Ekspertlərin əmlak bazarı ilə bağlı verdikləri səhv proqnozlar da alıcılara təsir edib
Son vaxtlar Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Ev və torpaq alqı-satqısında artım demək olar ki, gözə dəymir.
Ekspertlər isə bunu bir müddət əvvəl dolların bahalaşması fonunda manatın devalvasiyaya uğraması ilə əlaqələndirirlər. Mənzil bazarındakı mövcud durğunluğun isə evlərin qiymətində müəyyən qədər azalmalarla nəticələndiyi iddia edilir.
Qeyd edək ki, "MBA Group” konsaltinq şirkətinin hesabatında da mənzil bazarında ucuzlaşmanın olduğu özünü göstərir. Hesabatda qeyd olunub ki, Bakıda ilkin mənzil bazarında bir kvadrat metrin orta qiyməti aprel ayında 1 066 dollar (1 117 manat) təşkil edib ki, bu da mart ayının analoji göstəricilərindən 7,22 faiz (manatla qiymətlər 7,38 faiz aşağı düşüb) azdır.
Müqayisə üçün deyək ki, cari ilin mart ayında Bakıda ilkin mənzilin bir kvadrat metrinin qiyməti 1 149 dollar (1 066 manat) təşkil edib.
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov isə deyib ki, ötən ilin payızında Bakıda mənzillərin qiymətinin azalacağı ilə bağlı açıqlama yayanda bəzi tədqiqatçılar süni və psixoloji qiymət artımlarına nail olmaq üçün yaxın zamanlarda qiymət artımlarının olacağı haqda məlumatlar yaydılar: "Ötən müddətdə isə hər ay əvvəlki aya nisbətən qiymət azalmaları müşahidə edilir. Aprel ayının yekunları göstərir ki, mənzillərin qiyməti 8 faizə yaxın azalıb. Qiymət azalmaları sadəcə manat deyil, eyni zamanda dollar ifadəsində də özünü göstərməkdədir. Bəs, növbəti aylarda qiymətlər necə dəyişəcək? Azalma tendensiyasının payızadək davam edəcəyi proqnozlaşdırılır. Əvəlla, əmlak bazarında tələb kəskin azaldığı üçün real satış qiymətində azalmalar müşahidə edilir. Bazarda alıcıların sayı az olduğu üçün praktik olaraq qiyməti satıcıdan daha çox ev alan diktə edir”. Monitorinqlərin nəticələrinə istinad edən iqtisadçı-alim deyib ki, öz mənzilini son qiymət olaraq 125 min manat təklif edən satıcı real alıcı olduğu halda hətta 110 min manata razılaşır. Bu isə, təklif qiyməti ilə real satış qiyməti arasında kəskin fərqin olmasından xəbər verir: "İkincisi, Rusiyaya tətbiq edilən sanksiyaların qüvvədə qalması şimal qonşumuzda yaşayan azərbaycanlıların Bakının mənzil bazarına tələbini azaldıb. Əksinə, onların bir qismi Azərbaycandakı əmlakını sataraq qiyməti daha çox ucuzlaşmış Rusiya və Ukrayna şəhərlərində mənzil almağa üstünlük verirlər. Üçüncüsü, qlobal iqtisadi çətinliklə bağlı olaraq nəinki Azərbaycanda, eləcə də bütün qonşu ölkələrdə vətəndaşlar daha çox yığıma üstünlük verirlər ki, bu da mənzillərə tələbi azaldıb. Dördüncüsü, neftin dünya bazar qiymətinin aşağı düşməsi ölkə ixracatının azalmasına və bununla da pul dövriyyəsində valyutanın payının məhdudlaşmasına səbəb olub. Nəhayət, Bakıda mənzillərin qiymətinin son illər kəskin artması, praktik olaraq, qiymətlərin tavana dirənməsinə səbəb olub. Bunlar isə o deməkdir ki, mənzil bazarında yaxın aylar üçün qiymət artımları gözlənilmir”.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlının sözlərinə görə, ölkənin mənzil bazarındakı hazırkı vəziyyət devalvasiyadan əvvəlki vəziyyətə qayıdır: "Devalvasiyadan sonra qısa müddətdə manat ekvivalenti ilə kəskin qiymət artımı müşahidə olunmağa başladı, amma hazırda devalvasiyadan əvvəlki vəziyyətə qayıdır. Bu da təbiidir, çünki bazarda qeyri-müəyyən bir situasiya yaranıb, faktiki olaraq, alıcı problemi var. Bu alıcı qıtlığının nəticəsində tələb kəskin şəkildə aşağı düşüb və bazarda qiymətin düşməsi meyilləri müşahidə olunmağa başlayıb”.
R.Osmanlı deyib ki, əmlak bazarında bu kritik vəziyyətin yaranmasında bir səbəb də qeyri-peşəkarların proqnozları olub: "Heç bir araşdırma aparmadan gah dedilər, qiymət artacaq, gah dedilər, azalacaq. İndi bazarda qeyri-müəyyən, idarəolunmaz bir vəziyyət yaranıb. Xüsusilə, indiki situasiyada daşınmaz əmlak bazarına təsir edən ciddi qərarlar oldu - həm Vergi Məcəlləsindəki dəyişiklik, həm manatın devalvasiyası oldu, həm də Mərkəzi Bank rəhbərliyi ipoteka kreditləşməsində əhəmiyyətli dəyişikliklərin proqnozunu verir. Bazara belə həssas proqnoz vermək potensial alıcıları qaçırır, spekulyasiyalara yol açır. Ona görə də, qiymətlə bağlı proqnoz verməyin əleyhinəyəm”.
Şəymən