Əsas üstünlük kənd təsərrüfatı və nəqliyyat sektoruna verilməlidir

Azərbaycan qeyri-neft sektorunu qısa müddətdə inkişaf etdirə bilər



"2017-2018-ci illər qeyri-neft sektorunun çox fəal inkişaf illəri olacaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 11-də Bakıda Fransa Sahibkarlar Təşkilatının nümayəndə heyəti ilə görüşündə deyib. Prezident bəyan edib ki, bundan sonrakı fəaliyyətimizi enerji, nəqliyyat, kosmos sənayesi və digər ənənəvi sahələrlə yanaşı, Azərbaycan üçün prioritet xarakter daşıyan sektorlara yönəldə bilərik:

"Neft qiymətlərindən, neft və qaz sektorundan asılılığın azaldılması və xalqımız üçün yaxşı yaşayış standartlarını təmin edə biləcək davamlı iqtisadiyyatın qurulması nəzərdə tutulur. Biz bu istiqamətdə işləyirik, iqtisadi islahatları və Azərbaycanda iş yerlərinin artırılmasına yönəlmiş islahatları həyata keçiririk. Son illər ərzində, iqtisadi nailiyyətlər böyük təəssürat bağışlayır. Biz bir çox sosial məsələlərin həllinə nail olduq. Yoxsulluğu 5 faizə qədər azaltdıq, işsizlik demək olar ki, eyni səviyyədədir və ölkəmizdə münbit sərmayə şəraiti mövcuddur”.

Prezident vurğulayıb ki, son 15 il ərzində Azərbaycana 200 milyard dollardan artıq vəsait sərmayə kimi yatırılıb: "Həmin investisiyaların yarısı xarici sərmayələrdir. Düzdür, xarici sərmayələrin əksər hissəsi neft və qaz sektoruna yatırılıb. Hazırda isə iqtisadiyyatın digər sahələrinə daha çox diqqət yetirilməlidir. Birmənalı olaraq, neft qiymətləri ilə bağlı vəziyyət iqtisadiyyatımıza mənfi təsir göstərib. Bu, əsasən, əvvəllər əldə etdiyimiz gəlirlərlə bağlıdır. Qiymətlərin üç-dörd dəfə aşağı düşdüyü dövrdə gəlirlərimiz də müvafiq olaraq azalıb. Biz bunu islahatların daha fəal qaydada həyata keçirilməsi ilə əvəzləmək və qeyri-neft sektoruna daha çox diqqət yönəltmək istəyirik. Bu sektor hazırda ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Hesab edirəm ki, bu, şaxələndirmənin yaxşı göstəricisidir. Lakin biz daha çox çalışmalıyıq. 2016-cı il üçün nəzərdə tutduğumuz planlar sabitləşmə ilə bağlıdır”. Dövlət başçısı deyib ki, hazırda maliyyə vəziyyəti sabitdir: "Eyni zamanda, büdcə gəlirləri yaxşı səviyyədədir. Dövlət və özəl sərmayələr artıq planlaşdırılıb. Əlbəttə, infrastruktur layihələri prioritet olacaq. Həmçinin maraqlı olduğumuz sahələrə xarici sərmayələri gözləyirik. Bu günə qədər, biz bu vəzifənin öhdəsindən gəlmişik. Lakin bu il yeni iqtisadi vəziyyət ilidir. Artıq neftdən sonrakı dövrə qədəm qoymuşuq. Demək olmaz ki, neft və qaz erası bitib. Sadəcə, biz bu faktoru kənara qoymalıyıq və öz iqtisadi strategiyamızı elə formalaşdırmalıyıq ki, sanki bizdə neft və qaz yoxdur”. Qeyri-neft sektorunun inkişafından danışan iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, ixracatda qeyri-neft sektorunun payının artırılması mümkündür və əsasən kənd təsərrüfatı ilə nəqliyyat sahəsinin hesabına həmin vəzifənin icrasına nail olmaq olar: "Ölkə iqtisadiyyatının diversifikasiyasının dəyərləndirilməsilə bağlı müəyyən araşdırmalar aparmışıq. Bu zaman aydınlaşıb ki, xüsusilə ixrac yönümlü müqayisəli üstünlüyə malik olan qeyri-neft sektoru sahəsi kənd təsərrüfatı, nəqliyyat sektorlarıdır. Ölkə daxilində turizmin genişləndirilməsi imkanları vardır. Habelə yüngül, yeyinti sənayesinin ixrac potensialı daha üstün qiymətləndirilir. Amma prioritet olaraq bu istiqamətdə əsasən kənd təsərrüfatı və nəqliyyat sahəsi gəlir gətirir. Bu istiqamətdə müəyyən təşviqedici addımların atılması, həmçinin istehsal imkanlarının liberallaşdırılması, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətlərində prosesi sürətləndirmək gərəkdir. İxracın təşviqi ilə bağlı müəyyən proqramlar hazırlanmalıdır. Bununla bağlı artıq ölkə rəhbərliyi tərəfindən fərman imzalanıb. İxraca görə əlavə dotasiyaların verilməsi mexanizmləri hazırlanır.

Eyni zamanda, burada yüngül və yeyinti, habelə neft-kimya sənayesi də Azərbaycanda nisbətən rəqabət qabiliyyətli sahələrdən hesab olunur. Bu istiqamətlərdə ölkəmizin ixrac imkanları genişdir, müəyyən bazarları var. Əsasən də aqrar sektorda Rusiya kifayət qədər tələb olunan bazardır. Sadaladığım bu qeyri-neft sahələrinə diqqətin artırılması və ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi son nəticədə qısa müddət ərzində qeyri-neft sahələri üzrə ixrac potensialımızın artmasına gətirib çıxaracaq”.

İqtisadçı Yaşar Əsədov da qeyri-neft sektoru olaraq aqrar sahənin daha sürətlə inkişaf etdirilməli olduğunu bildirib: "Azərbaycan qısa zamanda qeyri-neft sektorunu ciddi şəkildə inkişaf etdirməlidir. Qarşıya qoyulan məqsəd də məhz bundan ibarətdir ki, onun hesabına ölkənin ixracatında qeyri-neft sektorunun çəkisini artırmaq mümkün olsun. Bunun üçün ilk növbədə kənd təsərrüfatı sahəsinin ciddi inkişafına nail olmalıyıq. Həmçinin, kənd təsərrüfatı məhsullarının emalı, turizm sahəsinin də inkişafına xüsusi önəm verilməlidir. İndiki şəraitdə karbohidrogen ehtiyatların qiymətinin düşməsi fonunda, neft-qaz sənayesinin büdcədə həcmi azalacaq. Deməli, avtomatik olaraq prosesin gedişində qeyri-neft sektorunun həcmi artacaq. Tikinti, yüngül, ərzaq sənayesinin inkişafı yolu ilə də qeyri-neft sektorunun ixracatda payının çoxalmasına stimul vermək mümkündür. Yəni, bu istiqamətdə ciddi uğurlara imza atmaq üçün ölkəmizin imkanları kifayət qədər böyükdür. Əsas məsələ idxal-ixracatda dəqiq siyasətin qurulmasıdır ki, xaricdən gələn ucuz məhsullar ölkə daxilində istehsalın qarşısını almaq gücündə olmasın”.

İsmayıl