Falçının qurbanları...

O qızlar bu qədər cəsarəti hardan alıblar?
“Bu yaşda olan qız rahatlıqla, sərbəstliklə tanımadığı bir kişinin evinə gedirsə, demək ki, bizim başa düşmədiyimiz hansısa cəsarətə sahibdir”


Bakıda tələbə, yetkinlik yaşına yenicə çatmış qızları sosial şəbəkələr üzərindən "ov”layan falçı peyda olub. Pessimist ruhda statuslar yazan 18-20 yaşlı qızlara bir xanım profili üzərindən köməklik təklif olunub. Qızlar Yasamaldakı evə dəvət edilib. Orada bihuşedici maddə qatılmış çay, su verilib. Qızları yuxuya verib bakirəliklərini pozublar. Özlərini də təhdid edib, bu haqda heç kimə məlumat verməməyi tapşırıblar.

"Yeni Müsavat”ın redaksiyasına falçının qurbanına çevrilmiş 46 qızdan 2 nəfəri müraciət edib. Onlar başlarına gələn dəhşətli, iyrənc olayı anladıblar. 18 və 20 yaşlarında olan qızlar falçının özünü onlara Mirseymur Mirkamil oğlu Seyidov kimi təqdim etdiyini bildiriblər. Qızlar bildirir ki, əslində o özü haqda ilk gündən qurbanlarına yalan məlumat verib. Buna baxmayaraq, onun kimliyi haqda müfəssəl məlumat ala biliblər. Müraciət edən qızların kimliyi haqda ətraflı bilgilərə malik olan redaksiya əməkdaşları baş vermiş iyrənc olay haqda hüquq-mühafizə orqanlarına və "Təmiz Dünya” İctimai Birliyinə məlumat verib.

Adı şərti olaraq Ə.A kimi təqdim olunan 20 yaşlı tələbənin sözlərinə görə, əsl adı Ramil Durduxan oğlu Talıbov olan falçı qızlara adının Mirseymur, özünün də seyid olduğunu deyib.

Ə.A-nın dediyinə görə, falçı həmin vaxt Rusiyada yaşadığını deyib və ona göstərəcəyi "köməkliklərə” görə alacağı pulu bank hesabı ilə ödəməyi tələb edib:

Gənc qızdan üst-üstə 900 manat pul alan falçı dekabr ayında Bakıya dönüb və qıza deyib ki, gəl "işi” davam etdirək: "Bir müddət əvvəl böyrəyimdən əməliyyat olunmuşdum. Bu haqda ona demişdim. Yanına getdikdə dedi ki, "Quran”da görünür ki, sən əməliyyat olunarkən bakirəliyini itirmisən. Bununla məni qorxutdu ki, "həkimə müayinəyə getsən, biabır olacaqsan, polisə xəbər verəcəklər, əngələ düşəcəksən, cavan qızsan, həyatını məhv etmə. Gəl, mən özüm sənə bu barədə köməklik edim, yoxsa səni pisliklər gözləyir, sən bədbəxt olacaqsan, pis yola düşəcəksən. Sənə bir dərman verəcəm, 28 gün ərzində yuyunarsan, sonra həkimə gedərsən”. 

Əvvəl razı olmadım, həkimə getmək istədiyimi dedim. Onda mənə dedi ki, "effekti olmasa, sənin pullarını geri qaytaracam”. Onun evinə getdim. Bir qədər aramızda pul söhbəti ilə bağlı mübahisə yarandı. Pulumu geri istəyirdim, bildirdim ki, həkimə gedəcəm. Lakin o məni sakitləşdirməyə çalışdı və mənə çay verdi. Çayı içəndə hiss etdim ki, huşum özümdə deyil, heç nəyi hiss etmirəm. O zaman mənə necə yaxınlaşdığını, zorladığını hiss etməmişəm. Bir müddət sonra yavaş-yavaş özümə gələndə anladım ki, artıq "iş işdən keçib”, bakirəliyim pozulub. 

Məni qaldırıb hamama aparanda onun üstünə atılıb qışqırmağa başladım. O isə mənə dedi ki, "sənə əvvəldən demişdim ki, bakirə deyilsən, indi isə "aybaşı” olmusan. Daha sonra məni evdən qovdu. Bildirdim ki, bu barədə polisə xəbər verəcəm. Dedi ki, "həyatının məhv olmasını istəmirsənsə, bu addımı atmayacaqsan. Özün də universitetdə tələbəsən, gedib dekanına, ailənə, anana bu haqda deyərəm. Arxanda atan və ya başqa dayağın yoxdur, sənə heç kəs kömək etməyəcək”.

Ə.A-nın sözlərinə görə, falçı sonradan dəfələrlə müxtəlif şantaj və təhdidlərlə onu evinə gətirib və cinsi əlaqədə olmağa məcbur edib.

Ailəsinin yeganə övladı olan Ə.A. başına gələn olaylara görə 3 dəfə intihara cəhd edib. Hətta DİN-in 102 xidmətinə zəng vuraraq başına gələnləri deyib. Bundan qorxuya düşən falçı isə bu günə qədər 46 nəfərin başına bu cür oyun gətirdiyini deyib və ondan hay-küy salmamasını tələb edib.
Falçının qurbanı olduğunu bildirən digər tələbə isə 18 yaşlı B.İ. olub. Ə.A ilə də məhz falçının evində rastlaşan B. İ də təxminən onla eyni taleyi yaşayıb: "Mənə evdə sakitləşdirici çay verdi. Çayı içdikdən sonra özümü çox pis hiss etməyə başladım. Onun evində təxminən saat 5-6 radələrində olmuşam. Bir saatdan sonra özümə gəlməyə başladım və anladım ki, məni zorlayıb. Mən onun üstünə qışqırmağa başlayanda dedi ki, "sən uşaq ikən yıxılmısan, zədə almısan, o vaxt bakirələyini itirmisən. İndi isə səndə soyuqdəymə olub, gedə bilərsən. Qışqıranda isə dedi ki, "məni şərləmə, get evimdən!”.
Falçının təhdidlərinə bir müddətdən sonra dözə bilməyən gənc qız aprel ayında polisə müraciət etdib. Onu polis bölməsinə aparıb, sorğu-sual ediblər. Lakin falçı qızı tanımadığını, ilk dəfə gördüyünü söyləyərək məsuliyyətdən yayınıb.

Cinayətkarın cəzasız qalmasını istəməyən qızlar çıxılmaz vəziyyətdə qaldıqlarını, buna görə də aidiyyəti orqanlardan köməklik istədiklərini deyiblər.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında hazırda qızların sığınacaqda olduğunu və psixoloq müayinəsi alacaqlarını deyib:

 "Vəkilimizlə danışmışıq, hüquqi sənədləri hazırlayıb hər iki qıza hüquqi yardım göstəriləcək. Paralel olaraq da psixoloq işləyəcək, çünki psixoloji durumları elə də yaxşı deyil”.

Qızların danışdıqlarının həqiqətə uyğun olmadığına dair sosial şəbəkələrdə aparılan müzakirələrə gəldikdə isə M.Zeynalova deyib ki, qızlar yalan danışmır: 

"Bizə də eyni ilə qəzetə verdikləri müsahibədə yazılanları danışıblar. Sözün düzü, psixoloqun rəyi olmadan addım atmaq istəmirəm. Əgər qızlar travma alıbsa, deməli, başlarına gələn faciəni olduğu kimi danışıblar. Yox əgər psixoloji sarsıntı keçirməyiblərsə, o zaman məsələnin kökünü daha dərindən araşdırmağa çalışacağıq. Bizim məqsədimiz ictimaiyyəti düzgün məlumatlandırmaqdır. Onu da deyim ki, iş prokurorluqda olduğu üçün biz onlara da müraciət hazırlayıb göndərəcəyik”.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda isə məsələnin araşdırılacağı deyilib. DİN-dən bildirilib ki, araşdırmalar sona çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq- jurnalist Lalə Mehralı qızların da ən azı falçı qədər təqsirkar olduqlarını hesab edir: 

"Düzü, qızların müsahibəsini görəndə çox təəccübləndim. Biri var heç nədən xəbərsiz qadın olasan, evdən başqa gördüyün bir yer olmaya, oxumayasan, savadsızlıqdan, cahillikdən bu falçıların toruna düşəsən, biri də var şüurlu şəkildə, göz görə-görə öz ayağınla tələyə gedəsən. Baxın, əksəriyyətimiz böyük şəhərdə yaşayırıq, hamımızın çevrəsi, iş yoldaşı, qonşusu var. Siz heç tanımadığınız adamların evinə rahatlıqla girə bilirsiniz? Mənim 34 yaşım var, bu vaxtadək tanımadığım insanlarla ünsiyyətdən narahat oluram, nəinki ünsiyyətim olmayan birinin evinə getmək. Bu yaşda olan qız rahatlıqla, sərbəstliklə tanımadığı bir kişinin evinə gedirsə, demək ki, bizim başa düşmədiyimiz hansısa cəsarətə sahibdir. Amma insan yenə də mat qalır, gənc qızlar bu cəsarəti hardan, necə alır? Başına pis hadisə gələcəyindən necə narahat olmur? İnsan düşünür təbii. Düşünürsən ki, qızları bu qədər sərbəst böyüdən valideynlərdədirmi günah? Yoxsa valideyninin inamından sui-istifadə edən gənclərdəmi?

Mənə maraqlı gələn həm də odur ki, 500-900 manatı bu tələbə qızlar necə verir falçıya? Ağzında tələbə deyirsən, ata-ana əlinə baxan, təqaüdlə dolanan, uzaq başı part-time işləyən. Hər gün görürəm, qruplarda falçı axtaran nə qədər qız-qadın var. Ən çox da 18-25 yaş arası qızlar axtarır. Kimisi deyir bəxtimi bağlayıblar, kimisi deyir sevgilimi məndən ayırıblar, bəzisi də qayınanasının evinə cadu tökdüyündən şikayətlənir - hamısı cadu təmizlətmək niyyəti ilə falçı axtarır, dediklərinə görə. Tələbə olub, təhsil alan bir qızın bu cür şeylərə vaxt ayırması isə olduqca təəccüblüdür. Deməli, elm, savad öyrənmək üçün getdikləri universitet onlara heç nə verə bilmir. Çox təəssüf...”

Şəymən