Əvvəl onların vətəndaşlıq mənsubiyyəti araşdırılmalıdır

“Elə uşaq var ki, İŞİD-in nəzarətində olan ərazilərdən birində dünyaya gəlib, heç sənədi də yoxdur”




Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İraqda olan azərbaycanlı uşaqların geri qaytarılması məsələsini diqqətdə saxladıqlarını deyib. XİN başçısı deyib ki, İraqda olan azərbaycanlıların Azərbaycana gətirilməsi ilə bağlı işlər davam etdirilir.

Nazir bildirib ki, İraq tərəfinin bu məsələdə kömək etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, istintaq aparılır. Bu məsələnin Azərbaycandan asılı olmadığını bəyan edən nazir İraqdakı uşaqlarla bağlı da araşdırma aparıldığını deyib: 

"Öyrənirik ki, onların Azərbaycanda qohumları var, ya yoxdur. Bu isə vaxt tələb edir. Biz artıq İraqa, ora nümayəndə heyəti göndərmişik, görüşlər keçirilir”.
İraqın xarici işlər nazirinin müavini Səid Şorş Xalid isə İraq hökuməti olaraq bir çox ölkələrə öz vətəndaşlarını qaytarmağa kömək etdiklərini deyib və Rusiya vətəndaşı olan 27 uşağın bu ölkəyə geri qaytarıldığını misal gətirib.

Nazir müavini İraqdakı azərbaycanlı qadın və uşaqların qaytarılması ilə bağlı sualı cavablandıraraq bildirib ki, İraq bu məsələni Azərbaycanla müzakirə edə bilər:

"Biz Azərbaycanla bu məsələni müzakirə edə bilərik. Əgər İraqda azərbaycanlı uşaqlar varsa, biz bu məsələni həll edə, qaytara bilərək. Bildiyim qədəri ilə bununla bağlı Azərbaycan hökuməti, XİN-dən bizə rəsmi sorğu, məlumat gəlməyib”.

Miqrasiya üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, əsas məsələ həmin uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsidir ki, onlar həqiqətən Azərbaycan respublikasının vətəndaşlarıdır, yoxsa yox. Onların Azərbaycan respublikası vətəndaşları olduğu təsdiqləndikdən sonra iki dövlətin müvafiq qurumları arasında danışıqlar prosesi aparılmalıdır. Bəzən bu danışıqlar əlavə sazişlərin imzalanmasını tələb edir, əgər ortada əvvəlcədən imzalanmış hansısa bir saziş yoxdursa.
Həmin uşaqların ora özbaşına gedib çıxmadıqlarını vurğulayan ekspertin sözlərinə görə, onların ata- analarının hüquqi vəziyyəti, günah dərəcəsi hüquq-mühafizə orqanları tərəfindən öyrənilməlidir. Əgər uşağın valideynləri məhkum olunubsa, haqqında açılan cinayət işi davam edirsə, məhkəmə qərarı ilə onlar haqqında həbs-qəti imkan tədbiri seçilibsə, ekstradisiya elementləri də danışıq predmeti ola bilər. 

Elmar Məmmədyarov bu günə qədər əldə olunan nəticəni dilə gətirib, danışıqlar olduğunu deyib: 

"Razıyam ki, həmin uşaqların Azərbaycana gətirilməsi o qədər də asan məsələ deyil. Vətəndaş mənsubiyyətinin müəyyən edilməsi və araşdırılması və digər məsələlərin hər biri ayrı-ayrılıqda vaxt tələb edir. Elə uşaq var ki, İŞİD-in nəzarətində olan ərazilərdən birində dünyaya gəlib, heç sənədi də yoxdur. Onların vətəndaşlığının müəyyən edilməsində isə xeyli mürəkkəbliklər var. Əsas odur ki, məsələ nəzarətdədir. Müvafiq qurumlar prosesi gündəmdə saxlayır. Problemin həllinin bu qədər ləngiməsi isə dediyim səbəblərdəndir. Son nəticədə məsələ insan hüquq və azadlıqlarının təmin olunması kontekstində öz həllini tapacaq”.

İraqın xarici işlər nazirinin müavininin açıqlamasına toxunan A.Allahverənov deyib ki, sözügedən müraciətin getməsi də obyektiv səbəblərdən ola bilər. Hesab edirəm ki, bununla bağlı XİN-in də öz arqumentləri var. İraqın xarici işlər nazirinin müavini məsələyə başqa rakursdan baxır, Azərbaycan hökuməti isə mövcud qanunvericilik qaydaları, real durum və həmin şəxslərin hüquqi statusları və digər məsələlər kompleksində baxır.

Şəymən