Vahid Əhmədov: “İnanmıram ki, yaxın günlərdə FED-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin”
Pərviz Heydərov: “Təbii ki, bundan biz də ziyan çəkirik”
ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) ötən iclasında dolların uçot dərəcəsi 0,75-dən 1-1,25 faizədək artırılıb. Artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25 faiz artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.
FED-in uçot dərəcəsini artırmasının manata təsirinə gəldikdə isə proqnozlar birmənalı deyil. Bəzi iqtisadçı ekspertlər hesab edir ki, manat Mərkəzi Bank tərəfindən tənzimlənən valyuta olduğu üçün FED tərəfindən alınan qərarın ciddi bir təsiri olacağı ehtimal olunmur. Yəni manata ölkə daxilində baş verən iqtisadi-siyasi proseslər daha çox təsir edir.
Milli Məclisin İqtisadi siyasət, Sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə əksini düşünür. O, "Şərq”ə açıqlamasında FED-in uçot dərəcəsini artırmasının Azərbaycana təsirsiz ötüşməyəcəyini deyib:
"FED bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib. İstər avro, istər digər dövlətlərin milli valyutasına, bu, öz təsirini göstərməyə bilməz. Çünki dollar yeganə valyutadır ki, dünyanın bütün maliyyə bazarlarında fəaliyyət göstərir”.
V.Əhmədovun sözlərinə görə, FED-in son qərarı birbaşa olmasa da, maliyyə bazarında müəyyən qədər ajiotaj yarada bilər:
"Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma hələlik milli valyutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. Manatın xarici valyutalara kursu maliyyə institutlarının verdiyi tələb və təkliflər əsasında, o cümlədən neftin dünya bazarındakı qiyməti, idxal-ixrac əməliyyatları ilə tənzimlənir və sonda üzən məzənnə siyasəti ilə müəyyənləşir. İnanmıram ki, yaxın günlərdə FED-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FED uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.
İqtisadçı-ekspert Pərviz Heydərov isə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsini 1,25 faiz qaldırmasının son dövrlər üçün çox yüksək nəticə olduğunu deyib. Onun sözlərinə görə, ABŞ-da 2008-ci il böhranından sonra mərkəzi bank üzrə uçot dərəcəsi 4-cü dəfədir ki, qaldırılır. Bunadək 2015-ci ilin dekabrında, 2016-cı ilin dekabrında, bu ilin martında hər dəfə də 0,25 faiz qaldırılmışdısa, indi bu artım beşqat olub:
"ABŞ iqtisadiyyatı çətin durumdan artıq tamamilə çıxıb. Hökumət qarşıya qoyduğu bütün məqsədlərə çatıb - işsizlik məqbul səviyyədə, yəni 5 faizdən aşağı, inflyasiya 2 faiz civarında, iqtisadi artım 1-2 faiz ətrafında təşkil edir. Odur ki, FED tərəfindən kəmiyyət yumşaldılması dayandırılıb, balansın azaldılması və faiz dərəcəsinin tədricən artırılması kimi tədbirlər prioritet vəzifəyə çevrilib”.
Bu addımdan sonra dolların möhkəmlənməsi ehtimalının böyük olduğunu vurğulayan iqtisadçı bunun Azərbaycan iqtisadiyyatına mümkün təsirlərini də açıqlayıb və dolların möhkəmlənməsinin nefti ucuzlaşdırdığını deyib:
"Enerji resurslarının ucuzlaşması isə dövlət gəlirləri bundan asılı olan ölkələrin iqtisadiyyatlarını çökdürür, ümumən dünya üzrə iqtisadi artımı aşağı salır. Təbii ki, bundan biz də ziyan çəkirik. Martdakı artım nəticəsində dollar o qədər də çox möhkəmlənməmişdi, lakin indi buna ehtimal böyükdür. Hazırda ölkədə yeni iqtisadi modelə transformasiya gedir. Bu isə uzunmüddətli prosesdir. Bunun nəticəsini qısa müddət ərzində gözləmək olmaz. Söhbət, ümumi nəticədən gedir. Ümumi nəticə isə ondan ibarətdir ki, makroiqtisadi göstəricilərdə möhkəm dayanıqlıq əldə olunsun və xarici maliyyə, xammal bazarlarındakı dəyişikliklər iqtisadiyyata az təsir göstərsin”.
Şəymən