Evlərinə döndülər...

Əfv sərəncamı mühüm mesajdır
Dövlətin mərhəmətindən hər kəsə pay düşür



Azərbaycanda əfv sərəncamının icrası başa çatıb. Məlumata görə, əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində icra olunub. Qeyd edək ki, Prezident İlham Əliyev ötən gün əfv sərəncamı imzalayıb. Əfv sərəncamı 148 nəfərə şamil olunub. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

Dünya ictimaiyyəti əfv sərəncamını alqışlayır

"Prezident İlham Əliyevin Novruz bayramı ərəfəsində imzaladığı növbəti əfv sərəncamı məhz insanlığa, insan hüquqlarına verilən mühüm dəyər, humanizm siyasətinin bariz nümunəsi və davamıdır”. Bunu Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə deyib. O bildirib ki, sayca 61-ci olan və davamlı xarakter daşıyan əfv sərəncamını bütün dünya ictimaiyyəti alqışlayır: "Bu, ölkə başçısının öz vətəndaşlarına olan inamının ifadəsidir. Qarşıda duran mühüm vəzifə isə göstərilən bu diqqəti və etimadı doğrultmaqdır”. R.Rumzadə qeyd edib ki, Azərbaycan Prezidentinin sonuncu imzaladığı əfv sərəncamında ombudsman Elmira Süleymanovanın təklif etdiyi siyahıdan 25 nəfər, ötən illər ərzində isə ümumilikdə 518 nəfər azadlığa qovuşub: "Biz də ombudsman təsisatı olaraq ölkə başçısına daim insan hüquqlarına verdiyi dəyərə və humanist addımlarına görə təşəkkürümüzü bildiririk”.

Prezidentin etimadını doğruldacaqlar

"Azadlığa çıxanların etimadı doğruldacağına ümid edirik”. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Təşkili Nəzarət İdarəsinin rəisi Musa Hümbətov bildirib. Onun sözlərinə görə, ölkə başçısının Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalaması sevindirici haldır: "Azadlığa qovuşan məhbusların Prezidentin bu etimadını doğruldacağına və cinayət törətməyəcəklərinə ümid edirik”.

ABŞ sərəncamı təqdir edib

Amerika Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb. Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir. Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı vurğulanır: "Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”.

Prezident vətəndaşına çox humanist yanaşır

"Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamını alqışlayıram”. Bu sözləri Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Onun qənaətincə, bayramöncəsi verilən əfv sərəncamı mühüm mesajdır: "Dövlətin mərhəmətindən hər kəsə pay düşür. Bunu isə konstitusion hüququ olaraq cənab Prezident gerçəkləşdirir. Novruz bayramı öncəsi çoxsaylı şəxslərin azadlığa qovuşması hər birimiz üçün ikiqat sevincdir. Eyni zamanda adları tez-tez müzakirə mövzusuna çevrilən şəxslərin azadlığa çıxması da mühüm mesaj idi. Prezident bir daha göstərdi ki, Azərbaycan dövləti öz vətəndaşına kimin nə söyləməsindən, hansısa beynəlxalq qurumun nə düşünməsindən asılı olmayaraq, vətəndaşına humanist əsaslarla yanaşır və vətəndaşını müdafiə edir, qayğısına qalır. Hesab edirəm ki, bu əfv sərəncamı çox möhtəşəm idi”.

Sərəncamda mühüm mesajlar var

Ə.Nuriyev vurğulayıb ki, əfv sərəncamı Azərbaycana qarşı iddiaların əsasını sarsıtdı: "Prezident bu addımı ilə onların arqumentlərini əlindən aldı. Hesab edirəm ki, əfv sərəncamında bu kimi mühüm mesajlar var idi. O insanlar ki, ölkə maraqlarına, mənafeyinə uyğun çalışacaqlar, onlar həm qanunun gücü ilə, həm cəmiyyətin, həm dövlətin institutları, həm də Prezident tərəfindən müdafiə olunacaqlar”.

Əfv ikiqat bayram sevincidir

"Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı bir çox parametrlərinə görə yadda qalır. Əfv sərəncamının verilməsi böyük humanist bir addımdır”. Bu fikirləri Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-

Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib. Komissiya üzvü bildirib ki, Prezident əfv sərəncamı ilə Novruz bayramı öncəsi vətəndaşlara ikiqat bayram sevinci bəxş etdi: "Buna əfv olunan məhkumlar, onların yaxınları, ümumən Azərbaycan vətəndaşları sevindi. Əlbəttə, bu, dövlətimizin uzun illər həyata keçirdiyi humanizm siyasətinin davamıdır. Buna görə cənab Prezidentə təşəkkür etməliyik”.

Ayyət Əhməd