Etibarnamə...

Avtomobilini satan da ziyana düşür, alan da



Son zamanlar etibarnamə ilə alqı-satqı yolu ilə daşınan və daşınmaz əmlak alan vətəndaşların aldadılması halları artır. Nəticədə insanlar çox böyük maddi və mənəvi ziyan görürlər. Belə ki, bu gün avtomobil alan və satanın böyük əksəriyyəti bu prosesi etibarnamələr vasitəsi ilə həyata keçirirlər. Məsələnin isə problemli tərəfi ondadır ki, etibarnamə ilə avtomobili satan şəxs daha sonra qarşı tərəfə etibarsızlıq edərək satdığı avtomobili geri alır.

Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev hesab edir ki, satış prosesində alıcı və satıcı da diqqətli olmalıdırlar: "Əks halda, belə problemlərin qarşısını almaq çətin olar. Bundan əlavə, bəzi hallarda əmlak üzrə alqı-satqı olduğu zaman vergini birinci mülkiyyət sahibindən ala bilərlər. Ona görə də belə müqavilələr bağlanarkən satıcı və alıcı, etibarnamə verən şəxslərə notariat orqanları hüquqi prosedur qaydaları bir daha izah etməlidirlər. Düzdür, indiki halda avtomobil üzrə belə aldadılmaların demək olar qarşısı alınıb. Çünki məlum olduğu kimi sonradan avtomobil üzrə etibarnamələrin verilmə müddəti maksimum 1 illə

məhdudlaşdırıldı. Eyni zamanda həmin etibarnamə üzrə müqavilələr notariat orqanları tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin arxivinə göndərilərək elektron sistemə əlavə olunur. Nəticədə bu müqavilələr üzrə vahid məlumat bazası yaradılır”.

Fond rəhbəri həmçinin digər növ daşınan və daşınmaz əmlakların etibarnamə müqavilələri üzrə fırıldaqçılıq hallarının qarşısının alınması üçün vahid məlumat bazası yaradılmasını təklif edir: "Notariat üzrə də elektron vahid məlumat bazası olarsa, yeni etibarnamə verilən zaman etibarnamə verən şəxsin əmlak üzrə hüququnun olub-olmadığını araşdırmaq mümkün olur. Bu zaman notariat üzrə məlumat bazası olduğu zaman yeni etibarnamə verilərkən əgər başqa daşınan və ya daşınmaz əmlak üzrə baş etibarnamə verilirsə, burada etibarnamənin məzmunundan çox şey asılıdır. Çünki həmin şəxs digər şəxsə mülkiyyət hüququ və ya sərəncam vermək ilə bağlı etibarnamə formaları da mövcuddur. Mülkiyyət hüququ verən etibarnamə isə müvəqqəti mülkiyyəti istifadə etmək hüququ verir.

Hüquqşünas Adəm Məmmədov isə anspress-ə danışarkən deyib ki, təcrübədə də özünü göstərir ki, mülkiyyətçisi olan şəxsin hər hansı bir banka və ya digər təşkilata borcu olması məhkəmə tərəfindən araşdırılır: "Amma etibarnamə verməsinə baxmayaraq, mülkiyyətçi etibarnamə verən şəxsin özü olur. Alan tərəfin əlində pulu ödəməsinə dair sənəd olmadığından məhkəmə qarşısında sübutsuz qalır. Beləliklə, ödədiyi pulunu da itirir, aldığı avtomobili də. Hazırda belə dələduzların sayı artıb. Hüquqşünaslar məsləhət görür ki, bu cür neqativ hallarla üzləşməmək üçün avtomobil ticarəti qanuni şəkildə aparılsın. Yəni əmlakın alışı və satışı keçirildikdən sonra pul müqavilə əsasında satan tərəfə ödənilsin”.

A.Məmmədov onu da qeyd edib ki, insanların məhz avtomobili etibarnamə yolu ilə alması və satması işi asan yolla həll etmək istəyi ilə bağlıdır. Lakin işlərini bu yolla sadələşdirənlər gələcəkdə böyük bir mürəkkəbliklə qarşılaşır. Bundan başqa, avtomobilin etibarnamə ilə alış və satışı bəzən satan tərəfdə ciddi problem yaradır.

Satan tərəfin ziyanına gəldikdə isə avtomobil hər hansı bir şəxsə satıldıqdan sonra bu nəqliyyat vasitəsi ilə qəza və yaxud da cinayət hadisəsi törədilirsə, işin araşdırılması üçün aparılan istintaqa avtomobilin keçmiş sahibi də cəlb olunur. Etibarnamədən sui-istifadə halları təkcə bir şəxs arasında problemə çevrilmir, həm də cəmiyyətdə inamsızlığa gətirib çıxarır”.

Vüqar Şahinoğlu