərdədə pambıqçılığın inkişafına həsr olunmuş Respublika müşavirəsində bildirib.

O Qeyd edib ki, son illər ərzində əsas prioritet vəzifə ərzaq təhlükəsizliyi məsələləri idi: "Çünki sovet vaxtında Azərbaycanda pambıq, üzüm, meyvə-tərəvəz istehsal olunurdu, ancaq əsas ərzaq məhsulları başqa respublikalardan gəlirdi. Ona görə biz ilk növbədə daxili tələbatı yerli məhsullarla təmin etmək üçün işləyirdik, çalışırdıq, investisiyalar qoyulurdu. Hesab edirəm ki, ərzaq təhlükəsizliyi məsələlərinin həllində çox ciddi uğurlara nail olmuşuq.

Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq. Ət istehsalı təxminən 100 faizə yaxındır, Azərbaycan özünü təmin edir. Süd istehsalı təqribən 80-85 faizdir. Toyuq əti istehsalı yaxın bir-iki ilə 100 faizə çatacaq və böyük ixrac potensialı yaradılacaq. Yumurta istehsalı - biz indi nəinki özümüzü təmin edirik, həm də ixrac edirik".