“Fateh”i 10 ilə yazmışam”

“Mən şeirlərimi qələmlə yox, klavyatura, telefon vasitəsi ilə yazıram”
Orxan Camal: “Ən birinci tənqidçim atamdır. Yazdıqlarımı birinci olaraq ona oxyuram”



Gənc şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Orxan Camal "Şərq” qəzetinə maraqlı müsahibə verib. Yaradıcılığı və gələcək planları ilə bağlı suallarımızı cavablandıran yazar ölkə gənclərinə yaradılmış geniş imkandan, davamlı diqqət və qayğıdan dolayı şəxsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə öz təşəkkürünü bildirib və hər zaman dövlətimizə, millətimizə layiqincə xidmət edəcəyini bəyan edib.

- Orxan bəy, şeirə olan həvəsiniz haradan gəlir? Neçə yaşından yazırsınız?

- 14 yaşımdan ədəbiyyata gəlmişəm. Elə həmin yaşda "Dünya yaman dünyadır” adlı ilk kitabım çap olunub. Onlara şeir demək bəlkə də doğru deyil, ona görə də cızma-qaralarım çap olundu deyirəm. İlk xeyir-duamı atamdan almışam. Maraqlı fakt da deyim. Bir yaşım olanda görkəmli Xalq şairi Zəlimxan Yaqub mənə "Orxanım” adlı şeir yazıb. Çox qəribədir ki, həmin şeirdə sanki Z.Yaqub şair olacağımı hiss edib və mənə xeyir-dua verib. Yəni sazlı-sözlü evdə böyümüşəm. Atam da poeziyanı sevən insandır. Babam hər zaman ətrafına şairləri, yazıçıları yığıb. Z.Yaqub, Osman Sarıvəlli, Nəriman Həsənzadə, Tofiq Bayram kimi söz ustadları evimizdə toplaşıb, şeir məclisi qurublar. Zəlimxan müəllim bizə gələndə saz çalardı, şeir deyərdi. Böyük heyranlıqla ona qulaq asardım. Görünür, o mühit sözə, şeirə olan məhəbbətimi artırıb, məni ədəbiyyata yönəldib.

- Məşhur şairlər ədəbiyyata marağınızı artıra bilər, amma sonradan şair olmaq mümkün deyil axı...

- Əlbəttə, şair olmaq üçün şair doğulmaq lazımdır. Mənim ulu babam Hacı Ömər Əfəndi Qafqazın məşhur din xadimi olmaqla yanaşı, çox gözəl şeirlər də yazıb. Təəssüf ki, onun şeirləri günümüzə gəlib çatmayıb. Nənəm də sinədəftər olub, bədahətən şeirlər, bayatılar deyib. Yəni mən genetik olaraq sazlı-sözlü nəsildənəm. Bununla yanaşı, ilk kitabımın çap olunması da məni həvəsləndirdi. Yeni şeirlər yazmağa başladım və 2002-ci ildə ikinci kitabım çap olundu. Dəyərli qələm sahibi Akif Aşırlı da mənə çox böyük dəstək verdi və kitabıma ön söz yazdı. Ondan sonra ard-arda bir neçə şeir kitabım çap olundu. Sözün düzü, ilk vaxtlar qorxa-qorxa yazırdım.

- Nədən qorxurdunuz?

- Qorxurdum ki, bəlkə şeir yaza bilmirəm, bu sənətin yolçusu deyiləm. Bilirsiz, insan özünə kənardan baxa bilmir. Bəzən qüsurlarımız özümüzə xoş gəlir. Bir gün şeirlərimi Zəlimxan Yaquba, Nəriman Həsənzadəyə oxudum. Onlar bəyəndilər və dedilər ki, "yaz bala, sən şair olacaqsan”. Yəni kifayət qədər nüfuzlu söz adamlarından icazə almışam. Allah rəhmət eləsin, tanınmış şairə Nurəngiz Gün mənim mənəvi anam idi. Xeyir-dua aldığım adamlardan biri də o olub. Qeyd edim ki, bir neçə şeirimə mahnılar da yazılıb, tanınmış müğənnilər tərəfindən ifa olunub.

- Qafiyəli şeirləri daha çox xoşlayırsınız, yoxsa sərbəst şeirləri?

- Sərbəst şeirləri daha çox xoşlayıram. Ayaqları qafiyə ilə nallanmış şeirləri sevmirəm. Çünki ortada məna və məzmun olmur, sadəcə hay-küy olur. Sərbəst şeir isə fikrin sadə, təmiz və ölçüsüz-biçimsiz izahıdır. Amma çox ciddi janrdır. Hər şair sərbəst şeir yaza bilmir. Sərbəst şeirin ustası böyük şair Rəsul Rzadır. Mən tövsiyə edirəm ki, gənclər onu oxusunlar və örnək alsınlar. Yeni söz, yeni fikir demək gözəldir, amma necə gəldi demək olmaz. Əsərlərdə jarqonlardan, söyüşlərdən istifadə etmək düzgün deyil. Poeziya incəliyi, zərifliyi və mədəniyyəti sevir. Şeir şairin güzgüsüdür, şəxsiyyət vəsiqəsidir. Oxucu şeir oxuyanda eyni zamanda onun müəllifi ilə tanış olur, ünsiyyət qurur.

- Şair, sizə ilham nə vaxt gəlir?

- Konkret vaxtı yoxdur, günün istənilən saatı gələ bilər. Məsələn, oturub yemək yediyim yerdə, yatdığım zaman və s. Gözəl yazarımız Rəşad Məcidin yaxşı sözü var, deyir ki, "ilham təbiət hadisəsi kimi bir şeydir, o, insanla hesablaşmır. Necə ki, şimşək xəbər eləmədən çaxır, eləcə də şairin təbi vaxtsız gəlir”. Mən də nə vaxt təbim gəlsə, harada olmağımdan asılı olmayaraq, yazıram. Amma qələmlə yox, klavyatura ilə yazıram, ya da telefon vasitəsi ilə.

- Ədəbiyyatı sevən bir oxucu kimi şair Orxan Camalı bəyənirsizmi?

- Öz şeirlərimi o qədər də bəyənmirəm. Hətta kimsə mənə istedadlı şair deyəndə utanıram. Bir neçə şeirlərimdən imtina etmişəm. Çünki həm mövzu, həm də şeirin bədii gözəlliyi baxımından onlar məni qane etməyib. Bu səbəbdən onların çap olunmasını istəmirəm. Şeirlərim mənim sevincim, kədərim, qəzəbim, həyəcanımdır. Hər dəfə şeir yazanda həyat şamım əriyir, ömrümdən-ömür gedir, enerji itirirəm. Bəzən şeirlərimi oxuyanda qəzəblənirəm, məyus oluram. İnşallah, yeni şeirlərim oxucular tərəfindən daha çox bəyəniləcək.

- Nə vaxt AYB-nin üzvü oldunuz?

- 2008-ci ildə bir neçə gənc yazarla birlikdə AYB-yə üzv seçildim. Xalq yazıçısı Anar müəllimin pərəstişkarı olduğumu xüsusilə vurğulamaq istəyirəm. Ən böyük arzum nə vaxtsa onun əlini sıxmaq, onunla canlı ünsiyyətdə olmaq idi. Nəhayət, o şərəfə nail oldum, Anar müəllim qurumun vəsiqəsini təqdim etdi və mənə xeyir-dua verdi. Gənc şair üçün bundan böyük sevinc ola bilməz.

- Gənc yazarlar AYB-ni və onun sədrini yeni nəslə dəstək verməməkdə, geriçilikdə ittiham edirlər. Bu barədə fikriniz nədir?

- Tamamilə əksini düşünürəm. AYB-də gənc yazarlar üçün gözəl şərait, geniş imkanlar yaradılır, orada perspektiv var. Qurumun "Azərbaycan” jurnalında gənc yazarların şeirləri, əsərləri dərc olunur. Biz öz sözümüzü sərbəst şəkildə deyirik. Həmçinin, AYB-nin təşəbbüsü ilə hər il 20 nəfərə Prezident təqaüdü verilir. Şəxsən Anar müəllim özü gənclərə böyük diqqət göstərir, gənc yazarların kitablarına ön söz yazır. Təəssüflər olsun ki, çox vaxt gənc yazarlar böyüklərin, ağsaqqalların üzünə ağ olur və bunu bir cəsarət kimi qələmə verirlər. Məncə, bu, cəsarət yox, tərbiyəsizlikdir. AYB-yə qarşı edilən tənqidlərin heç bir əsası yoxdur. Kim proseslərdən kənarda qalırsa, bu, onun öz problemidir. Deməli, həmin gəncin ortaya çıxmağa istedadı çatmır.

- Gənc yazarlardan söz düşmüşkən, kimləri oxuyursunuz, hansı şairləri daha çox bəyənirsiniz?

- Vallah, sözün düzü, gənc yazarları çox oxumuram...

- Bəyənmirsiz, yoxsa oxumağa vaxtınız yoxdur?

- Bəyənmirəm deməzdim. Axı oxumadığım bir şey haqqında fikrimi necə söyləyə bilərəm? Sadəcə, vaxt tapa bilmirəm. Nəinki başqalarının şeirini oxumağa, hətta öz şeirlərimi yazmağa belə vaxtım olmur. Ara-sıra oxuyuram. Məsələn, gənc yazar Xəyal Rzanın şeirlərini bəyənirəm. O, çox istedadlı şairdir, gözəl yazır. Bilirsiz, hər oxucunun öz zövqünə, ruhuna yaxın bildiyi şair var. Bu mənada pis şair deyilən anlayış yoxdur. Əgər şeir yaza bilirsə, deməli, şairdir. Kimsə onu
bəyənir, kimsə bəyənmir. Mənim hansısa şairə "zəif yazır” deməyə haqqım yoxdur. Çünki ədəbiyyat aləminə təzə-təzə qədəm qoyuram.

- Əksər gənc yazarlar tənqidi sevmirlər, bəs siz necə, iradları xoşlayırsınız?

- Bəli, mən tənqidi qəbul edirəm. Çünki tənqid olmasa, irəliləyiş, inkişaf da olmaz. Əgər qüsurumuz varsa, niyə də bundan xəbərimiz olmasın?!

- İndiyə qədər sizi tənqid edən olubmu?

- Yox, hələlik ciddi tənqidlə üzləşməmişəm. Ən birinci tənqidçim atamdır. Yazdıqlarımı birinci olaraq ona oxyuram. Bəzən elə olub ki, yazdığım şeiri atama oxumuşam, o da qulaq asıb və deyib ki, ortalığa çıxartma, çox zəif şeirdir. (Gülür)

- Oxucularınızla ünsiyyət qurursunuz?

- Bəli, qururam. Sosial şəbəkə vasitəsi ilə əlaqə yaradıram. Hətta xarici ölkələrdə yaşayan oxucular da mənə gözəl sözlər, təbriklər yazırlar, hədiyyə göndərirlər.

- Deyirlər, indiki dövrdə ədəbiyyata maraq yoxdur. Sizcə də elədir?

- Yox, mən elə düşünmürəm. Ədəbiyyata maraq çoxdur. Sadəcə məsələ ondadır ki, oxucular hər əsərə yox, sanballı olana maraq göstərirlər. Əgər dəyərli əsərlər azdırsa, bunu oxucunun azlığı ilə əlaqələndirmək düzgün deyil.

- Nə vaxt Prezident təqaüdçüsü oldunuz?

- Bu il seçilən 20 nəfər şanslı gəncin içində mən də var idim. Prezidentimiz cənab İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını, istedadlı gənclərin fəaliyyətini yüksək qiymətləndirdiyini xüsusilə vurğulamaq istəyirəm. Dövlət başçısının diqqət və qayğısı gənclərin həyatında mühüm rol oynayır. Gənc şair üçün ən ali mükafat Prezident təqaüdünə layiq görülməkdir. Bu, bizim məsuliyyətimizi daha da artırır. Ona görə də, ali təqaüdə layiq görüldüyüm üçün Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirir, ona və ailəsinə uzun ömür, möhkəm cansağlığı və bütün işlərində uğurlar arzulayıram! Bundan sonra da dövlətim və millətim üçün əlimdən gələni edəcəyəm.

- Yaradıcılığınız davam edirmi, hazırda hansı əsərlər üzərində işləyirsiniz?

- Mənzum pyeslərdən ibarət olan yeni, sayca 6-cı kitabım çapa hazırlanır. Yazdığım şeirlərə bəstələnmiş mahnılardan ibarət ikinci diskim də çıxacaq. İşlərim çoxdur. Hazırda tarixi mövzuda bir pyes üzərində işləyirəm. Ümumiyyətlə, tarixi mövzuları çox sevirəm. "Fateh” adlı tarixi pyesim kitab halında iki dəfə çap olunub və teatrda səhnəyə qoyulub. Mən həmin pyesi 10 il ərzində tamamlamışam.

İsmayıl