“Əsas olan Azərbaycanın müasir, demokratik ölkəyə çevrilməsidir”

"Ölkəmizdə hər zaman fərqli qüvvələr olub”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili Asim Mollazadə deyib.
Deputatın sözlərinə görə, Azərbaycanda müxtəlif qüvvələrin mövcudluğu normal haldır:
"Ölkədə hər kəs həmfikir ola bilməz. Əsas məsələ Azərbaycanın yüksəlməsi, müasir, demokratik ölkəyə çevrilməsidir. Təbii olaraq sosial problemlərin həlli çox mühüm və müsbət bir haldır. Bu istiqamətdə işləri davam etdirmək, islahatlar aparmaq lazımdır.
Hər zaman demokratik cəmiyyətlərdə fərqli amillərə xidmət edən qüvvələr olub. Bunlara normal yanaşmaq lazımdır. Düşünürəm ki, Azərbaycanda fərqli fikirlər və tolerantlıq müşahidə olunmalıdır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadi gücünün artması, əhalinin sosial rifahının yüksəlməsi, ölkəmiz beynəlxalq arenada söz sahibinə çevrilməsi bəzi dairələri narahat edir. "Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi sorğu da bunu bir daha təsdiq etdi. Əlbəttə ki, bu durum Ermənistanı, xüsusən də erməni lobbisini, xaricdəki bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir.
Yeganə Bayramova