Əvvəl Milli Məclisdə müzakirəyə çıxarılmalıdır

“Bakının rayon maşınlarının üzünə bağlanması konstitusion qərar deyil”“Nəqliyyat infrastrukturunun intellektual idarəetməsini doğru qurmaq lazımdır ki, şəhərdə tıxac problemi yaşanmasın”
Rayon qeydiyyatında olan avtomobillər üçün Bakının girişində pulsuz duracaqlar təşkil ediləcək. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin sözlərinə görə, Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına çoxsaylı müraciətləri əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır. Tədbirlər planına uyğun olaraq paytaxtda piyadaların və nəqliyyatın sərbəst hərəkətinin təşkili ilə əlaqədar artıq konkret işlərə başlanılıb. Şöbə rəisi deyib ki, Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsi istiqamətində görüləcək işlər təkcə şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması deyil, həm də paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması və digər vacib işlərin həyata keçirilməsindən ibarətdir.
K.Əliyev qeyd edib ki, məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, onlar paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılmaqla sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq.
Millət vəkili Fazil Mustafa isə hesab edir ki, mövcud qaydalar paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması ilə nəticələnməyəcək. "Təbii ki, məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin paytaxtın giriş hissələrində təşkil edilmiş duracaqlarda ödənişsiz saxlanılması və sürücülərin, sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması müsbət haldır. Maksimum dərəcədə şərait yaratmaq lazımdır ki, rayon əhalisi şəhərlə əlaqələrini qura bilsin. Amma ümumi yanaşsaq, Bakının rayon maşınlarının üzünə bağlanması konstitusion qərar deyil. Hər bir Azərbaycan vətəndaşının ölkənin istənilən ərazisində sərbəst hərəkət hüququ var. Avtomobillər arasında rayon və ya şəhər maşını deyə ayrıcalığın aparılması doğru deyil.
Nəqliyyat infrastrukturunun intellektual idarəetməsini doğru qurmaq lazımdır ki, şəhərdə tıxac problemi yaşanmasın”.
Millət vəkili o qənaətdədir ki, Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının hazırladığı kompleks tədbirlər planının Milli Məclisdə müzakirəyə çıxarılmadan qəbulu məqsədəuyğun deyil: "Bu tədbirlər planına texniki qərar kimi baxılsa da, əslində Milli Məclisdə müzakirə olunması vacibdir”.
F.Mustafanın sözlərinə görə, məsələ parlamentin müzakirəsinə çıxarılacağı halda məsələnin konstitusiyaya uyğun olmadığı ortaya qoyular və məhdudiyyətlərin aradan qaldırılmasına nail olmaq olar.
Ekspert Ərşad Hüseynov ilk növbədə onu deyib ki, bəzi mətbuat orqanlarında bu məsələ konkret olaraq qəbul edilmiş və qüvvəyə minmiş qanun kimi göstərilib. Hansı ki, bu sadəcə bir ideyadır və kompleks tədbirlər planı hazırlanmaqdadır: "Açıqlamada da öz əksini tapıb ki, tədbirlər planına uyğun olaraq paytaxtda piyadaların və nəqliyyatın sərbəst hərəkətinin təşkili ilə bağlı şərait yaradılacaq, dayanacaqlar olacaq. Hələlik ortada dayanacaqlar olmadığı üçün belə bir qərarın icrası da real deyil.
O ki qaldı rayon qeydiyyatlı avtomobillərin şəhərinə girişi ilə bağlı məhdudiyyətlərin qüvvədə qalmasına, yenə də öz mövqeyimdə qalaraq, belə bir qərarın qəbul edilməsini absurd hesab edirəm. Zənnimcə, həyata keçiriləcəyi təqdirdə bu tədbirlər planı çox böyük problemlər yaradacaq. Bakı şəhərindəki nəqliyyat sıxlığının aradan qaldırılmasına isə əhəmiyyətsiz dərəcədə təsir göstərəcək. Bu tədbirlər ancaq baş Sumqayıt yolundakı gərginliyin azalması ilə nəticələnə bilər. Bakı şəhərinin küçələrində tıxac yaradan elə şəhər qeydiyyatlı avtomobillərdir. Odur ki, rayon qeydiyyatlı avtomobillərin şəhərə girişinə məhdudiyyətlərin qoyulmasının sıxlıq probleminin həllinə heç bir əhəmiyyəti olmayacaq. Digər tərəfdən də bu tədbirlər planının icrası çox böyük problemlər yaradacaq. Şəhərin giriş istiqamətlərində dayanacaqların quraşdırılması, konkret istiqamətlər üzrə ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi o qədər də asan məsələ deyil. Eyni zamanda, məhdudiyyət tətbiq olunan vaxtda dayanacağa daxil olmadan şəhərə daxil olmaq istəyən sürücülərə nəzarət məsələsi də çətin prosesdir. Burada inzibatçılıqdan söhbət gedə bilməz. İctimai nəqliyyatın inkişafına nail olmaqla bu məsələni həll etmək daha məqsədəuyğundur. Avropa Oyunları zamanı qatar nəqliyyatının bərpasına nail ola bilmədilər və sentyabrın 15-nə söz veriblər. Bu da hələ ki, mücərrəd məsələdir. Halbuki qatar nəqliyyatının yüksək səviyyədə təşkili müəyyən qədər Bakının yükünü azalda bilər. Elə eləmək lazımdır ki, insanlar zorən yox, şüurlu şəkildə şəhərə avtomobilsiz gəlsinlər. İnzibatçılıq olsa, xaos yaranacaq. İşbazlar hərəkətə keçib, pul qazanmağa başlayacaqlar”.
Şəymən