Ət satışı inhisara alınır

Vahid Məhərrəmov: “Çünki onlar ölkədə hər il 130 min baş camış kəsərək mal əti adı ilə satışa çıxarırlar”
Eyyub Hüseynov: “Azərbaycan kimi inkişaf etmiş ölkədə belə bir vəziyyətin yaranması biabırçılıqdır”



Kənd Təsərrüfatı Nazirliyi yeni ət kəsimi məntəqələri yaradır. Bununla bağlı artıq bir neçə yerdə ət kəsimi məntəqələri tikilir. Yaxın 10 gün ərzində onlardan birinin açılışı olacaq. Bu, 8-10 milyon dollar dəyərində olan layihələrdən biridir. Hazırda 20-30 milyon dəyərində olan layihələr də həyata keçirilir. Ekspertlər isə bunun effektiv yol olmadığını bildirirlər. Əsas kimi də əhalinin göz önündə kəsilən ətlərə daha çox inanıb almasını göstərirlər.

"Problemi yaradanlar yalnız məmurlardır”

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, KTN ət kəsimi ilə bağlı məsələlərə qarışmasa yaxşıdır: "Bunun əvəzinə ət, süd və kənd təsərrüfatı istehsalı ilə məşğul olsun. Çünki KTN-in əsas funksiyası bu sahədə aqrar siyasət həyata keçirməkdən ibarətdir. Yəni qanunvericilik bazasının yaradılması, istehsalın stimullaşdırılmasına yönəlik bəzi tədbirlərin görülməsi, kənd təsərrüfatı sahəsinə dövlət dəstəyinin göstərilməsi, sözügedən sahə ilə bağlı dövlət proqramlarının hazırlanıb tətbiq edilməsidir. KTN həmçinin fermerlərin problemləri ilə maraqlanmalıdır”.

V.Məhərrəmovun fikrincə, KTN yalnız təchizat işinə daha çox önəm verir: "Halbuki, kənd təsərrüfatının daha çox maliyyə vəsaiti ayrılan sahəsinə nəzarət gücləndirilməlidir. Ancaq ət kəsimi və satışı ilə bağlı elə ciddi problem yoxdur. Bu baxımdan problemi yaradanlar yalnız məmurlardır. Onlar kefiyyətsiz camış, at və digər heyvan ətlərini rayonlardan gətirilərək böyük şəhərlərdə satılmasına şərait yaradırlar. Əgər məntəqələrdə heyvanlar qapalı şəraitdə kəsiləcəksə, məmurlara etibar etmək olmaz. Çünki onlar ölkədə hər il 130 min baş camış kəsərək mal əti adı ilə satışa çıxarırlar. Yəni onlar ət kəsimi məntəqəsindəki ətlərin üzərinə camış əti olduğunu qeyd edəcəklərmi? Ümumiyyətlə, sallaqxanalardan tutmuş bazara çıxarılan ətlərə nəzarətə qədər problemlər az deyil. Bu sahədə demək olar ki, nəzarət yoxdur. Ona görə də əhali istehlakçının özünə etibar etmək istəyir. Alıcı öz gözü qarşısında kəsilən ətin alınmasına üstünlük verir və inanır”.

"Ən geridə qalmış ölkələrdə ət kəsimi məntəqələri olmur”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə isə ət kəsim məntəqlərinin yaradılması zəruri olsa da kafi deyil: "Ən geridə qalmış ölkələrdə ət kəsimi məntəqələri olmur. Çünki belə ölkələrdə ət harada gəldi kəsilir. Ona görə də Azərbaycan kimi inkişaf etmiş ölkədə belə bir vəziyyətin yaranması biabırçılıqdır. Bunun səbəbi odur ki, əhalinin baytarlara inamı yoxdur və göz önündə kəsilən əti almaq istəyirlər. Gərək ət kəsilməzdən 1 saat öncə onun temperaturu ölçülsün, qanından analiz götürülərək ekspertiza olunsun. Ona görə də ət kəsim məntəqələrini yaratmaqla Heydər Əsədov heç bir şey edə bilməyəcək. Əhalinin bu cür satılan ətlərə tələbatı böyükdür. Maştağada yerləşən "Azbanit” şirkətinin belə ət kəsim məntəqələri fəaliyyət göstərir, heyvanın birini 5-10 manata kəsirlər. Lakin ora çox insan müraciət etmir. Çünki təkrar qeyd edirəm ki, əhalinin göz önündə kəsilən ətlərə inamı böyükdür. Ona görə də xüsusi ət kəsim məntəqələrinin yaradılmasının heç bir əhəmiyyəti olmayacaq”.

Vüqar Şahinoğlu