Ev alanların sayı çoxalacaq

İpoteka kreditlərinin məbləğinin artırılması vəziyyəti dəyişəcək



Azərbaycanda ipoteka kreditlərinin məbləğinin artırılması məsələsi gündəmə gəlib. Maliyyə naziri Samir Şərifov hesab edir ki, Azərbaycanda ipoteka kreditləşməsinin həcminin artırılması bu bazarda pul çatışmazlığının aradan qaldırılmasına yönəlmiş addımlardan biridir. Maliyyə Nazirliyinin bu cür addımları dəstəklədiyini vurğulayan nazir bildirib:

"Biz ipoteka kreditinin məbləğini artıra bilərik. Hesab edirəm ki, Azərbaycan Mərkəzi Bankı bazarın fəallaşması üçün əlavə vəsaitlər təqdim edəcək və ehtiyac yaranarsa, hökumət əlavə dövlət təminatı verəcək”. S.Şərifovun fikrincə, ipoteka kreditləşməsi sahəsində dəyişiklik bazarın likvidliyinin artımından başqa, yerli tikinti materialları istehsalçılarına da dəstək olacaq.

Ekspertlər də bu addımın müsbət nəticə verəcəyinə ümid edir. İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramovun sözlərinə görə, daha çox vəsaitin bazara daxil olması alıcıların da sayını artıracaq: "İpoteka kreditlərinin verilməsində artıq vəsaitin təklif edilməsi praktik olaraq ipoteka kreditlərinin təsir edəcəyi zonaları dəyişəcək. Maksimum məbləğin artırılması ipoteka kreditlərinin şəhərin mərkəzinə yaxın rayonları da əhatə etməsinə imkan verəcək. Eyni zamanda həmin rayonlarda ipotekaya tələbin artmasına səbəb olacaq. İpoteka kreditinin məbləğinin artırılması ev alanların sayını artıracaq. Amma indiki məqamda tələbin hiss edilən dərəcədə artımına gətirib çıxarmayacaq. Bunun mənzil bazarında qiymət artımlarına səbəb olacağını düşünmürəm. Çünki adi və sosial ipoteka proqramı ilə bazara daxil olan vəsaitlər aktiv tələb formalaşdırsa da, qiymətləri dəyişəcək tələb formalaşdırmır”.

İSİM rəhbəri hesab edir ki, mənzil probleminin daha asan yollarından biri isə sosial mənzillərin inşa edilməsidir: "Strateji metod kimi sosial evlərin inşa edilməsi vacibdir. O, aztəminatlı əhalinin mənzil sahibi olması baxımından əhəmiyyətlidir. Qonşu Türkiyədə də aztəminatlı insanlar bu yolla mənzil sahibi olur. Belə evlər şəhərlərin mərkəzində deyil, nisbətən kənarlarda olur və çox ucuz qiymətə başa gəlir. Bu addım bazarda qiymət azalmalarına da təsir edə bilər”.

Digər iqtisadçı-ekspert Samir Əliyev də ölkədə insanların mənzil problemlərinin həlli istiqamətində ipoteka kreditlərinin verilməsini vacib addım kimi qiymətləndirir.

S.Əliyev insanların ipoteka krediti ala bilmək imkanlarının artırılması üçün ipoteka bazarının həcminin böyüməsinin vacibliyini vurğulayıb: "İpoteka Fondu müxtəlif mənbələr hesabına ipoteka bazarının həcmini artırır. Ancaq bu bazar hələ arzuolunan səviyyəyə çatmayıb və onun dəfələrlə artırılmasına ehtiyac var. İnkişaf etmiş ölkələrdə bazarın dövriyyəsi milyardlarla ölçülür. Ona görə də həmin ölkələrdə əhalinin kredit almaq imkanı yüksəkdir”.

S.Əliyev də hesab edir ki, ölkəmizdə mənzil probleminin tam aradan qaldırılması üçün ipoteka kreditləri ilə yanaşı, sosial evlərin tikintisi zəruridir. Dünyada belə bir təcrübənin olduğunu deyən ekspertin sözlərinə görə, sosial evlər dövlət tərəfindən tikilir və yaşayış səviyyəsi aşağı olan insanlara ucuz qiymətə kirayə şəklində verilir: "Amma bu məbləğ daha çox simvolik, bazar qiymətlərindən dəfələrlə ucuz olur. Sosial evlərdə yaşayan insanlar kirayə verməklə yanaşı, öz istəyi ilə evin pulunu da ödəyir və nəticədə ev onların mülkiyyətinə keçir”.

Şəymən