Əsas tələb Krımla bağlıdır

Avropanın söz sahibi ölkələri hələlik Moskva ilə barışmaq fikrində deyil


Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzatmaq qərarına gəlib. Aİ-nin sədri Donald Tuskun məlumatına görə, sanksiyalar Moskvanın Minsk sazişini kifayət qədər yerinə yetirməməsi səbəbindən uzadılıb.

İqtisadi sanksiyaların uzadılması ilə bağlı rəsmi qərarın Aİ dövlətlərinin sammitindən bir neçə gün sonra qəbul olunacağı iddia edilirdi. Həmçinin, bir sıra Avropa ölkələrinin Rusiyaya qarşı sanksiyaları uzatmağın əleyhinə olduğu deyilirdi. Ancaq ortaya çıxan qərar yayılan söz-söhbətin əsassız olduğunu göstərdi. 

Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə bildirib ki, Avropada Rusiya ilə əlaqələri normallaşdırmaq niyyətində olan ölkələr mövcuddur. Məsələn, Cənub Şərqi və Mərkəzi Avropa dövlətləri Rusiya bazarlarına çıxmaqda maraqlıdırlar və bunu gizlətmirlər: 

"Həmin ölkələr çalışırlar ki, Rusiya ilə münasibətlər normallaşsın və iqtisadi əlaqələr bərpa edilsin. Amma Avropanın söz sahibi ölkələri hələlik Moskva ilə barışmaq fikrində deyil. Əksinə, Almaniya və Fransa Kremlə təzyiqləri artırmaqda maraqlıdır. Nəzərə almaq lazımdır ki, Avropa məkanında ümumi siyasi hədəflər var. Kiçik ölkələr bu hədəflərə qarşı çıxa bilmirlər. Çünki ideoloji amillər xətdən kənara çıxmağa imkan vermir”. 

Ekspertin sözlərinə görə, Avropanın "Simens” və "Volkswagen” kimi nüfuzlu şirkətlərinin Rusiyada böyük maraqları var: 

"Bir çox şirkətlər sanksiyaların yumşalmasını istəsələr də, yürüdülən ümumi siyasətə yön verə bilmirlər. Yəni bir çox Avropa ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcburdurlar. Rusiyadan əsas tələb Krımla bağlıdır. Donbas və Donetsk məsələsinin həll edilməsi Moskvaya qarşı iqtisadi sanksiyaları zəiflətməyəcək. Əsas məsələ Ukraynanın ərazi bütövlüyüdür”.

İsmayıl