"...Ətin qiyməti KƏSKİN BAHALAŞACAQ"





"Bazarlarda ətin bahalaşması heyvanlara verilən yemin qiymətindəki artımla əlaqədar idi”.

Bunu Sherg.az-a diri mal-qaranın ucuzlaşmasına baxmayaraq, ətin qiymətinin sabit qalmasının səbəblərini izah edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, yay mövsümü ilə əlaqədar ətin qiymətinin ucuzlaşmasına bir qədər şərait yaranıb:

"Ümumiyyətlə, mal-qara saxlayanlar satın alınan yemlərdən müəyyən qədər azad olunub. Bu da diri mal-qaranın qiymətlərinin sabitləşməsinə az da olsa şərait yaratdı. Amma kəsilmiş ətin əsasən də Bakı şəhərində ucuzlaşmadığını görürük. Bunun səbəbləri odur ki, həmin sahə ilə məşğul olanlar da bunun mövsümi xarakter daşıdığını anlayırlar. 

Artıq payıza doğru, sentyabr ayından başlayaraq yemə ehtiyac yaranacaq və onun qiymətinin qalxmasına gətirib çıxaracaq. Nəticə etibarilə ətin qiymətində artım müşahidə oluna bilər. 

Ona görə də satıcılar qısa müddət ərzində qiymətləri endirməyi istəmirlər. Ən azından müəyyən qiymət bahalaşmasından sonra dövriyyələrin azalacağını, daha az ət satacaqlarını düşünüb, indidən qazanclarını təmin etməyi düşünürlər. 

Bu, doğru yol deyil, amma Azərbaycansayağı metoddur. Təəssüf ki, bizdə biznes təfəkkürü də bu şəkildə inkişaf edib. Ətin qiymətinin bahalaşması payız aylarında davam edərsə, xüsusilə, dekabr ayında qiymətin kəskin bahalaşmasını görəcəyik.

Bu il ərzində ənənəvi yem tədarük edən rayonların bəzilərində texniki bitkilər əkildi. Bununla yem tədarükünün, yem üçün nəzərdə tutulmuş ərazilərin azaldığını müşahidə edirik. 

Bu da təbii ki, yemin özü azaldıqca, ətin qiymətinin artmasını müşahidə edə bilərik. Həmçinin bütün bayramlardan əvvəl müşahidə etdiyimiz kimi, Yeni il bayramından öncə ərzağın qiymətinin bahalaşması ilə bərabər ətin də bahalaşmasını müşahidə edəcəyik”.

Aysel Aslan