Əziz Rzazadənin “Qanun”la davası bitməyib

“Qar havası” kitabımdan qazancım 1 qəpik olsa belə, haqqımdan vaz keçməyəcəyəm”


Yazar-tərcüməçi Nəriman Əbdülrəhmanlı "Şərq” qəzetinin ötən sayına verdiyi müsahibəsində həmkarı Əziz Rzazadənin "Qanun” nəşriyyatına qarşı ittihamlarına soyuq münasibət bildirib. Bu işə qarışmaq istəmədiyini söyləyən N.Əbdülrəhmanlı qeyd edib ki, heç məsələnin nə yerdə olduğunu da dəqiq bilmir:

"Belə bir söz-söhbətin ortaya çıxmasına da təəssüf edirəm. Bu məsələ ictimailəşmədən tərəflər arasında həll oluna bilərdi. Əlbəttə, işləyən adamın haqqı ödənilməlidir. Buna söz ola bilməz. Bu mənada belə söz-söhbətin yayılmasını təəssüflə qarşılayıram. "Qanun” nəşriyyat evinin direktoru Şahbaz Xuduoğlu açıqlamasında qeyd etdi ki, məsələ qapanıb, həll olunub və ortada heç bir narazılıq yoxdur”.

N.Ədülrəhmanlının "Şahbaz Xuduoğlu açıqlamasında qeyd etdi ki, məsələ qapanıb, həll olunub və ortada heç bir narazılıq yoxdur” fikirlərinə Ə.Rzazadə sərt reaksiya verib. O, həmkarının söylədiklərini təkzib edib: "N.Əbdülrəhmanlı mətbuatda oxuduğuna əsasən məsələnin qapandığını deyir. Əslində, möhtərəm həmkar, mənimlə bağlı məsələyə xitam verilməyib. "Qanun” tərəfindən söylənənlər əvvəldən-axıradək ağ yalandır. Ödəniş olmayıb və belə görünür ki, heç olmayacaq da. "Qanun” rəhbəri öz açıqlaması ilə ictimai fikri aldatmaq məqsədi güdür. Çox təəssüf ki, hətta N.Əbdülrəhmanlıdan da, özü bilmədən, yalanlarında istifadə ediblər. Buna sübut Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyindən aldığım məktubdur. Ş.Xuduoğlu guya mühasibata istinad edərək nəşriyyatın mənə heç bir borcu olmadığını bildirir. Əcəba o mühasibatlıqdır, o hansı mühasibdir? Üç gün mənə mesajlar yazan saxta "Ayshenur Muhasib” profilinin sahibidirmi? "Qanun”da həqiqətən mənim imzam olan akt var. Bu akta qədər Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin "TEDA layihəsi” rəhbərinə şikayətlə müraciət etmişəm. Yalnız nazirliyin müdaxiləsindən sonra tərcüməyə görə mənə düşən qonorarı almışam (TEDA ilə bağlı məsələ ayrıca jurnalist araşdırması tələb edir. Oğul istəyirəm ki, bu işə baş vura, onda "qan su yerinə axacaq”)”.

"Təkrar biliyin anasıdır” deyən Ə.Rzazadə xatırladıb ki, müəllifi olduğu "Qar havası” nəşriyyat xərcləri bütünlüklə ona aid kitabdır: "Bu kitabdan qazancım hətta 1 qəpik olsa belə, haqqımdan vaz keçməyəcəyəm. Yeri gəlmişkən, N.Əbdülrəhmanlı kimi "Qanun”da mən də işləmişəm. Onu da yaxşı bilirəm ki, nəşriyyatla əməkdaşlıq edən müəlliflərə və tərcüməçilərə olan ümumi borc təxminən nə qədərdir. Həmçinin bu şəxslərdən hər birinin nəşriyyat rəhbəri ilə münasibətlərinin xarakterini də. Mən ilk növbədə jurnalistəm və iyirmi beş illik jurnalistika fəaliyyətim dövründə bir çox yazılardan asanlıqla imtina edərdim. Amma "Qanun”un müdafiəsi ilə bağlı yazdığım məqalədən yox. Çünki bu yazının müqabilində Ş.Xuduoğlundan gördüyüm məni hələ nəşr edilməyən kitabların elektron variantlarını, hazır kitab üzlüklərini və üç cümləlik annotasiyaları oğurlamaqda ittiham etməsi oldu. İradlarımı əsassız hesab edən "Qanun” rəhbəri ovaxtkı ittihamlarında və indiki açıqlamalarında belə əmindirsə, buyurub Baş Prokurorluğa müraciət etsin.

Ayyət Əhməd