Ekspertlər daha çox insan alveri faktoruna diqqət yetirilməsini vurğulayırlar
Evdən xəlvəti çıxanlar...
1 ay əvvəl itkin düşən əkiz bacıları indi niyə axtarırlar?
Ekspertlər daha çox insan alveri faktoruna diqqət yetirilməsini vurğulayırlar
Ekspertlər daha çox insan alveri faktoruna diqqət yetirilməsini vurğulayırlar
Gəncədə əkiz bacılar itkin düşüb. Yayılan məlumatlarda 15 yaşlı əkiz bacılar - Səkinə və Məryəm Abdurəhmanovaların aprelin 29-u, gecə saat 01:00 radələrində evdən çıxdıqları qeyd olunur. Son zamanlar bu tip xəbərlər də intensivləşib. Gah uşaq, gah gənc, gah da yaşlı adamların itkin düşdüyünü eşidirik. Bəzən bu itkilər qız qaçırılmaları, qızların özünün könüllü evdən getməsi, hətta evli qadınların başqa kişiyə qoşulub qaçması ilə də nəticələnir.
Yəni, itkilər ən müxtəlif sonluqlarla yadda qalır. Əkiz bacıların itkin düşməsində diqqət çəkən məqam isə aprelin 29-u, gecə baş vermiş hadisə barədə təxminən 1 ay sonra məlumat verilməsidir. Niyə belə gec? Valideynlər qızların itkin düşdüyünü niyə bir ay keçmiş xəbər verib? Burada gizli məqamlar ola bilərmi?
Hadisə barədə fikirlərini bildirən sabiq polis rəisi Mahmud Hacıyev "Şərq”ə açıqlamasında itkinlərin axtarışı ilə bağlı aparılan işin bəzi detallarına işıq saldı:
- İtkin düşmələr hələ sovet dönəmindən polisin ən "yaralı” yeridir. Buna hüquq-mühafizə dili ilə "naməlum şəraitdə itkindüşmə” deyirlər. Sovet vaxtı bu sahədə işlər daha effektiv aparılırdı. Çünki məsuliyyət böyük idi. Əməliyyat xidmətinin bir neçə sahəsi var ki, onlardan ən başlıcası cinayət axtarışıdır. Cinayət axtarışının da məxfi və qeyri-məxfi hissəsi olur. Hüquq-mühafizə orqanları cinayət axtarışının mahiyyətindən asılı olaraq bəzi məlumatları məxfi saxlayır, bəzi əməliyyat tədbirlərini məxfi həyata keçirir. Elə məlumatlar da var ki, onların məxfi saxlanmasına lüzum görünmür. Məsələn, itkin düşənlərin əlamətləri, nə vaxt evdən çıxmaları və s. İtkin düşmə halı varsa, polis əməliyyat tədbirləri keçirməlidir. Daha sonra məhkəmə istintaqı başlanmalıdır. Məhkəmə istintaqı təcrübəsində itkin düşmələr üzrə işlərin çoxu ya adam oğurluğu, ya da qəsdən adam öldürməyə gəlib çıxır. Axtarış işləri 2 hissəli aparılmalıdır. Polis əməliyyat tədbirlərini başa vurduqdan sonra prokurorluq orqanları ilə birgə işləməlidir və təhlil aparılmalıdır. Əməliyyat tədbirləri yüksək səviyyədə həyata keçirilirsə, naməlum şəraitdə itkin düşmənin səbəbləri tapılır. Cinayət işini əlinə alıb oxuyanda başa düşürsən ki, burada, məsələn, adam oğurluğu var, yaxud, bu adam öldürülüb. Çünki insan yoxa çıxa bilməz. Ya bunu oğurlayıblar, ya da öldürüblər. Hardasa onun ya dirisi, ya ölüsü tapılmalıdır. Hərdən məlumat verilir ki, filankəs evdən çıxıb, geri qayıtmayıb. Bir müddət sonra tutalım, dənizdən kişi meyiti tapılır. Məlum olur ki, bu ölən, filan vaxt, deyək ki, Balakən rayonunda itkin düşmüş elan edilən kişinin meyitidir. Hüquq-mühafizə orqanları "naməlum şəraitdə itkin düşmə” və "naməlum meyit aşkarlanması” hallarına xüsusi diqqətlə yanaşmalıdır. Cinayət axtarışı şöbəsinin birinci işi naməlum şəraitdə itkin düşənləri tapmaq və şəxsiyyəti naməlum meyitləri müəyyənləşdirməkdir. Cinayət axtarışının bu iki sahəsi ən çətin, ən məsuliyyətli işdir. Hər iki hal ağır cinayətlərə aid olduğundan bəzən hüquq-mühafizə orqanları onları vaxtında qeydə almaqdan, əməliyyat axtarış tədbirləri aparmağa çox da həvəsli olmurlar. Polisə siqnal çatan kimi hərəkətə keçməlidir. Polisin məxfi şəbəkəsi olmalıdır və ondan axtarış tədbirlərinin aparılmasında istifadə etməlidir. Götürək, itkin düşmüş əkiz bacılar hadisəsini. Polis idarəsi bu qızlar barədə bütün məlumatları əlində toplamalıdır. Hansı məktəbdə oxuyublar, kimlərlə dostluq ediblər, sinif yoldaşları ilə münasibətləri necə olub, evdə vəziyyət necədir, valideynləri varmı, valideynləri ilə münasibətləri necədir? Harada qohumları yaşayır... O qədər suallar var ki. Niyə bu qızlar gecə saat 1-də evdən çıxıblar? 15 yaşında qız gecə saat 1-də niyə evdən çıxmalıdır? Əsas diqqət yetiriləcək məqam budur. Həmin vaxt evdə kimlər olub? Əvvəlki günlərdə qızlar kimlərlə görüşüblər, bəlkə evlərinə kimsə gəlib? Bu işlərlə polis idarəsinin baş əməliyyat müvəkkili məşğul olmalıdır. Bəlkə qızları valideynləri satıb? Bəlkə valideynlər şantaj olunur ki, itki barədə danışmasınlar. Bu saat elə çətin bir zamandır ki, qızları oğurlayıb fahişəliyə cəlb edirlər. Bəlkə Dubaya aparıblar onları? Hər ehtimala dərindən yanaşılmalıdır. O ailənin də, qızların da əxlaqı barədə məlumat əldə edilməlidir. Bunlar hamısı ehtimallardır. Hadisəni polis və prokurorluq araşdırmalıdır. Axtarış işi açılmalıdır. Amma bəzən belə halların da şahidi oluruq ki, ağır cinayətlərin faizi yüksək olmasın deyə, məlumatlar gizlədilir. Bəzən hətta cinayət işi ümumiyyətlə açılmır. Açılmayan cinayət işləri polisə də, prokurorluğa da baş ağrısıdır.
M.Hacıyev itkin düşmüş bacıların əkiz olmasına da diqqət çəkdi:
- Bu qızların "yumurta əkizləri” olub-olmadığı da dəqiqləşməlidir. Çünki "yumurta əkizləri”nin hərəkətləri biri-birinə təsir edir. Biri xəstələnirsə, o birisi də xəstələnir. Biri harasa getmək istəyirsə, əkiz tayı da onun ardınca gedir. Bəlkə də bu itkin düşmə hadisəsində bir bacının hərəkətləri o birisini də təhrik edib. Bunlar məhkəmə-tibbi ekspertizanın tədqiqat obyektidir. Cinayət axtarışı şöbəsi ciddi işləməlidir.
"Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova isə gənc qızların itkin düşməsində insan alveri faktoruna diqqət yönəldilməsini lazım bilir:
- Təəssüf ki, gənc qızların itkin düşməsi xəbərləri çoxalır. Burada ailə-məişət problemləri, valideyn nəzarətinin zəifliyi, gənclərin internet resurslarından faydasız istifadəsi amilləri də var. Xüsusilə də, mən insan alveri faktoruna diqqət çəkmək istərdim. Bəzən belə hadisələrin şahidi oluruq ki, gənc qızları öz qohumları, tanıdıqları adamlar bu yola çəkirlər. Onları harasa qonaq aparmaq adı ilə aldadır, sonra da qaçırırlar. Bir aydır ki, bu qızlar itkin düşüb. Bu vaxt ərzində valideynləri narahat olmayıbmı? Normal halda bir ailə üzvü evə 1 saat gec gələndə narahatlıq başlayır ki, görəsən, başına nə iş gəldi? Amma 1 ay əvvəl itkin düşmüş 15 yaşlı qızlar barədə indi məlumat verilir. İnsan oğurluğu, "qara transplantasiyanın” geniş yayıldığı indiki zamanda uşaqların itkin düşməsinə belə laqeyd yanaşılmamalıdır. O qızların valideynləri ilə mütləq təmas qurulmalı, evdəki şərait araşdırılmalıdır. Ümid edirəm ki, qızların harada olması tezliklə bilinəcək.
Məlahət Rzayeva