“Kim qoçaq tərpənib “pult”u birinci əlinə aldısa, televizor üzərində “hakimiyyət”ini bərqərar etmiş olur”

Ailələrin bir problemi də televiziyadır - televiziya üstündə düşən davalar. Ata bir verilişə baxmaq istəyir, uşaq başqasına. Mətbəxdə qab-qaşıq yuyan ananın işi lap çətindir. Bilmir, atanı "dəstəkləsin”, yoxsa uşağı. Çünki özünün sevimli verilişi və ya vaz keçilməz serialı var. Bir şey yaxşıdır ki, demək olar, əksər evlərdə 2, bəzən 3, hətta 4-5 televizor var. 1 televizoru olan evlər bəlkə də nadir tapılar. Bu da son illərin dəbidir; qonaq otağında bir televizor, yataq otağında bir, mətbəxdə daha biri, uşaqların otağında da televizor... Baxmayaraq ki, internet efir imkanlarını üstələyir, yenə də insanlarımız film, yaxud da hər hansı proqramı kompüterdən daha çox televizorda izləməyi üstün tuturlar. Görüntü fərqlidir çünki. Ona görə də televizor üstündə mübahisə düşür. Kim qoçaq tərpənib "pult”u birinci əlinə aldısa, televizor üzərində "hakimiyyət”ini bərqərar etmiş olur. Vay o gündən ki, ailə üzvləri arasında ipə-sapa yatmayanlar olsun. Hər kəsin günü qaralır.

Bu dəfə məhz televizor üstündə düşən davalardan yazmağı qərara aldıq. Bir mənzildə yaşayan insanların televiziyaya fərqli baxışları, ailə üzvlərinin fərqli baxışlara malik olmasının təzahürüdürsə, o ailədə həmrəyliyin hökm sürdüyünü söyləmək mümkündürmü? Bu gün televiziyaya fərqli bucaqlardan baxan bir ailənin üzvləri sabah hansısa ciddi məsələdə həmfikir ola biləcəkmi?
Əvvəlcə, "televiziya üstündə dalaşırsınızmı” sualı ilə paytaxt sakinlərinə müraciət etdik. Qarşımıza çıxan təsadüfi adamlara bu sualı verdik. Cavablar təbii ki, müxtəlif oldu.
Yeganə xanım. 45 yaş. Evdar qadın:
- Ailədə babalı-nənəli 5 nəfərik. Televizorun biri mətbəxdədir, biri qonaq otağında. Uşaqlar tələbədir, televizorla bir o qədər maraqlanmırlar. Bizim evdə ən çox xəbərlərə baxılır. Seriallara heç baxılmır. Yaşlı adamlardı, xəbərlərə baxmağı sevirlər. Uşaqlar televiziyaya həvəsli olmadığından davamız da düşmür.
Digər sakin, təqaüdçü Səlminaz xanım isə dedi ki, ailə üzvləri biri-birinə güzəştə gedir:
- Gəlinim, nəvələrim var. Böyüklər deyəndə, uşaqlar sözə baxır. Uşaqlar da "multfilm”ə baxmaq istəyəndə böyüklər mane olmur. Uşaqlar "multik”i sevir. Bir də "Ben bilməm, eşim bilir”i. Biri-birimizə güzəştə gedirik. Bizdə sülhdü.
53 yaşlı Afət xanım isə televizor üzərində hakimdir. Evdə yalnız o televiziya aludəçisi olduğundan kimsə maneçilik törətmir:
- 2 televizorumuz var. Qonaq otağında, bir də yataq otağında. Bir oğlum var. 22 yaşında. Ancaq idman kanalına baxır. Yoldaşım, ümumiyyətlə, televiziyaya meyilli deyil. İşləyir, o qədər yorğun gəlir ki, televizora baxa-baxa yatır. Mən daha çox seriallara baxıram. Seriallar başlayanda televizorun qarşısında əyləşirəm. Bizim yerli seriallara baxıram - "Bir ailəm var”, "Həyat sən nə qəribəsən”...
Təqaüdçü Məhəbbət xanım isə evdə "pult” üstündə dava getdiyini dedi:
- Mənlə kiçik nəvəm birdir, böyük nəvəmlə bacısı bir. Onlar bir dəstədir, biz ikimiz bir dəstə. Mən öz proqramlarıma baxanda oğlan nəvəm əsəbiləşir: "Nənə, bəsdi də, qoy biz də bir şeyə baxaq”. Bacısı da qardaşı ilə birdir. Birləşib "multikə” baxırlar. Kiçik nəvəm onların əlindən "pult”u qapıb mənə gətirir. Gəlin deyir ki, hələ balacadır. "Multik” nədi, bilmir. Ona görə sən tərəfdədir. Bir az böyüsün, o da pultu alıb qaçacaq. Nənə-nəvə günümüz belə keçir. Kim pultu əlinə aldı, o, uddu. Televizorda nə qədər dərdli ailələr göstərirlər. Onlara baxıram. Kövrəlirəm. Onlara kiminsə kömək etdiyini görəndə, sevinirəm. Çarəsiz adamlara kömək edənlər, sağ olsun. Allah onları darda qoymasın. Oğluma demişəm, mənə bir televizor al. Oturacam, öz otağımda, onlar da qoy nəyə istəyirlər, baxsınlar. Heç o otağa keçməyəcəm də.
Mövzunu pedaqoq və sosioloqla davam etdirdik.
Əməkdar müəllimə Almaz Həsrət "Şərq”ə açıqlamasında mənzildə 1 televizorlarının olduğunu dedi:
- 1 televizorumuz var. 2-3 televizoru qoymağa yerimiz yoxdur. Televizorun sayı mənzilin ölçüsündən asılıdır. Məsələn, anamgildə 5 otaqlı mənzildir, 3 televizorları var. Mən o ailəyə həsəd aparıram ki, onlar televizora baxmağa vaxt tapırlar. Bizdə vaxt qıtlığıdır. Uşaqlar dərsləri ilə məşğul olur. Ümumi baxdığımız ancaq bilik yönümlü verilişlərdir. O da müəyyən saatlarda.
Böyüklər evdə olmayanda da, uşaqlar televizora maraq göstərmir. Ümumiyyətlə, son illər televizora baxış azalıb. Uşaqlar, gənclər daha çox planşet və tabletdən istifadə edir. Qızım 8-ci sinifdə oxuyur. Kompüterlə, planşetlə işləyir. Bizim vaxtımızda bədii kitablar mütaliə edilirdi. İndiki gənclərin bədii kitabı tablet və planşetlərdədir. İndiki zamanda televizora baxmağa nə vaxt var, nə də həvəs.
Fərqli-fərqli verilişlər izləyən ailə üzvlərinin fərqli baxışlara malik olması fikrinə gəlincə, A.Həsrət burada ailə tərbiyəsinin mühüm əhəmiyyət daşıdığını bildirdi:
- Bilirsiz, bu, daha çox ailədə qoyulmuş qayda-qanundan asılıdır. Məsələn, biz kiçik yaşlarında olanda, valideynlərimiz nəyə baxırdısa, biz də ona baxırdıq. Doğrudur, o zamanlar seçim imkanları indiki kimi deyildi. Bir-iki kanal vardı, uşaqlar üçün də 1-2 veriliş. Əsasən, "Gecəniz xeyrə qalsın, balalar”, "Nağıllar”... Biz heç vaxt cürət edib valideynimizə deyə bilməzdik ki, bu verilişə baxmaq istəyirəm, kanalı çevir. İndi, mənim öz ailəmdə də həmin qayda-qanundur. Valideynlə uşaqların fərqli baxışlara sahib olması nə qədər təbiidirsə, uşağın valideynin istəyinə qarşı çıxıb televiziyaya hakim olması, bir o qədər anormaldır. Demirəm ki, uşaq basqı altında olmalıdır, uşağa daim kiçik gözlə baxılmalıdır. Hüquqları tapdanmalıdır. Əsla. Amma hər şeyin bir həddi, ölçüsü var. Burada əsas məsələ övladın valideynin üzünə hansı dərəcədə ağ olmasından, valideynə qarşı saymazlığıdır. Övlad iki ayağını bir başmağa dirəyib, "yox, indi mənim verilişimin vaxtıdır” deyib, valideyni kənara itələyirsə, bu, artıq həmin ailədə subardinasiyanın pozulduğundan xəbər verir. Böyüyün böyük yeri, kiçiyin kiçik yeri olmalıdır. Təməli düzgün qurulmuş ailələrdə belə problemlər yaşanmır.

Sosioloq Əhməd Qəşəmoğlu isə televizor üstündə düşən davalara adi məişət halı kimi yanaşır:
- Mən belə mübahisələri təbii qarşılayıram. Uşaqla gəncin, gənclə yaşlı adamın maraqları eyni ola bilməz. Təbii ki, hər yaş dövrünün öz baxış bucağı, özünəməxsus dünyagörüşü var. Xüsusilə, indiki vaxtda, televiziya üstündə mübahisə etmək, ayrı-ayrı tele-proqramları sevmək normaldır. Görün, nə qədər telekanallar var, bunlarda nə qədər müxtəlif məzmunlu, müxtəlif səpkili proqramlar yayımlanır. Əlbəttə, insanların qavrama qabiliyyəti də, dünyagörüşü də, zövqü də fərqlidir. Biri bir proqramı sevəcək, başqası başqa bir verilişi. Bizim evdə 3 nəfərdir, 3 nəfərə 3 televizor var. Kim nəyə istəyir, ona da baxır. Hansısa ailədə bu məsələdə mübahisə yaranırsa, bu da adi məişət halıdır. Amma əgər məsələyə uşağın valideynə qulaq asması prizmasından yanaşsaq, əlbəttə, uşaq valideynə tabe olmalıdır. Valideyn də uşaq üçün gərəkli olanı seçməlidir. Kiçik yaşlı uşaqlar xüsusən nəzarət altında olmalıdırlar. Onların təlim-tərbiyəsinə mənfi təsir edə biləcək filmlərə, proqramlar izləməsinə icazə verilməməlidir. Amma hansısa proqram uşağın dünyagörüşünün formalaşması üçün əhəmiyyətlidirsə, bu zaman uşağa güzəştə gedilməlidir. Onsuz da indiki cəmiyyətdə sürətlə diferensiallaşma prosesi gedir. Sovet gəncliyi ən çox 2-3 qrupa bölünürdüsə, indiki gənclik çoxsaylı qruplara bölünüb. Müxtəliflik həddindən artıq çoxdur. Çox az ailə tapılar ki, bütün ailə üzvləri eyni verilişin izləyicisi olsun. Bəlkə, bu, daha da yaxşıdır. Hamının eyni cür düşünməyi çox yorucu, sıxıcı olardı. Və bu, cəmiyyətdə monotonluq yaradar. Eyni fikirlər, eyni düşüncələr, eyni yanaşma tərzi. Normal cəmiyyətlərdə belə olmur.
Məlahət Rzayeva