“Etnik təmizləmə siyasətinə məruz qalmışıq”
İlham Əliyev: “Azərbaycan BMT-yə daxil olarkən Dağlıq Qarabağ bizim idi”
"Multikulturalizm trendlərinin gücləndirilməsi çox müsbət tendensiya ola bilər. Bütün məsuliyyətli siyasətçilər bu müsbət dinamikaya töhfə verməlidirlər. Çünki bunun əksi ksenofobiyadır”.
Bunu dünən Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan beynəlxalq birliyin layiqli üzvünə çevrilib: "Azərbaycan BMT-nin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurasının üzvüdür. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də bunun nəticəsi idi. Azərbaycanda bütün azadlıqlar təmin edilir. İqtisadi islahatlar da siyasi islahatlarla paralel aparılır”.
"Əsrlər boyu Azərbaycanda dinlər, mədəniyyətlər inkişaf edib, biz tariximizlə fərəhlənirik”
Prezident bildirib ki, Forumun Bakıda keçirilməsi bizim işimizə verilən yüksək qiymətdir: "BMT-nin Sivilizasiyalar Alyansının yaradılması Türkiyə və İspaniyanın təşəbbüsü olub. Azərbaycan əsərlər boyu mədəniyyətlər və dinlərin kəsişməsində yerləşib. Əsrlər boyu dinlər, mədəniyyətlər Azərbaycanda inkişaf edib. Hər zaman tolerantlıq, multikulturalizm mövcud olub. Ona görə də ölkəmizdə bütün etnik qruplar və dinlər bir arada yaşayır, yaradırlar. Bu, zənginliyimizdir, biz tariximizlə fərəhlənirik. Müxtəlif mədəniyyətlərin nümayəndələri Azərbaycanda azad yaşayır. Azərbaycanda ən qədim kilsələr, alban kilsələri, o cümlədən Şamaxıda ilk məscidlərdən biri yerləşir. Biz sinaqoqların bərpası ilə məşğul olmuşuq. Azərbaycan əsrlər boyu bu zənginlikləri qoruyub saxlayıb. Müxtəlif məlumatlarda, o cümlədən ATƏT-in Faktaraşdırıcı Missiyasının hesabatında işğal altında olan ərazilərdə mədəni və dini abidələrin dağıdıldığı əksini tapıb. Ancaq Azərbaycanda erməni kilsəsi bərpa olunub”.
"Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır”
Dövlət başçısı bildirib ki, bəzi hallarda BMT qətnamələri bir neçə saat, bir gün ərzində həyata keçirilir. Azərbaycana gəlincə, 20 ildən artıqdır, bu qətnamələr yerinə yetirilmir: "ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı da belə qərarlar qəbul edib. Ancaq Ermənistan bunlara əməl etmir, işğalçıya heç bir beynəlxalq təzyiq də göstərilmir. Xocalıda qətliam törədilib, 600-dən çox uşaq, qadın və qoca qətlə yetirilib. Münaqişənin həlli ərazi bütövlüyünə, Helsinki Yekun Aktına əsaslanmalıdır”. Prezident Azərbaycan ərazilərinin işğaldan azad olunacağını bəyan edib: "Bizim torpaqlarımız işğaldan azad olunmalı və bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıtmalıdır. Bütün beynəlxalq ictimaiyyət bu məsələnin həllində birgə iştirak etməlidir. 1988-ci ildən yüz minlərlə azərbaycanlı Ermənistandan qaçqın, 700 mindən çox azərbaycanlı isə Qarabağdan köçkün düşüb. Azərbaycanın o dövrdə cəmi 8 milyon əhalisi vardı. Ən yoxsul ölkələrdən biri idik. Ötən dövr ərzində qaçqın və məcburi köçkünlər üçün 90-dan çox qəsəbə salmışıq, bu işlər indi də davam edir. Lakin o insanların bir qismi hələ də yataqxanalarda, şəraitsiz yerlərdə yaşayır. Əfsuslar olsun ki, müstəqillik illərində qonşu Ermənistanın təcavüzü ilə üzləşdik. Azərbaycan BMT-yə daxil olarkən Dağlıq Qarabağ bizim idi. Biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. Bu, Ermənistan tərəfindən edilib. İşğal olunmuş ərazilərdə hər şey yerlə-yeksan edilib”.
"Toqquşmalarda dini səbəblər də görürük”
Prezident İlham Əliyev müasir Azərbaycanın 25 illik müstəqillik tarixi olduğunu xatırladıb: "Ancaq ölkə kimi tariximiz qədimdir. Multikulturalizm Azərbaycanın dövlət siyasətidir. Son illər bir çox tədbirlər Azərbaycanda təşkil olunub. Bütün bunların məqsədi müxtəlif dinlər arasında dialoq qurmaqdır. Bu gün bu mövzu qlobal gündəlikdə duran ən mühüm mövzulardan biridir. Əfsuslar olsun ki, biz keçmiş SSRİ və Avropa ərazisində bəzi narahatlıq doğuran məsələləri müşahidə edirik, toqquşmalarda təəssüf ki, dini səbəblər də görürük”. Dövlət başçısı qeyd edib ki, 2008-ci ildə Bakı prosesinin yaradılması təşəbbüsü irəli sürülüb: "Azərbaycan yeganə ölkələrdəndir ki, 2008-ci ildə İslam Əməkdaşlıq Təşkilatı üzvləri və Avropa dövlətlərini bir yerə toplayıb. Bakı prosesi genişlənir, qlobal təşəbbüsə çevrilir, sülh və mədəniyyətlərarası dialoqa xidmət edir”.
"Neft və qazdan asılılığımız azalır”
Prezident söyləyib ki, işğala baxmayaraq, Azərbaycan durmadan inkişaf edir: "2014-cü ilə qədər Azərbaycan dünyada ən sürətli inkişaf edən ölkələrdən biri olub. Ölkəmiz zəngin enerji resurslarına malikdir, lakin əsas məqsədimiz "qara qızıl”ı insan kapitalına çevirməkdir. İslahatların aparılması göstərir ki, iqtisadiyyatımız şaxələndirilmiş iqtisadiyyatdır, neft və qazdan asılılığımız azalır”. Dövlət rəhbəri Cənub Qaz Dəhlizinin əhəmiyyətini də vurğulayıb: "Şərq-Qərb nəqliyyat dəhlizi yeni bir İpək Yolu olacaq. Azərbaycan Şimal-Cənub dəhlizinin yaradılmasında da aktiv iştirak edir. Əgər ölkələr qarşılıqlı əlaqədədirsə, daha çox inkişaf edirlər. Biz daha yaxşı əməkdaşlıq formalarının yaranması istiqamətində çalışırıq. Multikulturalizm, tolerantlıq region xalqlarının həyatını daha da yaxşılaşdıracaq”.
İsmayıl