Etik davranış qaydalarını pozan deputatlar parlamentdən uzaqlaşdırılacaq
Tahir Kərimli qanunun əleyhinədir, Aqil Abbas və Araz Əlizadə isə burda qəbahətli bir şey görmür
Azərbaycanda uzun müddətdir deputatların etik davranışı ilə bağlı qanun layihəsinin qəbulu gözlənilsə də, sənəd Milli Məclisdə hələ öz təsdiqini tapmayıb. Buna da səbəb qanun layihəsinin parlament üzvləri tərəfindən birmənalı qarşılanmamasıdır. Bəzi millət vəkilləri hesab edir ki, etik davranış kodeksi millət vəkillərinin fəaliyyətini məhdudlaşdıracaq.
Millət vəkilləri hər hansı formada davranış sərgiləyirsə, onun qiymətini öz seçiciləri verməlidir. Millət vəkillərinin məmurlarla bərabərləşdirilməsi və hər ikisindən eyni dərəcədə davranış tələb olunması yolverilməzdir. Amma belə bir qanun layihəsinin qəbulunun zərurət olduğunu düşünənlər də yox deyil.
"Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin hazırlanmasının müsbət bir hal olduğunu deyən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlinin sözlərinə görə, etik davranışa görə məsuliyyət məsələsi artıq referendum nəticəsində Konstitusiyada öz əksini tapıb və buna uyğun olaraq da qanun hazırlanmalıdır.
Deputat hesab edir ki, yeni qanun layihəsinə əsasən deputat etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric oluna bilər. Amma deputatların etik davranış qaydasını pozmasına görə, parlamentdən uzaqlaşması dünyanın heç bir yerində yoxdur:
"Biz görürük ki, dünyanın bir çox ölkələrində deputatlar arasında dava-dalaşlar da olur. Buna görə hansısa hüquqi məsuliyyətə cəlb olunmurlar. Hətta normada belə bir şey var ki, deputat Milli Məclisdə etdiyi çıxışlara görə məsuliyyət daşımır. İndi isə yeni hazırlanan qanun layihəsində deputatın etik davranış qaydasını pozduğuna görə parlamentdən xaric olunması var. Burada da deputatın özü istefa vermədiyindən və ya hər hansı bir hadisə nəticəsində deputatlıqdan kənarlaşmadığından onun pensiya hüququ da pozulur”.
T.Kərimlinin qənaətincə, deputatların etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric olunması yolverilməz haldır:
"Ancaq bu məsələ Konstitusiyaya salınıbsa, başqa çarəmiz yoxdur. Əgər etik davranış hüquqi kateqoriyaya aid ediləcəksə, o zaman bunun bir hüquqi termin kimi izahı verilməlidir. Hesab edirəm ki, qanun layihəsi hazırlanarkən bir çox məsələlərə həssas yanaşılmalıdır”(modern.az).
"Deputatların etik davranış qaydaları haqqında” qanunun dünyanın bir çox ölkələrində olduğunu vurğulayan millət vəkili Aqil Abbasın sözlərinə görə, qardaş Türkiyədə millət vəkilləri üçün andiçmə mərasimi belə keçirilir:
"Bu baxımdan sözügedən qanun layihəsinin qəbul olunmasında qəbahətli bir şey görmürəm. Millət vəkilləri də hər bir vətəndaş kimi müvafiq qayda-qanunlara əməl etməlidir”.
Bu qanun layihəsinin qəbul olunacağı halda deputatların sərbəstliyi üçün bir sədd rolu oynayacağı barədə iddialara gəldikdə isə A.Abbas "Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinə bu cür yanaşmağın yanlış olduğunu deyib:
"Qətiyyən, belə bir şey ola bilməz. Qanun layihəsi ilə dərindən tanış olmasam da, az-çox məlumatım var. Orada millət vəkillərinin davranışına, danışığına məhdudiyyət qoyacaq heç bir maddə yoxdur. Deputata danışmaq qadağası qoymaq olmaz. Onsuz da hər bir deputat parlamentdəki çıxışına görə məsuliyyət daşıyır. Amma bu tamam başqa məsələdir. Deputat istədiyi zaman istədiyi mövzuda danışa bilər, təhqirə yol verməmək şərti ilə. Həm də ki, hər kəsin özünün daxilində bir əxlaq norması var və hərəkətlərini də ona görə tənzimləməlidir”.
Deputatların etik davranış qaydalarının pozulmasına görə parlamentdən xaric olunması məsələsinə gəldikdə isə A.Abbas deyib ki, bu, deputatların yol verdiyi yanlışdan asılı olacaq.
Hər davranış pozuntusuna görə də, millət vəkillərinin mandatını ləğv etmək olmaz. Yüngül qayda pozuntularına görə, xəbərdarlıq edib, töhmət vermək olar. Yox, əgər hansısa bir deputat həddindən artıq kobud bir səhvə yol verəcəksə, onun parlamentdən xaric edilməsi məqsədəuyğundur. Etikasız adamların milləti təmsil etməsinə göz yummaq olmaz.
Millət vəkili Araz Əlizadə də o fikirdədir ki, etik davranış qaydalarına və əxlaq normalarına cavab verməyən bir insanın parlamentdə mandat alması real deyil:
"Xalq onun etimadını doğrultmayan birinə səs verməz. Hər kəs səs verməzdən əvvəl qarşısındakı namizədin yüksək intellektə sahib olmasına önəm verir. Ancaq "Deputatların etik davranış qaydaları haqqında” qanun layihəsinin qəbul olunmasında da pis heç nə görmürəm. Hər bir millət vəkilinin etika normalarında, etika çərçivəsində davranmağı çox düzgün bir haldır. Zənnimcə, bu qanun öz davranışlarında diqqətli olan millət vəkilləri üçün problem yaratmayacaq. Mənə elə gəlir ki, onun elə bir ziyanı yoxdur. Sadəcə, bu, məsuliyyətin artırılmasına xidmət edəcək”.
Qanun layihəsinin konkret maddələri ilə tanış olmadığını vurğulayan millət vəkili "Mən heç vaxt yemədiyim xörəyin dadından danışmağı sevmirəm” deyib.
Şəymən