Sahib Məmmədov: “Təəssüf ki, bu olanlar tikintidə özbaşınalıqların olmasından xəbər verir”
"Tikinti zamanı işçi ölümü baş verdikdə əvvəlcə fəhlənin əmək müqaviləsinin olub-olmadığını araşdırmaq lazımdır”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov deyib.
Liqa sədri bildirib ki, işə götürən şəxsin fəhləni bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalaması da əsas məsələlərdən biridir:
"Praktikaya baxsaq, əvvəlki illərdə tiktinti sahəsində işlər qeyri-rəsmi, sənədsiz və əmək müqaviləsi olmadan görülürdü. Bütün bunlar isə qanunun kobud surətdə pozulması demək idi. Fəhlənin 13-cü mərtəbədən yıxılması hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Amma bu kifayət etməyəcək.
Baş verən hadisədə işə götürən tərəfin digər məsuliyyətləri də ortaya çıxır. İşçinin əmək müqaviləsi yoxdursa, bunun hansı səbəbdən olduğunu aydınlaşdırmaq lazımdır. Əgər müqavilə yox idisə, deməli hüquqi şəxs icbari sığorta bağlamadığına görə 5 min manat məbləğində cərimə olunmalıdır. Eyni zamanda əmək müqaviləsi bağlamadığı üçün hüquqi şəxsin 20 min manat inzibatı məsuliyyəti olur. Qanunvericiliyə görə, istehsalatda bədbəxt hadisə baş verirsə, bu "İcbari sığorta haqqında qanunla” tənzimlənir.
Əmək Məcəlləsində də göstərilir ki, bütün hallarda işçinin sağlamlığına dəyən ziyan və onun həyatını itirməsi ilə bağlı məsuliyyət işəgötürənin üzərindədir. Əgər fəhlənin əmək müqaviləsi və sığortası yox idisə, işəgötürən könüllü olaraq fəhlənin nə qədər maaşı olduğunu boynuna almalıdır. Bu məbləğ ölən şəxsin vərəsələrinə kompensansiya olaraq ödənilməlidir. Yox əgər işçinin sığortası var idisə, həmin pulu sığorta şirkəti ödəməlidir. Adətən tikinti zamanı belə hallar yaşananda cinayət işi başlanılır, sonra da məsələyə xitam verilir. Məhkəmə yalnız o zaman başa çatır ki, kütləvi sürətdə ölüm halları baş versin. Əgər istehsalatda bir neçə şəxs ölürsə, cinayət işinin nəticəsi olur. Təəssüf ki, bu olanlar tikintidə özbaşınalıqların olmasından xəbər verir”.
Qeyd edək ki, Bakıda fəhlə 13-cü mərtəbədən yıxılaraq dünyasını dəyişib. Hadisə Nərimanov rayonu, Mövsüm Sənani küçəsi 63 ünvanında baş verib. Həmin ünvanda inşa edilməkdə olan yeni binada çalışan 55 yaşlı Elçin Əliyev iş prosesi zamanı 13-cü mərtəbədən yıxılıb.
Yeganə Bayramova