“Əzmkar olmalıyıq”

Kamran Cəfərov: “Mükafatçılar sırasında yer almağa çalışacam”



Birinci Avropa Oyunlarının başlamasına sayılı günlər qalıb. Tarixi bir hadisəyə imza atacaq Azərbaycan bu yarışla dünyanın bir çox ölkələrinin yaddaşında iz qoyacaq.

Bu yarışlara idmançılarımız xüsusən hazırlaşırlar. Çünki onlar hər bu oyunlarda ev sahibi olacaqlar, həm də yarışlarda rəqabət aparacaqlar. Demək ki, onların bu yarışlar barədə söyləyəcəkləri fikirlər daha çoxdu. Hər bir idmançımız çalışır ki, bu tarixi hadisədə rolunu göstərsin. "Birinci Avropa Oyunlarına ciddi hazırlaşıram. Çünki Oyunlarda güclü rəqabətin olacağını bilirəm. Bu yarış bizim üçün tarixi bir hadisədir. Ona görə də qalib olmaq iddiası daha çox özünü göstərir. Biz idmançılar bu məsuliyyəti hiss edirik. Ev sahibi olaraq qalib olmaq arzumuz böyükdür. İnşallah, idmançılarımız bu oyunlarda Azərbaycan bayrağını daha çox yüksəyə qaldırmaq şansı əldə edəcək”. Bu sözləri "Şərq”ə müsahibəsində Azərbaycanı Birinci Avropa Oyunlarının üzgüçülük yarışlarında təmsil edəcək Kamran Cəfərov deyib.

İtaliya, Fransa və Macarıstandan olan üzgüçülərin "Bakı-2015”də güclü rəqib olduqlarını diqqətə çatdıran Kamran Cəfərov Birinci Avropa Oyunlarında mükafatçılar sırasında yer almaq üçün əzmlə mübarizə aparacağını vurğuladı. Yarışa ciddi hazırlaşdığını dilə gətirən idmançımız "Artıq bir neçə təlim-məşq toplanışında iştirak etmişəm. Yarışların keçiriləcəyi Bakı Su İdmanı Sarayı çox möhtəşəmdir. Burada beynəlxalq yarışların təşkil olunması üçün hər cür şərait var. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi məsuliyyətimizi daha da artırır. Buna görə də əzmkarlıq nümayiş etdirərək mükafatçılar sırasında yer almağa çalışacağam” söylədi.

Tahirə