Qan Turalı: “Mən özümü roman janrında daha yaxşı ifadə edirəm”
Amma təəssüf ki, romana sədaqətli qala bilmirəm
Gənc yazar Qan Turalı yeni "Fələk qırmancı” romanının imza gününü keçirib. Gənc Tamaşaçılar Teatrında baş tutan tədbirə yazarın yaxın qələm dostları, oxucuları qatılıb.
Oxucuları ilə romanı haqqında danışan Qan Turalı bu kitabın onun yaradıcılığında önəmli yer tutduğunu deyib.
Yeni işıq üzü görən romanın adı mərhum yazıçı Mehdi Bəyazidin yazmaq istəyib, yaza bilmədiyi romanının adından götürülüb. "Fələk qırmancı” romanı "Mütərcim” nəşriyyatında "Azərbaycan Yaradıcılıq Fondunun kitabxanası” seriyasından Səhər Əhməd redaktorluğu ilə çap olunub.
Təqdimat sonrası Qan Turalı təəssüratlarını "Şərq”lə bölüşüb:
- Romanınızın təqdimatı necə keçdi?
- Bir yazar kimi mənim üçün çox maraqlı idi. Ümid edirəm ki, oxucular üçün də xoş oldu.
- Qələm dostlarınız da sizi tək buraxmayıblar. Onları özünüzmü dəvət etmişdiniz?
- Yox əslində. Çox dostlarımı dəvət etməmişdim. Oxucular çox idi və belə olması daha yaxşıdır. Dostlarım da gəlmişdi əlbəttə, onlarsız olmaz.
- Yeni romanınızın süjet xətti nədən ibarətdir?
- Roman iki paralel süjetdən ibarətdir. Birinci süjetdə qədim Azərbaycan tarixi ilə bağlı hadisələr işıq üzü görür. Müasir roman isə bir yazıçı haqqındadır və hər iki hissə üzvi şəkildə biri-birinə bağlıdır. Bu romana özüm də çox inanıram və ümid edirəm ki, bu roman Azərbaycan oxucusunun da zövqünü oxşayacaq.
- Bir məqam maraqlıdır... Əsərlərinizdəki obrazlar təxəyyülünüzün məhsuludur, yoxsa reallıqla əlaqəsi var?
Hər şeydən var, Aysel. Təxəyyül, həyat, oxuduqlarım, hiss etdiklərim... Hər şey...
- İndiyə kimi esseləriniz, romanlarınız, şeirləriniz dərc olunub. Bundan sonra yaradıcılığınızda başqa janrlara da yer vermək fikriniz varmı?
- Mən özümü əslində ən çox roman janrında daha yaxşı ifadə edə bilirəm. Amma təəssüf ki, romana sədaqətli qala bilmirəm. "Mustafa” romanımdan bu yana iki kitabım çıxıb. Bundan sonrakı kitabım nəsr kitabı da ola bilər, esseistika da. Amma dəqiq roman olmayacaq. Üzərində çalışdığım bir roman yoxdur. Bitirdiyim bir povest var. Tezliklə ədəbi jurnallarda çap etdirəcəyəm. Amma içimdə bir roman uğultusu da eşidirəm. Lakin bu xeyli zaman alacaq.
- Yeni povestinizin mövzusu nədir?
- Qısaca deyəcəm. Qədim bir əfsanə əsasında müasir dövrdə yaşayan bir aktyorun həyatı.
- Romanlarınıza bir neçəsini də əlavə etmək istəyirsiniz?
- Birini... Roman asan deyil. Üç ildən çox zaman alır. Ona görə də ancaq birini əlavə etmək olar. Lakin dediyim kimi, üzərində işlədiyim bir roman yoxdur.
- Müasir dövrdən yazırsınız ən çox. Bəs oxucular necə? Sizcə, qəlibləşmiş klassik əsərlərə daha çox üstünlük verirlər, yoxsa müasir fikirləri, obrazları əks etdirənlərə?
- Oxucular müasir əsərləri seçir, oxuyur. Bunu müşahidə etmək çətin deyil və bu, qanunauyğun prosesdir. Mütəmadi kitab oxuyan bir insan nəyə görə qəlibləşmiş düşüncələrə inansın, tapınsın ki?
- Mütəmadi kitab oxuyanların sayı qaneedicidirmi?
- Qaneedici deyil. Potensial daha çoxdur. İnanıram ki, daha yaxşı olacaq.
- Təqdimatınızda bir şey də diqqətimi çəkdi. Əvvəl çap edilən kitablarınıza da maraq kifayət qədər idi. Bu haqda nə deyə bilərsiniz?
- Kitabdı da. Elə oxucu olur ki, prosesə sonradan qovuşur. Bu proses daimi getməlidir. Yaxşı kitab heç zaman köhnəlmir.
- Adınızdan oxucularınıza nə çatdırım?
- Hələ çox sözüm var oxuculara deyəsi.
Aysel Aslan