"Facebook"dan vacib qərar: İstifadəçilərin məlumatları kənara çıxmayacaq





"Facebook” sosial şəbəkəsi aqreqator-firmaları istifadəçilər haqqında məlumat toplayaraq hədəf qruplarına yönəlmiş reklamlar hazırlamaq imkanından məhrum edəcək.

"Biz reklamvericiləri xəbərdar edirik ki, tərəfdaş kateqoriyalarını bağlayırıq. Bu kateqoriya aqreqatorlara informasiya toplayaraq "Facebook” platformasında öz hədəf reklamlarını təklif etmək imkanı verirdi”, - deyə açıqlamada bildirilir.

Şirkət hesab edir ki, bu tədbir istifadəçi informasiyalarının gizliliyinin qorunmasını yaxşılaşdıracaq.

"Tərəfdaş kateqoriyası” funksiyası "Experian” və "Axxiom” kimi aqreqator-şirkətlərə şərait yaradırdı ki, öz müştərilərini istifadəçilərin hansı məhsulları satın aldığı, nələrə maraq göstərdiyi barədə məlumatlarla təmin etsin. Bundan sonra belə imkan olmayacaq. Səbəb "Cambridge Analytica” ətrafında yaranmış qalmaqaldır. Bu qalmaqal nəticəsində "Facebook”un bazar dəyəri 95 milyard dollar həcmində azalıb.

Xatırladaq ki, Böyük Britaniyanın "Cambridge Analytica” konsaltinq şirkəti "Facebook”un 50 milyon istifadəçisinin şəxsi məlumatlarını əldə edib və ABŞ-dakı prezident seçkiləri zamanı bu məlumatlardan siyasi reklamlarda yararlanıb. Məsələ ilə bağlı həm ABŞ-da, həm də Böyük Britaniyada araşdırma aparılır. Britaniyada "Cambridge Analytica” haqqında təhqiqat başlayıb və şirkətin ofislərində axtarış aparılıb. M. Zukerberq Britaniya parlamentində ifadə verməyə dəvət olunsa da, dəvətə müsbət cavab verməyib. Lakin o, ABŞ Konqresində ifadə verməyə razılaşıb.