Teatrlar Qarabağ mövzusunda əsərləri tamaşaya qoymaqda maraqlıdır
Aprel ayında cəbhə bölgələrimizdə yaşanan gərginlik, "4 günlük” müharibə, bu ağır döyüşlərdə vətənə canını, qanını qurban verən şəhidlərimizin olması bir daha dünya dövlətlərini Qarabağ probleminə diqqətlə yanaşmağa vadar etdi. Aprel ayından bu günə qədər də təmas xəttində atəşkəsin mütəmadi pozulması halları demək olar ki, hər gün baş verir.
Torpaq uğrunda tökülən şəhid ruhuna ehtiram əlaməti olaraq, bir çox sahələrdə bizi daha diqqətli olmağa vadar etdi. Ölkədə fəaliyyət göstərən telekanalların proqram siyasətində ciddi dəyişikliklər diqqətdən yayınmır. Bütün kanallarda vətənpərvərlik mövzusunda olan verilişlər, bu mövzuda olan müzakirələr, hətta sənət adamlarının, müğənnilərin də bu müddətdə daha çox vətənpərvərlik mövzularında olan musiqilərə üstünlük verməsi təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.
Eyni zamanda aprel ayından bu günə qədər cəbhə bölgələrinə yollanan könüllülərin sayı hər gün artır, tanınmış sənətçilər, ictimai simalar, populyar müğənnilərin hərbi hissələrə baş çəkməsi, əsgərlərimizə, ordumuza mənəvi dəstəyi də özünü göstərdi.
Bəs görəsən cəbhə bölgələrində yaşanan gərginliklər Azərbaycan teatrlarında repertuar dəyişikliyinə təsir edə bildimi?
Elə bu suallarla teatr sahəsində olan tanınmışlara üz tutduq. Maraqlandıq görək, teatrlarımızın repertuarında dəyişikliklər oldumu?
"Şərq”in suallarını cavablandıran Akademik Milli Dram Teatrının ədəbi dram hissə müdiri Çingiz Ələsgərli bildirib ki, "Azərbaycan Akademik Milli Dram Teatrında da bu müddətdə repertuar dəyişikliyi tam olmasa da, vətənpərvərlik mövzusunda olan tamaşalara yer verilir. Akademik Milli Dram Teatrında vətənpərvərlik mövzusu hər zaman aktuallığını qoruyub saxlayıb. Bu müddətdə teatrda görüşlər keçirilib, təmas xəttində yaşanan gərginliklər müzakirə olunub. Teatrın repertuarında "Qarabağnamə”, "Şah Qacar” tamaşaları yer alır” deyə cavab verdi. "Bəs müasir teatrda niyə Qarabağ problemini, müasir Azərbaycan reallığını əks etdirən vətənpərvərlik tamaşalarına rast gəlinmir? Rejissorlar bu mövzuya müracəit etmir, ya yeni dramaturji əsərlər təqdim olunmur” sualına isə Çingiz Ələsgərlinin cavabı belə oldu: "Teatrda repertuar dəyişikliyi bir günün işi deyil. Biz də çalışırıq ki, belə vaxtlarda vətənpərvərlik mövzusunda olan tamaşalara üstünlük verək. Müasir pyeslərə gəlincə isə, təbii ki, yeni dramaturji əsərlərə ehtiyac var. Amma teatra təqdim olunmur. Təqdim olunanda da gərək bu əsər bədii şurada müzakirə olunsun. Akademik Dram Teatrının səhnəsində kimin əsərini gəldi səhnəyə qoymaq da düzgün deyil. Amma son illər maraqlı, Qarabağ problemini əks etdirən müasir əsərlər teatra yazarlar tərəfindən təqdim olunmur. Olsa, təbii ki, biz də maraqlı tamaşalar təqdim edə bilərik. Yazarlar olsa da, sırf bu mövzuya müraciət hələ ki bizi qane etmir. Təqdim olunan əsər professional dram əsəri olsa və bədii şura bəyənsə, rejissorlarımızın quruluşunda yeni tamaşalar hazırlamaq olar. Amma hələ ki belə əsərlərə rast gəlmirik. Azərbaycan ədəbi mühiti də bu həyəcanı eşidib nəticə çıxarmalıdır. Akademik Milli Dram Teatrı maraqlı, bu günün Azərbaycan gerçəkliyini əks etdirən, Qarabağ kimi acımızdan danışan dramaturji əsərlərin yolunu gözləyir”.
Tanınmış rejissor, Xalq artisti Mərahim Fərzəlibəyov da teatrlarda Qarabağ müharibəsini, müasir Azərbaycan həqiqətlərini əks etdirən dram əsərlərinin olmamasından şikayət etdi: "Bilirsiz, mən rejissoram. Əgər mənə maraqlı dram əsəri, maraqlı pyes təqdim etsələr, təbii ki, onu səhnələşdirmək istəyim olar. Amma varmı? Kim yazır? Axı heç kim bu günə qədər Qarabağ müharibəsindən, erməni vəhşiliyindən bəhs edən, vətənpərvərlik mövzusunu əks etdirən maraqlı əsər teatrlara təqdim etmir. Hər əsəri də teatrda səhnələşdirmək düzgün deyil. Ona görə də biz rejissorlar əlimizdə mövcud olan pyeslərlə kifayətlənməli oluruq. Maraqlı əsər təqdim etsinlər, biz rejissorlar da onu səhnələşdirib tamaşaçıya təqdim edək. Kim istəməz ki, yeni, maraqlı quruluşda tamaşa hazırlamasın? Buna görə nə teatrı, nə də aktyorları, rejissorları qınamaq düzgün deyil. Dramaturji əsərlərin qıtlığı hiss olunur. Yazarlarımız da bu barədə düşünsələr, pis olmaz.
Tanınmış teatr və film rejissoru Rövşən Almuradlı da teatrlarımızda müasir Azərbaycan həqiqətlərini əks etdirən, Qarabağ kimi böyük dərdimizdən bəhs edən əsərlərin olmadığını, teatrlarımızda bu problemin hiss olunduğunu dilə gətirdi: "Çox ciddi bir problemə toxunmusuz. Bu, repertuarın formalaşmasıdır, yaradıcı istiqamətdir. Bu təbii ki, rejissordan asılıdır. Teatra təyin olunmuş rejissordan asılıdır. Rejissor belə tamaşalarla özünü təqdim etmiş olur. Bu, uzun bir prosesdi. Bunun üçün struktur dəyişikliyi olmalıdır, zamana ehtiyac duyulur. Bəli, teatrlarımızn repertuarında Qarabağ problemini əks etdirən tamaşanın meydana gəlməsi üçün ilk növbədə o maraqlı əsər yaranmalıdır. Varmı belə əsər? Varmı bu dramaturgiya? Bu gün bir sual da meydana çıxır. Azərbaycan teatrı bu gün enişdədi, ya yüksəlişini yaşayır? Çox ciddi bir mövzuya müraciət etmisiniz. Əslində teatr tənqidçiləri, ədəbi mühit bunun üçün səsini çıxarmalıdır. Teatrlarımızda ruh olmalıdır. Bəli, teatrlarımızda müasir əsərlərə ehtiyac var. Bu gün Qarabağ həqiqətlərini əks etdirən ciddi dramaturji əsərlərə, pyeslərə tələbat və ehtiyac var.
Tamaşaçı teatrın repertuarında Qarabağ problemini əks etdirən, vətənpərvərlik hissini aşılayan müasir tamaşa görmürsə, irad bildirməyə haqqı var. Amma buna görə aktyorları suçlamaq düzgün deyil. Burda aktyorun günahı yoxdu. Dramaturgiya yoxdu. Bunun yaranmasından ötrü teatrın özünün də inkişafı vacibdi. Rejissor kadrları varmı? Yetişirmi? Yeni rejissor nəsli formalaşırmı? Bu suala cavab tapmaq lazımdı. Eyni zamanda teatrlara təqdim olunan əsərlər olmalıdır. Və bu əsəri səhnələşdirən ciddi, professional rejissorlar olsun. Bu məsələdə günahsız tərəf ancaq aktyorlardı. Günah isə rejissorada və ədəbi mühitdədi. Yəni yeni əsərin səhnəyə qoyulması maraqlı dramaturji əsərdən və peşəkar rejissordan asılıdır”.
Tahirə